16 sentyabr 2022 23:41
1568

Sənə təcili ar və namus lazımdır Altay Göyüşov!

Bu sözlər “mənə Zəngəzur-filan lazım deyil” deyən, torpaqlarını müdafiə edən Azərbaycanı buna görə utanıb-qızarmadan qınayan və özünü tarixçi adlandıran başabəla Altay Göyüşovun ünvanınadır. İnsan öz soyundan-kökündən nə qədər üz çevirməlidir ki, bu cür ifadələr işlətsin? Özü də bu ifadələri Azərbaycanda tanınmış tarixçi alimin "tarixçi" oğlu deyir. Onun dediklərindən belə çıxır ki, biz torpağımızı nahaq müdafiə edirik, onun azadlığı və toxunulmazlığı üçün canımızı nahaq veririk?

Ermənilərin əleyhimizə danışması, şər-böhtan yağdırması bizi çox da incitmir, çünki bilirik ki, düşməndir və ondan hər pisliyi gözləmək olar. Ancaq ata-babaları Ağdamda doğulan, özü Azərbaycanın çörəyi ilə böyüyən birisinin nankor hərəkəti bizı incidir, belə soydaşımız olduğuna təəssüflənirik.

Ola bilər ki, bəziləri sadəlövhlükdən, bəlkə də bilməyərəkdən səhv addımlar atırlar. Amma Altay Göyüşov deyilənə görə alimdir. İxtisasca Türkiyə və Qafqaz xalqları tarixi müəllimidir və ali məktəbdə uzun illər dərs deyib. Belə olan halda onun yolunu azmasının səbəbi nədir? Tərcümeyi-halı göstərir ki, şəxsi ambisiyası və  təkəbbürü! Onun qərəzli, erməni və xarici düşmən qüvvələrin əlinə dəstəvuz verən fikirləri məhz buna görə bağışlanmazdır. Çünki o bunu bilməzlikdən etmir, qəsdən, məqsədli şəkildə edir. Altay Göyüşovun sığındığı və yarınmağa çalışdığı Qərbdə “academic integrity” və ya “professional integrity” deyilən bir anlayış var, yəni akademik və peşəkar dürüstlük. O, heç olmasa gərək Qərbdə təbliğ olunan bu akademik, peşəkar dürüstlük naminə bu qədər alçaqlıq etməyəydi. Axı, elə Qərbdə də gözəl bilirlər ki, Azərbaycan Ermənistana təcavüz etməyib, əslində qədim torpaqları 30 ildən artıq müddətdə Ermənistanın işğalına məruz qalıb. Bütün bunları bilə-bilə Göyüşovun komfortlu həyat və pul-para müqabilində düşmən dəyirmanına su tökməsinin səbəbi satqınlıqdan başqa bir şey deyil.

Yaxşı olardı ki, Altay açıqlayayadı ki, Vətən torpağı ona lazım deyilsə, bəs nə lazımdır? Əsl tarixçi Vətən torpağının bir ovucunu müqəddəs sayar, onu heç nəyə dəyişməz.  Altay Göyüşova xatırlatmaq istərdik ki, bizim qədim ata-babalarımız torpağı öz canlarından çox seviblər və "Torpaq, üstündə ölən varsa, Vətəndir" deyiblər. Qədim türklər torpaq uğrunda döyüşdə həlak olanları ən uca məqama layiq görərək onları "şəhid" adlandırıblar. Onlar şəhid olmağı özləri üçün böyük şərəf sayıblar. Biz də elə sayırıq. Amma soyundan, kökündən uzaq düşənlər bu şərəfə nail ola bilməzlər. Altay Göyüşov kimi.

Biz təbiətən sülhsevər xalqıq, dara düşənə yardım əlimizi uzadanıq. Həmin əli sərgərdan ermənilərə də uzatdıq, öz torpağımızda sığınacaq verdik. Ayaqlarına yer eləyəndən sonra kimlərləsə birləşib  başımıza gətirdikləri müsibətləri nankor "tarixçi"miz bilməmiş deyil. Amma Azərbaycan isə heç kəsin ərazisinə müdaxilə və ya təcavüz etmədiyi, torpaqlarının 30 il işğal altında qaldığı və genişmiqyaslı hərbi təxribatlara məruz qaldığı halda Altay Göyüşovun cidd-cəhdlə öz dövləti, öz ölkəsi haqqında bəraət verilə bilməyəcək yalan, böhtan fikirlər ifadə etməsi özünü tarixçi-alim hesab edən adam üçün sadəcə olaraq ayıbdır. Belələri həm də xalqımızın utanc yeridir. Qoy Göyüşov utansın ki, hazırda onun kimi xaricdə yaşayan minlərlə azərbaycanlı Ermənistanın təcavüzkar və işğalçı planlarını ifşa edərək həqiqətlərimizi bütün dünya ictimaiyyətinə çatdırırlar. Onlar yaşadıqları ölkələrin vətəndaşlarına Ermənistanın otuz dörd il ərzində azərbaycanlılara yaşatdıqları faciələr barədə səhih məlumatlar verir və bu gün də sülh razılaşmalarını məhz ermənilərin pozduqlarını, sərhədlərimizdə qanlı toqquşmalar törətdiklərini bildirirlər. Bəs bu torpağın çörəyini yeyib suyunu içən, tısbağa kimi qınından çıxıb qınını bəyənməyən Altay nə etdi? Şəxsi ambisiyasının əsiri olan bu adam əlli yeddi yaşında da özünə, sözünə nəzarət edə bilmir.

Görəsən Göyüşov erməni vandalların ata-baba yurdu Ağdamı necə darmadağın etdiyini heç olmazsa, şəkillərdə görübmü? Maraqlıdır ki, Ağdam işğaldan azad ediləndən sonra bir çox başqaları kimi, onun da ürəyi doğma torpağını görmək həvəsi ilə atlandımı? Çətin. Nə tez yaddan çıxdı? Özünü kosmopolit vəziyyətə salmış bir insanın yaddaşı olmur axı. Görəsən Azərbaycanda vaxtilə hamının tanıdığı və hörmət bəslədiyi alim, atası Rəşid Göyüşovu da yaddan çıxarmayıb ki?

Başabəla alimin publik satqınlığı cəmiyyətimizdə rezonans doğurub. Qanında Vətən qeyrəti, torpaq təəssübkeşliyi olan hər kəs Altayın yaramazlığını kəskin tənqid edir. Nilli Məclisin deputatı Fazil Mustafanın fikirləri daha kəskindir:  “Bunlar torpaq itkisinin acısını qaçqın kimi, məcburi köçkün kimi canında yaşamayanlardır. Onlar Qarabağı yenidən bizə qaytaran qələbənin dəyərini anlamayanlardır. Bunlar həm də müstəqilliyimizin parazitləridir. Necə yəni, "nəyimizə lazım torpaq?". Bunu deyən hər kəs mənim üçün ən ləyaqətsiz azərbaycanlıdır!"

Belə çıxır ki, oxumaqla alim olmaq olar, amma şərəfli soydaş, vətənpərvər olmaq olmaz, çünki o, insanın qanında olur. Xarici ölkələrdə kef-damağında olan Göyüşov çətin günərdə ölkəsinə, soydaşlarına kömək göstərmək əvəzinə itə-qurda qoşulub Azərbaycana qarşı iftiralar yağdırır. ABŞ-da, İngiltərədə yedikləri ilə bağlı heç bir sözümüz yoxdur, amma Azərbaycanın çörəyi onun burnundan gəlsin! Belə namərdliyinə görə Altay Göyüşov Azərbaycanda həmişə nifrətlə xatırlanacaqdır. Əgər xatırlanarsa...

Vəli Yusifoğlu, "İki sahil"