16 sentyabr 2022 00:25
678

Xəyanətkarlığın Tofiq Yaqublu nümunəsi

Sərhədlərimizin təmizlənməsi, ermənilərin itki verməsi səni niyə narahat edir, Tofiq Yaqublu?

Ermənilərin torpağımıza və sərhədimizə, xalqımıza və millətimizə, gecə-gündüz əlində silah Vətənin keşiyində dayanmış əsgərlərimizə qarşı təxribatlarının qarşısının alınması, məcburi həyata keçirilən əks-hücum əməliyyatı içimizdəki “sapı özümüzdən (bəlkə də deyil) olan baltalar”ın xoşuna gəlmədi. Bir qismi el qınağından qorxdu, zəhərini içinə axıdıb “vazgen qardaşlarına” gizli yas saxladı. Bir qismi isə kinini, nifrətini boğa bilmədi, bu həssas məqamda xalqın yanında deyil, qarşısında dayandığını, tərəf olduğunu, kimlərinsə buyruq quluna çevrildiyini büruzə vedi – əksərən bütün riyakarların etdikləri kimi, “vətənpərvərlik” maskası ilə maskalanmış Tofiq Yaqublu kimi...

O, qara yaxmaq üçün kölgədə gizlənib fürsət gözləyirmiş. Qeyd elədik axı, çox həssas məqamdır: Düşmən təxribat törədib, onun “Qətiyyətli cavab”ı verilib və təəssüf ki, bu haqq işi uğrunda şəhidlər vermişik. Özü də qəhrəman əsgərimiz, zabitimiz döyüşə “Vətən, sənə canım fəda!”, “Təki Vətən sağ olsun!” deyə atılıb, o cənnət qoxulu şəhidlərimizin qisası layiqincə alınıb, qarşıya qoyulmuş tofiqkimilərin dərk edə bilməyəcəyi qədər böyük məqsədlərə nail olunub. Ancaq o, sadəlövhcəsinə fikirləşib ki, indi insanların duyğuları ilə daha asan oynamaq mümkündür. Tofiq Yaqublu özü sadəlövh deyil ha, sadəcə Azərbaycanın müdrik xalqının onun işıqlı sabahı naminə çalışan Prezidentinin ətrafında “Dəmir yumruğ”a döndüyünü, ona inandığını və bu inamın əbəs olmadığını, neçə sınaqlardan çıxdığını unudub. Unutqanlığı var axı bir az.

Uzun illər Müsavat Partiyasının üzvü və bir müddət partiyanın rəhbərliyində təmsil olunduğu üçün T.Yaqublu bu sahədə müəyyən təcrübə də toplamış olmalıdır. Savadlı politoloq olmasa da siyasətdən məlumatsız da deyil. Üstəlik, Birinci Qarabağ müharibəsində iştirakı onun hadisələrə daha dürüst və aydın baxmasını zəruri edirdi. Yəni o, Ermənistanın sentyabrın 12-dən 13-ə keçən gecə Azərbaycana qarşı başlatdığı genişmiqyaslı təxribatın və sonrakı proseslərin mahiyyətini orta statistik vətəndaşımızdan daha yaxşı anlamalı idi. Yəqin anlayır da. Ancaq bəzi məqamları yenidən xatırladaq ki, atdığı şərin, böhtanın kənardan nə qədər iyrənc göründüyünü özü də görsün, bilsin. Ermənilərin məqsədləri açıq və bəlli idi. Onlar tarix boyu olduğu kimi, bu dəfə də riyakarlıqla məşğul idilər. Sülh danışıqlarını ləngitmək və pozmaq, üçtərəfli bəyanatlarla üzərlərinə götürmüş olduqları öhdəliklərdən yayınmaq, kommunikasiyaların açılması, ümumilikdə regionda təhlükəsizliyin təmin olunması istiqamətində irəli sürülən bütün təşəbbüsləri və atılan addımları şantaj etmək istəyirdilər. Azərbaycanın sərhədləri yaxınlığında ölkəmiz üçün potensial təhlükə mövsud idi. Ancaq təhlükənin və təxribatların qarşısı vaxtında alındı, qəhrəman oğullarımız cəmi 7 saat davam edən unikal “Qətiyyətli cavab” əməliyyatını gerçəkləşdirməklə Ermənistanın uzun müddətdir qurduğu planları alt-üst etdilər. Düşmənin dövlət sərhədimizin Laçın, Kəlbəcər və Zəngilan istiqamətində qurduğu bütün hərbi təyinatlı obyektləri darmadağın edildi. Çoxlu sayda texnikaları, müxtəlif hərbi obyektləri və onlarla postu məhv edildi, 300 nəfərdən artıq canlı qüvvə itirdilər. Odur ki, bu əməliyyatın nə qədər uğurlu olduğunu bilmək üçün hərbi ekspert və ya politoloq olmağa da gərək yoxdur. Deməli, Tofiq Yaqublu əslində nələr baş verdiyini yaxşı bilir, ancaq siyasi möhtəkirliklə məşğuldur. Ən pisi isə o, bu addımı ilə şəhidlərimizin müqəddəs ruhlarını təhqir edir, onların adlarını öz çirkin məqsədləri naminə siyasi alver predmetinə çevirir. Kimin sifarşi ilə? Nəyin xətrinə?

Budurmu sənin millət, xalq sevgin, Tofiq Yaqublu! Sərhədlərimizin təmizlənməsi, erməninin qırılması səni niyə bu qədər incidir? Bəlkə elə bilirsən xalqımız rayonlarımızın, şəhər və kəndlərimizin sənin də rəhbərliyində təmsil olunduğun Müsavat və AXC-nin hakimiyyəti dövründə ermənilər tərəfindən işğal edildiyini unudub?

Bəli, məhz sizin səriştəsizliyiniz, savadsızlığınız, şəxsi maraqlarınızın ümummilli və dövlət maraqlarından üstün olması, apardığınız hakimiyyət davası torpaqlarımızın 30 ilə yaxın erməni tapdağında qalmasına səbəb oldu. Hər şey sizin öz “silahdaşlarınıza” münasibətinizdən bəllidir zatən. O sən deyildinmi  vaxtilə çiyin-çiyinə dayandığın Əli Kərimlini xəyanətdə suçlayaraq onun haqqında “Elçibəy hakimiyyətinin devrilməsinin, onun impiçmentinin qərar layihəsini imzalamış adamdır. Bu gün Müsavat Partiyasının tarixini təftiş edir” deyən. Bax siz busunuz. Vətən sevginiz də riyakarlıqdan başqa bir şey deyil.

Mahir Rəsuloğlu, “İki sahil”