16 sentyabr 2022 23:58
690

Azərbaycan ilə Özbəkistan arasında ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcuddur

Azərbaycanın  Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində ilk dəfə iştirak üçün dəvətli olması ölkəmizin, Prezident İlham Əliyevin beynəlxalq nüfuzunun, siyasi çəkisinin təqdimatıdır   

Azərbaycanın xarici siyasətində türkdilli dövlətlərlə əlaqələrin inkişafı xüsusi yer tutur. Cənab İlham Əliyev daim bu çağırışı edir ki, gücümüz birliyimizdədir. Bu birliyin, həmrəyliyin möhkəmləndirilməsinə Azərbaycanın töhfələri davamlılığı ilə diqqət çəkir və daim yüksək dəyərləndirilir. Bu töhfələrin ümumiləşdirilmiş ifadəsi olaraq dövlət başçısı İlham Əliyevə ötən il Türk Dünyasının Ali Ordeninin təqdim edilməsini qeyd edə bilərik.

Azərbaycanın türkdilli dövlətlərlə  istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələri yüksələn xətlə inkişaf edir. Münasibətlərin  yeni prioritetlər üzrə inkişafında qarşılıqlı səfərlər, imzalanan sənədlər əhəmiyyətli rol oynayır. Nəzərə alsaq ki, hər bir sənəd bir istiqaməti özündə ehtiva edir, bu, əlaqələrin inkişafında yeni bir mərhələnin başlanğıcı, yeni bir sahənin inkişafı deməkdir.

Məlum olduğu kimi, Prezident İlham Əliyev sentyabarın 15-də  Özbəkistan  Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində iştirak etmək üçün  Səmərqəndə səfər etdi. Səfər çərçivəsində dövlət başçısı İlham Əliyevin görüşlərinə və müzakirə olunan məsələlərə diqqət yetirsək türk dünyasının birliyində nə qədər maraqlı olduğunu görərik. Belə ki, cənab İlham Əliyev  sentyabrın 15-də Səmərqənddə Özbəkistan  Prezidenti Şavkat Mirziyoyev və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdü.

İlk olaraq onu qeyd etmək istərdik ki, Azərbaycan-Türkiyə birliyi, qardaşlığı  nəinki türk dünyası, ümumiyyətlə, bütün dünya üçün nümunədir.  Təkcə son illərdə iki dost, qardaş, eyni zamanda, müttəfiq   Azərbaycan və Türkiyənin münasibətlərinin inkişaf səviyyəsinə diqqət yetirmək kifayətdir.  Qardaş ölkənin Prezdienti Rəcəb Tayyib Ərdoğan daim bu çağırışı edir ki, Azərbaycan tək deyil. Türkiyə hər zaman Azərbaycanın yanındadır.  Ermənistan silahlı qüvvələrinin  sentyabrın 12-dən 13-ə keçən gecə  Azərbaycan-Ermənistan sərhəddində törətdiyi gərginlik Türkiyədə böyük narahatlığa səbəb oldu. Türkyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın  dövlət başçısı İlham Əliyevlə telefon danışığında  da bu narahatlıq öz əksini tapmışdır.  Cənab İlham Əliyevin Özbəkistana səfəri zamanı   Prezident Rəcəb Tayyib Ərdoğan  görüşdə bir daha  Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatların qarşısının alınması zamanı hərbi qulluqçularımızın şəhid olması ilə bağlı Prezident İlham Əliyevə, Azərbaycan xalqına və həlak olanların yaxınlarına başsağlığı verdi.  Görüşdə Azərbaycanın və Türkiyənin daim bir-birinin yanında olduqları bir daha qeyd edildi. Ölkələrimizin strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı. Dövlət başçıları energetika, nəqliyyat, logistika və digər sahələrdə əməkdaşlığa dair birgə layihələri müzakirə etdilər və gələcək təmaslarla bağlı fikir mübadiləsi apardılar.

Dövlət başçısı İlham Əliyevin Özbəkistana səfəri iki dost ölkənin münasibətlərində yeni mərhələ kimi dəyərləndirilir. Bir mühüm məqamı qeyd etmək istərdik ki, Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və rolunun daha da möhkəmlənməsinə, ikitərəfli əlaqələrin inkişafına öz müsbət təsirini göstərdi. Bu baxımdan Azərbaycan-Özbəkistan əlaqələri də diqqətçəkəndir. Cənab İlham Əliyevin bu ilin  iyun ayında Özbəkistana rəsmi səfəri, səfər çərçivəsində imzalanan sənədlər, iki ölkənin əməkdaşlıq gündəliyinin  daha da genişlənməsinə xidmət edən addımlar münasibətlərimizin inkişafına stimul  oldu. Belə ki, cənab İlham Əliyevin  Özbəkistana dövlət səfərinin gündəliyinə Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və çoxşaxəli əməkdaşlığın genişləndirilməsi məsələləri daxil oldu.  Səfər zamanı keçirilən görüşlərdə iki dövlətin liderləri qarşılıqlı ticarətin həcminin artırılmasına, biznes və regional səviyyədə əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə, iqtisadiyyatın müxtəlif sahələrində birgə investisiya layihələrinin təşviqinə, nəqliyyat və tranzit sektorunda imkanlardan səmərəli istifadə edilməsinə xüsusi diqqət yetirdilər. Dövlət başçıları, həmçinin  beynəlxalq və regional vəziyyətlə bağlı fikir mübadiləsi apardılar, çoxtərəfli strukturlar çərçivəsində intensiv dialoqun və qarşılıqlı dəstəyin inkişafı məsələlərini müzakirə etdilər. Səfər zamanı bir sıra mühüm sənədlər də imzalandı.  Həmin sənədlər arasında “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş” xüsusi vurğulanmalıdır.

Qeyd edək ki, Azərbaycanla Özbəkistan arasında  diplomatik münasibətlərinin 1995-ci ildə  qurulmasına baxmayaraq, xalqlarımız arasında  tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni etnik kökə malik olan hər iki xalq arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır. Ölkələrimiz müstəqilliklərini bərpa etdikdən sonra- 1996-cı ilin ortalarında Azərbaycanın Özbəkistanda, 1998-ci ilin mayında Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb.

Hələ Sovetlər Birliyi  dönəmində hər iki xalq arasında mədəni əlaqələr inkişaf edib. Tarixə qısa nəzər salaq. Belə ki, ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistanda sığınacaq tapıb. 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra Daşkəndin bərpasında azərbaycanlılar da yaxından iştirak ediblər. Bu gün 68 minə yaxın azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir.

Dövlət başçısı İlham Əliyev səfər zamanı  Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşündə də bu kimi məqamlar xüsusi qeyd edildi və əlaqələrimizin inkişafı üçün bütün imkanların mövcudluğ vurğulandı.

Bu məqamı da qeyd etməliyik ki, Özbəkistan  artıq tarixə qovuşmuş  Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyib. 2021-ci il martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanı Qarabağın qaytarılması və tarixi ədalətin bərpa olunması münasibətilə təbrik etdi. Həmin ilin noyabrında İstanbulda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə isə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Özbəkistanın vəsaiti hesabına Füzulidə böyük məktəb inşa ediləcəyini bildirdi. Artıq bu istiqamətdə işlər görülür.

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri yüksələn xətlə inkişaf edir. Qeyd edək ki,  Qırğız Respublikasının Prezidenti 2022-ci ilin aprel ayında Azərbaycana səfər etdi. Səfər zamanı “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyənnamə”nin imzalanması iki ölkə arasındakı münasibətləri strateji səviyyəyə yüksəldir. Həmçinin Qazaxıstan ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Təsadüfi deyil ki, Qazaxıstan Prezidenti Kasım Jomərt Tokayev avqust ayının 24-də ölkəmizdə səfərdə oldu.

Qarşılıqlı səfərlər həm ikitərəfli münasibətlərin inkişafına, həm də beynəlxalq təşkilatlarda əlaqələrin inkişafına mühüm təsir göstərir.    Dövlət başçısı İlham Əliyevin Özbəkistana səfərinin əsas məqsədinə diqqət yetirsək  Azərbaycanın istər qardaş ölkədə, istərsə də türk dünyasında  yeri və rolunun aydın mənzərəsini yaratmaq mümkündür. Nəzərə alsaq ki, Azərbaycan  Şanxay Əməkdaşlıq Təşkilatının üzvü deyil, eyni zamanda,  Sammitdə ilk dəfə iştirak üçün dəvətlidir, bu halda  münasibətlərimizin  hazırkı inkişaf səviyyəsini təqdim etmək çətin deyil.  Dövlət başçısı İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşündə də bu məqamlara xüsusi diqqət yönəltmişdir.  Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında dialoq tərəfdaşı statusuna sahib olduğunu vurğulayan Prezdient İlham Əliyev  ölkəmizin ilk dəfə məhz Özbəkistanın sədrliyi dövründə fəxri qonaq qismində Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısına dəvət olunduğunu diqqətə çatdırdı və uğurlu sədrlik münasibətilə Prezident Şavkat Mirziyoyevi təbrik etdi.

Qısa təhlil əsasında Azərbaycanın xarici siyasətinin prioritet istiqamtərinə nəzər saldıq və bu qənaət təsdiqləndi ki, tarixi Zəfərimiz münasibətlərdə yeni mərhələnin başlanmasına stimul olmaqla yanaşı, Azərbaycanın nüfuzunu, siyasi çəkisini daha da artırdı. Ədalətə, beynəlxalq hüquqa əsaslanan siyasət, eyni zamanda, etimad mühitinin mövcudluğu  əlaqələrin inkişafına əsas yaradır.

Yeganə Əliyeva, «İki sahil»