13 sentyabr 2022 15:10
1564

Kamran Bayramov: Azərbaycan sərhədinin yaxınlığında təhlükəsiz zona yaradılmalıdır 

"Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Ermənistanın və Rusiyanın sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki qanunsuz erməni hərbi birləşmələrinin təxribatları qəbulolunmazdır. Ordumuz bu təxribatlara layiqli cavab verir."

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib. 

Kamran Bayramov qeyd edib ki, ümumiyyətlə Ermənistan postmüharibə dövründə Azərbaycana qarşı çoxsaylı təxribatlar törədib ki, sentyabrın 12-dəki irimiqyaslı təxribat bu təxribatların məntiqi davamıdır. Məğlub ölkənin hərbi-siyasi rəhbərliyi anlamalıdır ki, istənilən təxribat cəhdinin və qeyri-qanuni fəaliyyətin qarşısı alınacaq. Ali Baş Komandanımızın qeyd etdiyi kimi: "Əgər yenə də erməni faşizmi baş qaldırmağa cəhd belə göstərsə, biz onun başını bir daha əzəcəyik. İkinci Qarabağ müharibəsindəki məğlubiyyət onlar üçün dərs olmalıdır". 

Deputat diqqətə çatdırıb ki, hazırda yaranmış vəziyyətə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Azərbaycan Ordusu Ermənistanın təxribatlarının, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə olan təhlükələrin qarşısını almaq üçün zəruri tədbirlər görür. Xarici siyasətində ədalətə və beynəlxalq hüquqa söykənən Azərbaycanın tam haqqı var ki, öz ərazisində suveren hüquqlarını təmin etsin. Bölgədə sülh və sabitliyin təmin olunması, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması  üçün üçtərəfli Bəyanatın tam icrası vacibdir. Azərbaycan, öz tərəfindən üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirir və Ermənistan tərəfinin də bu öhdəliklərə əməl etməsini qətiyyətlə tələb edir. 

K.Bayramov əlavə edib ki, Azərbaycan Respublikası tərəfindən Qarabağ və Şərqi Zəngəzurda Ermənistanın 30 illik işğalının nəticəsi olaraq, genişmiqyaslı və çətin humanitar minatəmizləmə fəaliyyəti aparıldığı halda, Ermənistan tərəfindən yenə də Azərbaycan ərazilərində qəsdən minaların basdırılması davam edir. Azərbaycan sərhədinin yaxınlığında təhlükəsiz zona yaradılmalıdır. Ermənistan10 noyabr Bəyanatından irəli gələn  öhdəlikləri yerinə yetirməyə məcbur edilməlidir.  30 illik  işğal dövründə  Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına laqeyd yanaşmanın nəyə gətirib çıxardığı unudulmamalıdır.