19 sentyabr 2022 23:22
732

Səmərqənd Sammiti Azərbaycanın sözünün imzası qədər əhəmiyyətli olduğunu bir daha təsdiqlədi

Dövlət başçısı İlham Əliyev fəxri qonaq qismində qatıldığı Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitindəki çıxışında bir daha bəyan etdi ki, bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsizliyi narahatlıq doğurur

Dövlətimizin xarici siyasətində ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulması və yeni prioritetlər üzrə inkişafı əsas yer tutur. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev müstəqillik yollarında ilk addımlarını atan dövlətin qarşısında dayanan vəzifələrdən bəhs edərək onun beynəlxalq aləmdə yeri və rolunun artmasında ikitərəfli və çoxtərəfli əlaqələrin qurulmasının vacibliyini önə çəkirdi. Azərbaycanın düzgün müəyyənləşdirdiyi siyasət bütün sahələrdə davamlı uğurlara imza atmasını, eyni zamanda, sözünün imzası qədər əhəmiyyətli olduğunu şərtləndirir.

Azərbaycan tarixi Zəfərə imza atdı. Bu Zəfərin hansı uğurlara, həmçinin perspektivlərə yol açdığı bugünümüzün reallıqlarında, prioritetlərdə öz əksini tapır. Azərbaycan yaratdığı yeni reallıqlar əsasında yeni əməkdaşlıq formatlarını da gündəmə gətirir ki, bu da öz növbəsində bütün dövrlər üçün öz aktuallığını saxlayan iqtisadi imkanların genişlənməsində öz sözünü deyir. Bir mühüm məqamı da qeyd etmək istərdik ki, tarixi Zəfərimiz hər zaman ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqeyi ilə dünya birliyində layiqli yer tutan Azərbaycanın regional və beynəlxalq təşkilatlarda mövqeyini daha da möhkəmləndirdi.

Məlum olduğu kimi, dövlət başçısı İlham Əliyev Özbəkistan prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Sammitində iştirak etmək üçün Səmərqəndə səfər etdi. Dövlət başçısı səfər çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirərək, bugünümüz üçün aktual olan məsələlər ətrafında fikir mübadiləsi apardı. Ermənistan silahlı qüvvələrinin Azərbaycan -Ermənistan sərhədində törətdiyi təxribatdan geniş bəhs etdi.

Sentyabrın 16-da Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitinə fəxri qonaq qismində qatılan dövlət başçısı İlham Əliyev çıxış etdi. Onu da qeyd edək ki, Azərbaycan ilk dəfə olaraq qurumun Sammitində qonaq qismində dəvət olunur. Qeyd edək ki, Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahibdir. 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib. Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir. Bu məsələlərin fonunda onu da qeyd edək ki, təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi; siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə effektiv əməkdaşlığın inkişaf etdirilməsi; regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılmasından ibarətdir.

Tarixi Zəfərimizin yeni reallıqlar yaratdığı hazırkı dövrdə əsas məsələ bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasıdır. Azərbaycan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından, yəni hərbi-siyasi Qələbəmizin, Ermənistanın kapitulyasiysının təsdiqindən sonra sülh müqaviləsinin imzalanmasını təklif etdi. Ölkəmizin istər üçtərəfli Bəyanatın müddəalarından irəli gələn öhdəliklərin yerinə yetirilməsi, istərsə də Ermənistanla münasibətlərinin normallaşdırılması istiqamətində göstərdiyi səylər beynəlxalq səviyyədə də təqdir edilir. Azərbaycanın müəllifi olduğu Brüssel gündəliyi bunun bariz nümunəsidir. Digər tərəfdən hazırkı dövrdə regionda sülhün və təhlükəsizliyin təmin olunmasında, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasında vasitəçilik missiyasını yerinə yetirən Avropa İttifaqının göstərdiyi səylər dövlətimiz tərəfindən yüksək dəyərləndirilir. Sentyabrın 17-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin ölkə Prezidenti İlham Əliyevə telefon zəngi zamanı müzakirə olunan məsələlər də deyilənlərin bariz nümunəsidir. Belə ki, telefon söhbəti zamanı regionda davamlı sülhün təmin olunması, gərginliyin aradan qaldırılması, əldə olunmuş atəşkəs razılaşmasının təmin edilməsi və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesi ilə bağlı fikir mübadiləsi aparıldı.

Dövlət başçısı İlham Əliyevin Səmərqənd Sammitində səsləndirdiyi mesajlar təbii ki, beynəlxalq təşkilatları ciddi düşündürməlidir. «Bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsizliyi narahatlıq doğurur» söyləyən dövlət başçısı İlham Əliyev bu reallığı da diqqətə çatdırdı ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən dörd qətnamə qəbul etdi. Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində yerinə yetirildiyi halda, bizim vəziyyətimizlə bağlı qəbul olunmuş qətnamələr 27 il ərzində icra olunmamış qaldı. Azərbaycan Qarabağ münaqişəsini özü hərbi-siyasi yolla həll edib və Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələrinin icrasını təmin edib.

Cənab İlham Əliyevin bu mesajları 30 illik işğal dövründə təcavüzkar Ermənistana dəstək olub onun sülh danışıqlarından imitasiya naminə istifadə etməsinə imkanlar yaradan əksər dünya güclərini də ciddi düşündürməlidir. Məlumdur ki, aprelin 6-da Brüsseldə keçirilən görüşdə Azərbaycan tərəfinin irəli sürdüyü 5 prinsip Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən qəbul olundu ki, bu da tərəflərin biri-birinin suverenliyini və ərazi bütövlüyünü tanımasının təsdiqidir. Avqustun 31-də keçirilən görüşdə isə Ermənistanın baş naziri Nikol Paşinyan sülh müqaviləsinin imzalanması üçün Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin danışıqlara başlamasının vacibliyini təsdiqlədi. Bu kimi nəticələrdən sonra Ermənistan silahlı qüvvələrinin sentyabrın 12-dən 13-ə keçən gecə Azərbaycan-Ermənistan sərhədində genişmiqyaslı təxribat törətmələri birmənalı qarşılana bilməz. Bu, öncədən hazırlanan planın tərkib hissəsidir.

Dövlət başçısı İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatınına üzv ölkələrin Səmərqənd Sammitində bir daha diqqəti Ermənistanın törətdiyi təxribata yönəldərək bildirdi ki, təəssüf ki, bu il sentyabrın 13-də Ermənistan Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törətdi. Azərbaycan silahlı qüvvələri bu təxribatın qarşısını qətiyyətlə aldı. Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbədir. Buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Azərbaycan Prezdientinin Şanxay Əməkdaşlıq Təşkilatının tribunasından Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə dolğun şəkildə çatdırması fonunda üzv ölkələrdən ərazi bütölüyümüzə dəstək ifadə edildi, Ermənistan təxribat əməllərinə görə qınanıldı.

Ümumilikdə Səmərqənd Sammiti istər tarixi Zəfərimizin reallıqlarının, istərsə də Azərbaycanın bu və ya digər sahələrdə malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynadı. Təşkilatın Sammitində fəxri qonaq qismində iştirak edən Azərbaycan Prezdentinə Özbəkistan Prezidenti hörmətini belə ifadə etdi: Sizi əziz dost və qardaş kimi salamlayıram. Dövlət başçısı İlham Əliyev isə bildirdi ki, biz qardaş, dost ölkə olaraq yenidən birləşdik və əlaqələrimizdə yeni məzmun yaradırıq.

Səmərqənd Sammiti Azərbaycanla təşkilat arasında əlaqələrin gələcək inkişafına işıq saldı. Azərbaycanın beynəlxalq hüquqa və ədalətə əsaslanan siyasəti onun sözünün imzası qədər əhəmiyətli olduğunu təsdiqləyir. Dövlət başçısı İlham Əliyev bu məqama da diqqət yönəltdi ki, 2019-cu ildən Azərbaycan 120 ölkəni birləşdirən, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edir. Bizim sədrliyimiz yekdilliklə daha bir il - 2023-cü ilə qədər uzadılıb və bu, ölkəmizə olan hörmətin və etimadın göstəricisidir. Azərbaycan öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcək.

Yeganə Əliyeva, «İki sahil»