07 sentyabr 2022 13:58
545

Azərbaycan-İtaliya münasibətləri çoxşaxəli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir

Prezident İlham Əliyevin İtaliyaya iki günlük işgüzar səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələ açır. Azərbaycanla İtaliya arasında yaxınlığın, əlaqələrimizin inkişafına böyük təkan verən məqamların mövcudluğunu şərtləndirən xeyli sayda nümunələr göstərmək mümkündür. Sevindirici haldır ki, ikitərəfli münasibətlər mükəmməl hüquqi bazaya malikdir. Bu vaxta qədər müstəqil Azərbaycanla İtaliya arasında 28 sənəd imzalanmışdır.

Prezident İlham Əliyev cari ilin 2 sentyabr tarixində İtaliyanın Çernobbio şəhərində keçirilmiş 48-ci Beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı zamanı bildirdi ki, Azərbaycanın təbii qaz ehtiyatlarına tələbat durmadan artır. Dövlət başçısı qeyd etdi ki, “bir il yarım ərzində artıq Avropaya 13,5 milyard kubmetr qaz nəql edilib ki, onun da 11,7 milyard kubmetri İtaliyanın payına düşür”. Cənub Qaz Dəhlizi üç boru kəmərindən ibarət inteqrasiya edilmiş boru kəmərləri sistemidir – Cənubi Qafqaz boru kəməri, Trans-Anadolu (TANAP) boru kəməri və Trans-Adriatik (TAP) boru kəməridir ki, o, İtaliyaya qədər uzanır. Bu, 3500 kilometr uzunluğunda mürəkkəb texniki infrastrukturdur.

Qeyd etməliyik ki, həqiqətən, İtaliya zəngin mədəniyyətə, böyük dövlətçilik tarixinə, güclü iqtisadiyyata, dünya siyasətində özünəməxsus yerə malik olan bir ölkə kimi həmişə mühüm maraq kəsb edir. Azərbaycanda da bu ölkəyə xüsusi maraq mövcuddur. Buna görə də ölkəmizdə İtaliya ədəbiyyatı, tarixi və mədəniyyəti böyük maraqla izlənilir. 

Qoyulan möhkəm təməlin nəticəsidir ki, Azərbaycan-İtaliya münasibətləri yüksələn xəttlə inkişaf etməkdədir. Prezident İlham Əliyevin İtaliya Prezidenti Sercio Mattarellanın, İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin və “The European House – Ambrosetti” beyin mərkəzinin dəvəti ilə Çernobbio şəhərində keçirilən beynəlxalq forumda əsas qonaq qismində iştirakı, həmçinin dövlətimizin başçısının forumun plenar iclasında “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış etməsi ölkəmizə və onun liderinə olan böyük hörmət və ehtiramın nümunəsidir. Bu da təsadüfi deyildir, bütövlükdə Cənubi Qafqaz regionunun sürətlə yüksəlişinə etibarlı təminat yaratmış beynəlxalq əhəmiyyətli iqtisadi layihələrin gerçəkləşməsində lokomotiv rolunu oynayan respublikamızda cərəyan edən proseslər bütövlükdə regiona ciddi təsirini göstərir. Azərbaycanın yerləşdiyi əlverişli coğrafi mövqe, malik olduğu zəngin təbii resurslar region dövlətlərinin də iqtisadi-siyasi mənafelərinin təminatına yaxşı imkanlar açır. Bir sözlə Azərbaycan və İtaliya arasında çoxsaylı biznes anlaşmaları nəinki neft-qaz sektorunda, eləcə də iqtisadiyyatın digər sahələri üzrə əməkdaşlığın genişləndirilməsinə təkan verəcək. Bu işgüzar səfər iki qardaş ölkə arasında strateji münasibətlərin formalaşması və gələcək inkişafında böyük uğurlara yol açacaqdır. 

Aytac Məhərrəmli,
YAP Nizami rayon təşkilatının məsləhətçisi