Azərbaycan yenidən müstəqilliyini qazandıqdan sonra İtaliya ilə qurduğu münasibətlər strateji xarakter daşıyır və iki ölkə arasında əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də humanitar sahədə dinamik inkişaf edir.
Prezident İlham Əliyevin sentyabrın 1-2-də İtaliyaya yeni işgüzar səfəri ölkələr arasındakı əlaqələrin davamlı inkişaf etdirilməsinin növbəti göstəricisi oldu. Azərbaycanla İtaliya arasında səfərlər çərçivəsində imzalanan sənədlər, bəyannamələr və əldə olunan razılaşmalar böyük əhəmiyyətə malikdir. Bu səfərlər əlaqələrin sağlam təməl üzərində qurulmasına şərait yaradır.
Təxminən iki il öncə Azərbaycanla İtaliya arasında imzalanmış “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” xüsusilə qeyd olunmalıdır. İtaliya G7 dövlətləri arasında və Avropa İttifaqında Azərbaycanın bu səpkidə sənəd imzaladığı yeganə dövlətdir. 44 günlük Vətən müharibəsindən öncə imzalanmış bu sənəddə İtaliya Azərbaycanın ərazi bütövlüyünə bir daha dəstək nümayiş etdirib və Ermənistanı münaqişə tərəfi kimi tanıyıb.
2020-ci ildə əldə olunmuş razılaşmaların icrası və yeni hədəflərin müəyyənləşdirilməsi Prezident İlham Əliyevin İtaliyaya son səfərində nəzərdə tutulan əsas məqsədlərdən biri idi. Tərəflər təhsil sahəsində əlaqələrin daha da genişlənməsi üçün bir sıra işlər görüb, Bakıda Azərbaycan-İtaliya Universitetinin yaradılmasını yüksək qiymətləndiriblər. Bundan başqa, ADA Universiteti ilə İtaliyanın nüfuzlu universitetləri arasında əməkdaşlıq haqqında razılaşmalar da imzalayıblar
Azərbaycan və İtalya arasındakı əlaqələr digər sahələri də əhatə edir. İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Azərbaycanın istər ticarət dövriyyəsində, istərsə də ixrac əməliyyatlarında İtaliya öz birinciliyini qorumaqdadır. Ölkələr arasındakı ticarət əlaqələrin statistik göstəricilərinə baxsaq, sürətli artımı görərik. Belə ki, cari ilin ilk 6 ayında Azərbaycan ilə İtaliya arasında ticarət dövriyyəsi 11 milyard ABŞ dollarını keçib. Azərbaycanın İtaliyanın enerji təhlükəsizliyində oynadığı rol da böyük əhəmiyyətə malikdir. Hazırda Azərbaycan qazının İtaliyaya nəqli və bu ölkənin illik tələbatının təxminən 10 faizini təmin etməsi rəsmi Roma tərəfindən yüksək qiymətləndirilir. Yaxın gələcəkdə Cənubi Qaz Dəhlizi vasitəsilə qaz nəqlinin artırılması nəticəsində göstərilən rəqəm 2 dəfəyə qədər artırmaq mümkün olacaq. Bu da İtaliyanın ölkəmizə marağının artmasına ciddi təsir edir.

Rövşanə Abbasova,
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin mühəndisi