20 sentyabr 2022 12:27
798

Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq

Şanxay əməkdaşlıq təşkilatı 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Hazırda ŞƏT-in 8 üzvü – Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan, 4 müşahidəçi üzvü – Əfqanıstan, İran, Monqolustan, Belarus və 9 dialoq tərəfdaşı – Azərbaycan, Türkiyə, Şri-lanka, Kamboca, Nepal, Ermənistan, Misir, Qətər, Səudiyyə Ərəbistanı var. Təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi, siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə effektiv əməkdaşılığın inkişaf etdirilməsi, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılmasından ibarətdir.

Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahibdir. 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizim mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib. Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühim rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir. Hazırda ŞƏT-ə Özbəkistan sədrlik edir.

Sentyabrın 16-da Səmərqənddə Şanxay əməkdaşlıq təşkilatına üzv ölkələrin Sammiti keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ŞƏT-in Səmərqənddəki Zirvə görüşündə Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə fəxri qonaq qismində iştirak etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistanın Səmərqənd şəhərində keçirilən ŞƏT-in Sammitinə dəvət olunması ölkəmizin və Azərbaycan Respublikası Prezidentinin dünyada olan nüfuzunun göstəricisidir. Sammitdə çıxış edən Prezident İlham Əliyev regionda və sərhəddə törədilən təxribatları həmkarlarının diqqətinə çatdırdı. Cənab Prezident Azərbaycanın dünya iqtisadiyyatının daha da inkişafı üçün həyata keçirdiyi beynəlxalq layihələrin, Şimal-Cənub, Şərq-Qərb, Şimal-Şərq dəmir və avtomobil yollarının və bu istiqamətdə Zəngəzur dəhlizinin əhəmiyyətini vurğuladı. Prezident İlham Əliyevin Səmərqənddə baş tutmuş Beynəlxalq Sammitdə iştirakı, çıxışı, həmkarları ilə ikitərəfli görüşləri birbaşa Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə istiqamətlənmiş böyük siyasətə xidmətdir.

Həmidə Ələfsərova,
Kimya-biologiya təmayüllü respublika liseyinin həkim-pediatrı