«Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə münasibətləri böyük əhəmiyyət kəsb edir. Əməkdaşlıq etdiyimiz ölkələrin sayının çox olması həm siyasi, həm də iqtisadi baxımdan önəmlidir. Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə əməkdaşlıq böyük bir coğrafiyada əlaqələri daha da genişləndirmək anlamına gəlir. Dövlət başçısı İlham Əliyev fəxri qonaq qismində qatıldığı Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində bildirdi ki, Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları davamlı olaraq inkişaf edir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verib.»
Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.
Kamran Bayramov vurğulayıb ki, Prezident İlham Əliyevin Sammitdə dərin məzmunlu çıxışı əlverişli coğrafi məkanda yerləşən, zəngin təbii resurslara malik olan Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanlarının təqdimatında da əhəmiyyətli rol oynadı: "Diqqəti daha çox tarixi Zəfərimizdən sonrakı dövrdə ölkəmizin qeyd olunan istiqamətlərdə qazandığı uğurlara yönəldən dövlət başçısı bildirdi ki, Azərbaycanla ŞƏT-i ortaq məxrəcə gətirən çoxsaylı iqtisadi amillər sırasında «Bir kəmər, bir yol» layihəsinin önəmini xüsusi qeyd edə bilərik. Bu layihə bir neçə il bundan əvvəl iqtisadi potensialı baxımından ŞƏT-in ən güclü üzvlərindən olan Çinin siyasi rəhbərliyinin təşəbbüsü ilə gündəmə gəlib. Bu, Avropa ilə Asiya arasında böyük coğrafiyada yerləşən ölkələri birləşdirən meqa layihədir. Layihənin reallaşması Çinin özünün və kəmərə inteqrasiya imkanı olan ölkələrin böyük bazarlara çıxışını asanlaşdıracaq. Yüklər iştirakçı ölkələrin koordinasiyalı fəaliyyəti sayəsində ünvanlara tez, rahat və ucuz çatdırılacaq. İndiyədək Çin «Bir kəmər, bir yol» layihəsinin reallaşdırılmasına böyük həcmlərdə investisiyalar yönəldib. Azərbaycan yeni dəhliz üçün mühüm məntəqələrdən biri sayılır. Bu da onunla bağlıdır ki, ölkəmiz beynəlxalq səviyyəli Şərq-Qərb və Şimal-Cənub marşrutlarının kəsişməsində yerləşir. Ölkəmizdə hər iki dəhliz üzrə müasir infrastruktur qurulub. Perspektivdə açılacaq Zəngəzur dəhlizi isə mövcud infrastruktura inteqrasiya ediləcək və beləliklə də, ölkəmizin ərazisində daşımaların şaxələndirilməsi imkanları daha da genişlənəcək. Ölkə başçımızın uzaqgörənliyi sayəsində Azərbaycan Şərqlə Qərb, Şimalla Cənub nəqliyyat dəhlizinin qovşağına çevrilib."
Millət vəkili diqqətə çatdırıb ki, bu gün Azərbaycan 2020-ci il İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir: «Azərbaycan 18 təyyarə ilə regionumuzda ən böyük mülkü hava yük donanmalarından birinə malikdir. 2024-cü ilin sonuna qədər ölkədə beynəlxalq hava limanlarının ümumi sayı 7-dən 9-a çatdırılacaq. Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra əməkdaşlıq edən ölkələrinin nəqliyyat imkanları artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaq. Azərbaycan Xəzər dənizində ən böyük mülkü yük donanmasına malikdir və Bakı Gəmiqayırma Zavodu bütün növ gəmilər istehsal edə bilir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər. Bu ilin ilk 7 ayında Azərbaycan ərazisindən keçən tranzit 50 faizə yaxın artıb. Son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib.»
Deputat əlavə edib ki, dövlət başçısı Şanxay Əməkdaşlıq Təşkilatının Sammitindəki çıxışında və keçirdiyi ikitərəfli görüşlərdə Azərbaycanın 30 illik işğal və son iki ilə yaxın postmünaqişə dövrünün reallıqlarına bir daha diqqəti yönəltdi: «Bildiyimiz kimi, ŞƏT kifayət qədər böyük gücə malik olan ölkələri sıralarında birləşdirir. Azərbaycanın qurumla əməkdaşlığı, dövlət başçısı İlham Əliyevin Sammitdə fəxri qonaq qismində iştirakı və dərin məzmunlu çıxışı mövcud düzən fonunda ölkəmiz üçün mühüm əhəmiyyət daşıyır.
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir