"Ölkəmizdə çoxpartiyalı sistemin formalaşması, həmçinin bütün siyasi partiyalara fəaliyyətləri üçün bərabər şəraitin yaradılması dövlət siyasətinin əsasını təşkil edir. Siyasi dialoq mühitinin yaranması, eləcə də konkret məsələlərin, o cümlədən qanun layihələrinin, sosial problemlərin, siyasi və digər təzahürlərin müxalifət nümayəndələri ilə birgə müzakirə edilməsi artıq ölkəmizdə reallığa çevrilib. Mövcud «Siyasi partiyalar haqqında» Azərbaycan Respublikasının Qanunu 30 il bundan əvvəl - 1992-ci il 3 iyun tarixində qəbul edilmişdir. Ölkədə formalaşan yeni siyasi konfiqurasiya qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımların atılmasını zəruri edir. Bu baxımdan Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri «Siyasi partiyalar haqqında» yeni qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət ediblər. Cari ilin iyulun 26-da Milli Məclis layihə ilə bağlı təkliflərin təqdim edilməsi üçün dövlət qeydiyyatına alınmış siyasi partiyalara müraciət edərək öz təkliflərini rəsmi olaraq Milli Məclisə göndərmələrini bildirmişdi. Artıq ötən müddət ərzində 39 siyasi partiya öz təkliflərini Milli Məclisə təqdim etmişdir."
Bu fikirləri “İki sahil”ə Milli Məclisin deputatı Kamran Bayramov bildirib.
K.Bayramov qeyd edib ki, ilk dəfə olaraq qanun layihəsi Milli Məclisin plenar iclasına, həmçinin komitələrin iclasına çıxarılmazdan əvvəl Milli Məclisin saytında yerləşdirilib. Saytda qanun layihəsinin ilkin variantı yerləşdirilib. Layihənin hazırlanması zamanı beynəlxalq təcrübə öyrənilib. Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə 2010-cu və 2020-ci illərdə qəbul etdiyi tövsiyələr, həmçinin 20-dən artıq ölkənin təcrübəsi nəzərdən keçirilib.
Sentyabrın 28-i keçiriləcək ilkin ictimai dinləmə, həmçinin növbəti ictimai dinləmə zamanı siyasi partiyaların, digər vətəndaş cəmiyyəti subyektlərinin, ekspertlərin, dövlət orqan və qurumlarının təklifləri nəzərdən keçirilməklə qanun layihəsi təkmilləşdiriləcək.
Deputat diqqətə çatdırıb ki, bu gün cəmiyyəti düşündürən məsələlərin iqtidar və müxalifət nümayəndələri arasında açıq şəkildə müzakirəsi demokratiyanın göstəricisidir. Sevindirici haldır ki, artıq milli birlik və vətəndaş həmrəyliyi siyasi partiyaların fəaliyyətində prioritet təşkil edir.