08 sentyabr 2022 02:59
634

İşğalçı ölkənin sülhdən başqa seçimi yoxdur

Sülh prosesi ilə bağlı real addımlar Ermənistanın gələcək inkişafına, iqtisadi-siyasi böhrandan qurtulmasına xidmət edəcək

Azərbaycan 44 günlük Vətən müharibəsinin Qələbə ilə başa çatmasından sonra Ermənistan ilə münasibətlərin normallaşdırılması üçün qarşı tərəfə təkmil sülh modeli təklif edib. Həmçinin qalib Azərbaycan sülh sazişinin bağlanması istiqamətində üzərinə götürdüyü bütün öhdəlikləri vaxtından əvvəl yerinə yetirərək, böyük əzm və iradə nümayiş etdirir. Buna misal olaraq, Ermənistanın növbəti təxribatına cavab olaraq “Qisas” əməliyyatının keçirilməsi və ordumuzun Qırxqız yüksəkliyini, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəklikləri nəzarətə götürməsi, eləcə də yeni Laçın avtomobil yolunun vaxtından xeyli əvvəl istifadəyə verilməsi ilə Laçın şəhəri, Zabux, Sus kəndlərinin boşaldılması buna əyani sübutdur.

Amma keçən vaxt ərzində qarşı tərəfin bu istiqamətdə hansısa konkret addım atdığının şahidi olmamışıq. Görünür, Ermənistan hakimiyyəti prosesi yubatmaqla kimlərəsə, konkret olaraq artıq çoxdan öz ölü missiyasını başa vurmuş ATƏT-in Minsk qrupuna yenə də hansısa ümid bəsləyir. Lakin indi onlar da yaxşı anlayırlar ki, daha 30 ildir kölgəsində gəzdikləri, güvəndikləri dağlara çoxdan qar yağıb. Axı sözügedən qurum öz “missiya”sını uğursuzluqla başa vurub. Onu da gözəl bilirlər ki, Azərbaycanın səbri hüdudsuz deyil və danışıqlar prosesi sonsuzadək masa üzərində qala bilməz.

Dördüncü Brüssel görüşünün nəticələri də bunu deməyə əsas verir. Artıq bir ay müddətində Xarici İşlər nazirliklərinin xətti ilə sülh sazişinin mətni üzərində işə başlamaq üçün qruplar yaratmaq barədə razılaşma əldə olunub. Eləcə də yeni sənəddə nə Qarabağ mövzusu var, nə də ATƏT-in Minsk qrupunun adı çəkilir. Digər tərəfdən, əldə olunacaq sülh elə Ermənistanın özünə də faydalıdır və hazırda çabaladığı böhran bataqlığından çıxması üçün vacibdir.  

Prezident İlham Əliyev İtaliyanın “İl Sole 24 Ore” qəzetinə  müsahibəsində sülh prosesinin gedişatı ilə bağlı bildirib ki, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə üçtərəfli görüş zamanı bununla əlaqədar razılığa gəlinib.

Dövlət başçısı onu da xüsusi vurğulayıb ki, bu razılaşmaya gəlmək üçün Ermənistana vaxt lazım oldu: “...Bir ay müddətində Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh sazişi ilə bağlı praktiki danışıqlara başlamaq məqsədilə görüşəcəklər. Bu, bizim İkinci Qarabağ müharibəsinin bitməsindən demək olar ki, dərhal sonra irəli sürdüyümüz təklif idi. Biz bildirdik ki, bizim sülhə, sülh sazişinə ehtiyacımız var. Bununla razılaşmaq üçün Ermənistana təqribən iki il lazım oldu”.

“Zənnimcə, bu, görüşün ən mühüm nəticələrindən idi” deyən Prezident İlham Əliyev qeyd edib ki, əlbəttə, bu sülh danışıqlarının gedişatından çox şey asılı olacaq: “Zaman çərçivəsi və məzmun nədən ibarət olacaq. Hesab edirəm ki, biz bir neçə ay ərzində sülh sazişini yekunlaşdırıb imzalaya bilərik. Ermənistan tərəfi eyni iradə nümayiş etdirsə, zənnimcə, bu, realdır. Biz sülh sazişinin üzərində qurulmalı olduğu beş baza prinsipini irəli sürdük və Ermənistan bunu qəbul edib”.

Göründüyü kimi, Prezident İlham Əliyev uğurlu diplomatiyası ilə regionda yeni sülh və əməkdaşlıq erasının başlanmasına çalışır. Sülhə düşmən olan Ermənistanı da Azərbaycanın şərtləri ilə razılaşmağa, Bakının irəli sürdüyü və sülh müqaviləsinin əsasını təşkil edən prinsiplərin qəbuluna məcbur edir. Sözsüz ki, bütün bunlar Ermənistanın gələcək inkişafına, iqtisadi-siyasi böhrandan qurtarmasına xidmət edəcək. İrəvanda bunu nə qədər tez başa düşsələr, bir o qədər yaxşıdır. Sözün qısası, Ermənistan rəhbərliyi imzaladığı bəyanatları, Avropa İttifaqının tövsiyələrini yerinə yetirməlidir. Əks təqdirdə işğalçı ölkəni daha da acınacaqlı günlər gözləyə bilər.

Mənsumə Babayeva, “İki sahil”