Azadlıq və müstəqillik tanrının dünya xalqlarına və millətlərinə bəxş etdiyi bəlkə də ən müqəddəs nemətlərdən biridir. Müstəqilliyin yolu əksər dünya xalqları üçün kifayət qədər əzab-əziyyətli və məşəqqətli olmuşdur. Bu baxımdan Azərbaycan xalqı da istisna olmamışdır. Zaman-zaman yadellilərin hücumlarına məruz qalmış, bəzən müstəqilliyini itirərək əsarət altına düşmüş xalqımız heç vaxt işğal boyunduruğuna boyun əyməmiş, daim öz azadlığı uğrunda mərdanə mübarizə aparmış və məqsədinə nail olmadan haqq yolundan dönməmişdir.
Müasir Azərbaycan Respublikası da xalqımızın tarixi ənənələrinə hər zaman sadiqlik nümayiş etdirir. Ölkə prezidenti Cənab İlham Əliyevin İtaliyanın Çernobbio şəhərində keçirilən beynəlxalq forumdakı çıxışında xüsusi olaraq qeyd olundu ki, biz bütün qonşularımızla normal münasibətlər saxlamağa çalışırıq. Ölkə prezidenti xüsusi vurğuladı ki, Azərbaycan heç vaxt özünü böyük qonşu dövlətlərin siyasətinə uyğunlaşdırmamış, sadəcə qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmuşdur. Bununla yanaşı ölkəmiz hər zaman öz müstəqil xarici siyasət kursunu da qoruyub saxlayır. Müstəqillik illərindən sonra yürüdülən uğurlu iqtisadi siyasət nəticəsində qarşımıza qoyduğumuz əsas məqsədlərə nail ola bilmişik. Azərbaycan Respublikasının Avropa və dünya dövlətləri ilə qarşılıqlı faydalı və səmərəli əməkdaşlığına əlverişli zəmin yaranmışdır. Bu konteksdə İtaliya dövləti ilə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan xalqı 30 ildən artıqdır ki, azad və müstəqildir. Artıq hər kəs gözəl anlayır ki, müstəqilliyimiz əbədidir və əbədi olacaq.
Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı ilə əlaqədar olaraq Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələri 27 il ərzində yerinə yetirilməmiş qaldı. Bu dünyada beynəlxalq hüquq normalarının kobud şəkildə pozulduğunu göstərir. Yalnız Azərbaycan xalqınının və Müzəffər Ali Baş Komandan İlham Əliyevin qəti iradəsi ilə rəşadətli ordumuz BMT – nin 4 məlum qətnaməsinin icrasını təmin etdi. 44 günlük Vətən müharibəsi dövründə İtaliya daim Azərbaycanın haqlı mövqeyini dəstəklədi.
Hər bir dövlət başçısının, hər bir siyasi liderin uğuru həm də öz ölkəsini tarixin sınaqlarından, dolanbaclarından uğurla və təhlükəsiz keçirib onun dövlətçiliyini daha da möhkəmlətməkdir. Azərbaycan Respublikasının son illərdə beynəlxalq nüfuzunun yüksəlməsində heç şübhəsiz ki, Cənab prezident İlham Əliyevin müstəsna əməyi var. 2022-ci ilin fevral ayından sonra dünyada baş verən proseslər dünya siyasətinə yeni çalarlar gətirmişdir. Bu dövrdən sonra xüsusilə təhlükəsizlik məsələləri daha da aktuallaşmışdır. Ölkəni xarici mənfi amillərin təsirindən qorumaq ən aktual məsələ kimi önə çıxmışdır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rola malik bir ölkəyə çevrilməsi beynəlxalq aləmdə ölkəmizin çəkisini, siyasi nüfuzunu daha da yüksəklərə qaldırır. İtaliya və digər aparıcı dövlətlərlə qurulan qarşılıqlı faydalı əməkdaşlıq göstərir ki, hələ uzun illər ərzində Azərbaycan Avropanın enerji təhlükəsizliyinin əsas qarantı rolunda olacaqdır.
Cavid Məmiyev,
YAP Sumqayıt şəhər təşkilatının sədr müavini