17 sentyabr 2022 20:29
832

Dövlət başçımızın alnı açıq, başı dik duruşu dövlətimizin gücü, xalqımızın ləyaqət simvoludur

Cənab Prezident İlham Əliyev çıxışlarında hər zaman bildirir ki, "Bu gün dünyada güc amili ön plandadır, beynəlxalq hüququn norma və prinsipləri işləmir. Beynəlxalq təşkilatlar isə faktiki olaraq fəaliyyəti formal şəkildə davam etdirir". Dövlət başçımızın bir digər müdrik fikri xalqa məhz o danılmaz reallığı da aşılayır ki, Zəfəri qoruyub-saxlamaq onu əldə etməkdən də çətindir. Məhz bu baxımdan da Azərbaycanın hərtərəfli cəhətdən güclü olması lazımdır ki, əldə edilən nailiyyətlər bizi yeni nailiyyətlərə səsləsin, perspektivlərə fokuslandırsın. Güc deyərkən heç şübhəsiz ki, onun həm sərt, həm də yumşaq komponentlərinin inkişaf etdirilməsi, möhkəmləndirilməsi nəzərdə tutulur. İlkin olaraq, Azərbaycan hərbi cəhətdən güclü olmalı idi. Bu baxımdan da cənab İlham Əliyevin ordu quruculuğu istiqamətində atdığı addımların nəticəsidir ki, Ermənistanın son təxribatlarının qarşısı bir daha qətiyyətlə alındı, geriyə dönüşün mümkünsüzlüyü isə bir daha sübut olundu.   Güclü olmağımızın ikinci və ən az birinci qədər vacib tərəfi ideoloji, psixoloji və mənəvi-emosional ruh baxımından yüksək əhval-ruhiyyədə olmağımız, çirkin, öz milli maraqlarımıza uyğun olmayan, cavab verməyən təxribatlara uymamağımızdır. Müharibənin hər günü xalqa müraciət edən dövlət başçımız bildirirdi ki, bütün dünya bizim qətiyyətimiz qarşısında duruş gətirə bilmir. Məhz bu ab-hava yenə də qorunub saxlanılmalı, dövlətimizin, dövlət başçımızın yanında daha qətiyyətlə dayanmalıyıq. Dünyanın siyasi mənzərəsini azca yaxından izləmək kifayət edir ki, qlobal rəqabətin lokallaşdırılmaması istiqamətində dövlət başçımız necə çətin, mürəkkəb proseslər fonunda hansı təhlükələri dəf edir. Dövlət başçımızın bütün beynəlxalq platformalarda olduğu kimi Şanxay Əməkdaşlıq Təşkilatının Özbəkistanın Səmərqənd şəhərində keçirilən sammitində də Azərbaycan xalqının milli maraqlarını bütün amillərin fövqündə tutaraq alnı açıq, başı dik duruşu dövlətimizin gücü, xalqımızın ləyaqət simvoludur. Dünya liderlərinin sammit çərçivəsində hətta ayaqüstü olsa belə dövlət başçımızla ünsiyyət qurmağa,  fikir mübadiləsi aparmağa can atması məhz gücümüzün göstəricisidir. Bu reallığı yaradan isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında xidmət edən ən yüksək rütbəli hərbçimizdən tutmuş siravi əsgərimizə qədər olan qəhrəman, mərd Azərbaycan oğullarıdır. Reallıq budur ki, heç bir müharibə itkisiz olmur. Əsas odur ki, ömürdən pay versək də, düşmənə bir qarış torpaq vermirik. Şəhid evdən yox, eldən gedir. Allah bütün şəhidlərimizə rəhmət etsin, yaralılarımıza şəfa versin.

Azərbaycan işğaldan azad etdiyi tarixi torpaqlarına yenidən həyat gətirir, nəfəs verir, Ermənistan isə öz məkirli əməlləri ilə bir tərəfdən bu prosesə mane olmağa çalışırsa, digər tərəfdən də böyük güclərin əlində alət olmaq siyasətini davam etdirərək onların çirkin planları üçün əlverişli şərait yaradır. Bir tərəfdə qurucu xalq və dövlət, digər tərəfdə yırtıcı dövlət, pozucu toplum.

Ermənistanın 13 sentyabr tarixli son təxribatı ölkəmizdə siyasi sabitliyin və həmrəylik mühitinin qorunmasında başlıca amil kimi çıxış edən Xalq-Dövlət birliyini daha da möhkəmləndirdi. Azərbaycan xalqı müdrik xalqdır, kimin kim olduğunu, anti-milli dəyirmanların isə hardan qidalanaraq döndüyünü də gözəl bilir.

Xalqımız heç kimə yox, öz Liderinə güvənir və əmindir ki, çıxılan bu yol bayrağımızın daima ən yüksəklərdə dalğalandırılmasına, xalqımızın isə daha firəvan yaşamasına hesablanıb.

Şəbnəm Həsənova,

Politoloq