Sərhəddəki son gərginliyə görə Azərbaycanı günahkar çıxaran antimilli ünsürlər ya tam məlumatsızdır, ya da …
Sentyabrın 12-dən 13-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdikləri genişmiqyaslı təxribat təkcə işğalçının revanşist siyasətini ortaya qoymadı , həm də onlara dəstək verən “sapı özümüzdən olan baltalar”ın əsl xislətini, nankorluğunu, xəyanətkarlığını, “kimliyini” üzə çıxardı.
Dildə Vətən, əməldə isə erməni sevgisi
Bu ağır, məsuliyyətli və taleyüklü günlərdə “soydaşımız” olduğu üçün utandığımız belə sima(sız)lardan biri də xaricdə yaşayan, satqın, başabəla “tarixçi alim” Altay Göyüşovdur. Hazırda Avropada sığınacaq tapan və oradakı erməni fondlarının maliyyəsindən faydalanan Göyüşov əslində aldığı tapşırıqları icra edir. “Tarixçi alim” və “ictimai fəal” Altay Göyüşov 12-13 sentyabrda Ermənistan tərəfdən Azərbaycanla sərhəddəki bizim ərazimizə təxribat həmləsi və Azərbaycan Ordusunun bu təxribata qarşı haqlı sərt cavabına çox qəribə, antivətən mövqeli bir münasibət bildirərək “Facebook” səhifəsində “Şəxsən mənə İrəvan, Zəngəzur-filan lazım deyil və Ermənistana qarşı gecəki təcavüzü birmənalı olaraq pisləyirəm” yazıb. Bax budur Azərbaycandan kənarda yaşayan qrantyeyənin Vətən “sevgisi” daha dəqiq desək erməni sevgisi…
Heç utanırsınızmı?
İnformasiya cəbhəsində mübarizənin dərinləşdiyi bir zamanda sosial şəbəkələrdə əsassız, qərəzli təbliğatlar aparan, ermənilər üçün göz yaşı axıdıb Vətənə, xalqa xəyanət edən, tarixi inkar yolunu tutan, reallıqları şəxsi ambisiyaları əsasında təhlil edib vicdanlarını, şəxsiyyətlərini, mənliklərini pula satanlar arasında “tarixçi ailmlər”in də yer alması diqqətdən kənarda qalmır. Milliyyətindən asılı olmayaraq heç bir əsası olmadan bir “ziyalı”nın fikrindən qələminə tökülən bu cür ikrahedici cümlələr qəbahət dolu ciddi səhvdir. İnsan nə qədər kəmsavad və xəstə olmalıdır ki, 30 ildir yurd-yuvası erməni işğalı altında olan və Vətən müharibəsində tarix Zəfər qazanan ölkəni günü bu gündə təcavüzkarla mübarizə apardığı bir vaxtda "təcavüzkar" adlandırsın. Əbəs yerə deyil ki, A. Göyüşovun statusunun şərh bölməsində yüzlərlə istifadəçi onu haqlı olaraq linç edib, ona Xocalını, ermənilərin dinc sakinlərimizə qarşı terror hücumlarını, ərazi bütövlüyü uğrunda şəhid olan gənclərimizi xatırladıblar.
Hazırkı gərgin dönəmdə özlərini “tarixçi alim” kimi təqdim edib tariximizi təhrif edənlərin, “düşmən dəyirmanına su tökən” belə ünsürlərin 30 ilə yaxın müddətdə torpaqlarımızı işğal altında saxlayan, hər daşı, qayası tarix olan Şuşamızı erməniləşdirmək üçün hər vasitəyə əl atan, davamlı hərbi təxribatlar törədən Ermənistanı deyil, haqq, ədalət uğrunda mübarizə aparan, beynəlxalq hüquq normalarına söykənən Azərbaycanı təcavüzkar siyasət həyata keçirməkdə ittiham etmələri, ermənilərin törətdikləri təxribatları Azərbaycanın adına yazmaları ən azı ikrah doğurur. Onların zaman-zaman xalqımıza qarşı soyqırımı siyasəti həyata keçirən, milli kimliyimizi təqdim edən tarixi və dini abidələrimizi yerlə-yeksan, məscidlərimizdə donuz saxlamaqla ümumilikdə İslam dünyasına hörmətsizlik edən bir dövlətə sevgi nümayiş etdirmələri xəyanətkarlığın son həddi və mənəviyyatsızlıqdır. Bu, açıq-aşkar onların şəhidlərimizin ruhuna etdiyi hörmətsizlikdir. Dünya Azərbaycan xalqının Vətən, torpaq sevgisindən bəhs etdikləri halda belə ünsürlərin ölkəmizin qalib imicinə xələl gətirmək cəhdləri bağışlanmazdır.
Görünür, belələri xarici dairələrin əlində oyuncağa çevrilmələrinin fərqində deyil, itirilmiş mənəviyyatlarını milyonlar belə xərcləsələr bərpa edə bilməyəcəklərini düşünmürlər. Ölkəsini təcavüzkar kimi təqdim edən, dövlətin siyasətinə kölgə salmağa çalışan, bir sözlə, ermənilərə dəstək missiyasını yerinə yetirən antimilli ünsürlər unutmasınlar ki, ictimai qınaq onlar üçün ən böyük cəzadır. Vətənin bu ağır günündə düşmən dəyirmanına su tökən yaramaz və xain Altay Göyüşov və onun kimi düşünənlərə qarşı ictimaiyyətin kəskin reaksiyası olmalıdır. Məsələ ilə bağlı müvafiq hüquqi ölçünün götürülməsi təmin olunmalıdır. Belələrinin erməni xüsusi xidmət orqanlarına bağlılığı araşdırılmalıdır.
İnformasiya müharibəsi davam edir: DEZİNFORMASİYA YAYMAYAQ!
Son zamanlar bəzi onlayn media resurslarında, sosial şəbəkə profillərində ordu ilə bağlı əsassız məlumatların yayılması cəmiyyətdə çaşqınlıq yaradır. Çox təəssüf ki, bu tendensiyanın formalaşmasında bu və ya digər şəkildə media fəaliyyətini həyata keçirən, cəmiyyəti məlumatlandırma missiyasını daşıdığını bəyan edən şəxslər də iştirak edirlər.
İzləyici toplamaq məqsədi ilə müxtəlif adlar altında Azərbaycan Ordusunun fəaliyyətini, döyüş texnikalarının hərəkətini əks etdirən foto və videogörüntülərin üzərinə yeni tarixlər yazaraq yalan, itkilərlə bağlı əsası olmayan şişirdilmiş rəqəmlər, uydurma informasiya yayırlar. Bu cür xəbərlər də təbii ki, əhali arasında çaşqınlıq yaradır. Müdafiə Nazirliyinin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, belə yaramaz fəaliyyət davam etdirilir.Hətta həmin şəxslər Ermənistan mətbuatının yaydığı yalan informasiyaları da öz səhifələrində paylaşmaqla böyük səhvlərə yol verirlər. Belə olan halda şübhələr də yaranır ki, bəlkə də bu insanlar nəyinsə müqabilində anti-Azərbaycan qüvvələrə xidmət edirlər. Özlərini jurnalist adlandıran belələri anlamırlar ki, ordumuzla bağlı yaydıqları hər hansı yalan informasiya düşmən dəyirmanına su tökməkdir.
Hətta özünü “alim” adlandıran Altay Göyüşov məlum paylaşımı ilə əslində bilərəkdən, ya bilməyərəkdən erməni tərəfinə pas ötürüb və məqsədinə də nail olub. Artıq bir çox erməni saytları onun “Azərbaycan Ermənistana təcavüz edib” cümləsini müxtəlif dillərdə yaymaqla ölkəmizə qarşı informasiya müharibəsində güclü alət kimi istifadə edirlər. Ona görə də belə bir həssas dönəmdə yayılan hər bir xəbər rəsmi mənbəyə əsaslanmalıdır. Yalnız öz təsdiqini tapmış və müvafiq qurumun rəsmi internet səhifəsində, həmçinin sosial şəbəkə hesablarında paylaşılan məlumatlara istinad etməlidirlər. Əgər mənbə yoxdursa saxta məlumat yaymamalıdırlar. Rəsmi məlumatlara istinad edilmədən yayılan istənilən məlumat, hətta düşmən ölkənin itkilərinin daha çox göstərilməsinə xidmət etsə də, son nəticədə hətta real göstəricilərin də dəqiqliyini şübhə altına ala bilər. Düşmən isə bundan şübhəsiz ki, öz itkilərini gizlətmək üçün Azərbaycan tərəfinin məlumatlarını yalanlamaq üçün istifadə edə bilər. Biz düşmənə əsas verməməliyik ki, hər hansı bir buraxdığımız ciddi səhvdən özləri üçün istifadə etsinlər. Necə ki, biz bu gün erməni saytlarını, sosial şəbəkələrini izləyirik, təhlil edirik, onlarda da eyni təbliğat mexanizmi qurulub. Onu da unutmayaq ki, müharibə təkcə səngərdə getmir, müharibə həm də informasiya savaşında gedir. Buna görə də diqqətli olmalıyıq və hesab etməliyik ki, biz də səngərdəyik.
Milli Ordumuza aid olan məlumatları paylaşmamalı, hər birimiz təmkinli olmalı, veriləcək əmr və göstərişləri vaxtında icra etməyə hazır olmalı, aidiyyəti dövlət orqanlarının işlərini çətinləşdirən hallara yol verməməliyik. Unutmayaq ki, düşmən yalnız müharibəni cəbhədə aparmır, bu müharibənin bir hissəsi həm də onların “əlaltıları” vasitəsilə həyata keçirilən təxribat siyasətidir. İnformasiya müharibəsinin davam etdiyi belə bir çətin və həssas dönəmi, eləcə də Qərbin əlaltılarının, erməni təəssübkeşlərinin virtual mühitdəki aktiv fəaliyyətini də nəzərə alaraq onlayn media orqanları ordu ilə bağlı materialların təqdimatına həssas yanaşmalıdır, söz azadlığından sui-istifadə hallarına yol verməmili, bilərəkdən və ya bilməyərəkdən dezinformasiyalar yaymamalıdır.
Hüquq-mühafizə orqanları belə təxribat xarakterli məsələlərlə mübarizə tədbirlərini gücləndirməlidirlər. Əgər bu cür dezinformasiyaların qarşısı vaxtında alınmasa, belələrinin sayı getdicə arta bilər.
Erməni təəssübkeşlərinə XATIRLATMA:
44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin qətiyyətini, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun gücünü dünyaya nümayiş etdirdi. Azərbaycan tarixi Zəfərin yaratdığı reallıqlar əsasında bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması üçün Ermənistanla münasibətlərində yeni səhifə açıb sülh müqaviləsini imzalamaq istəyini ortaya qoyub və bu istiqamətdə üzərinə düşən bütün öhdəlikləri layiqincə yerinə yetirir, Ermənistandan da eyni addımları tələb edir.
Sentyabrın 12-dən 13-ə keçən gecə baş verən hadisələr də bir daha sübut edir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi regionda sülhün bərqərar olmasında maraqlı deyil. Hələ də işğalçı siyasətindən əl çəkmək istəməyən Ermənistan Azərbaycanla sərhəd boyunca genişmiqyaslı hərbi təxribatlar törətməklə 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatı imzalamış Rusiyanın, eləcə də Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olunmasında maraqlı olan Avropa İttifaqının vasitəçilik missiyalarını da hər vasitə ilə əngəlləməyə çalışır.
Ordumuzun son döyüşlərdəki əzmi, iradəsi, şücaəti, bird aha sübut etdi ki, Azərbaycanın ərazi bütövlüyünə qarşı atılan hər bir addımın qarşısı qətiyyətlə alınacaq. Azərbaycan Ordusu Vətənin bütövlüyü və suverenliyi naminə bu gün də istənilən fədakarlığı etməyə hazırdır. Heç bir müharibə və ya hərbi-siyasi təxribat bizi haqq yolumuzdan döndərə bilməz. Unutmaq olmaz ki, bu gün Azərbaycanın apardığı mübarizə yalnız hərbi təxribatlara qarşı, döyüş meydanında deyil, həm də milli və siyasi-diplomatik müstəvidə davam edir. Məhz buna görə də hər bir azərbaycanlı milli birliyimizin daha da gücləndirilməsi üçün əlindən gələni etməlidir.
Qoy, “sapı özümüzdən olan baltalar” da bilsinlər ki, tutduqları yol yalnış yoldur, erməni lobbisindən pul alıb düşmən ölkənin xüsusi xidmət orqanlarının tezislərini yaymaq onlara yalnız xalqın nifrətini və lənətini qazandıra bilər. Bu kontekstdə Altay Göyüşov və həmfikirləri başa düşməlidirlər ki, Qarabağ bizim üçün namus məsələsidir, milli heysiyyətimizdir, qırmızı xəttimizdir. Azərbaycan xalqı nəyin bahasına olursa-olsun, öz torpağının bir qarışını da heç kəsə güzəştə getməyəcək.
Yaqut Ağaşahqızı, “İki sahil”
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir