Azərbaycan dünyanın müxtəlif qütblərində qərar tutan dövlətlərlə qurduğu ikitərəfli sıx əlaqələr, mehriban dostluq və əməkdaşlıq münasibətləri ildən-ilə genişlənərək məzmunca yeni keyfiyyət mərhələsinə qədəm qoyur. Azərbaycan-İtaliya strateji tərəfdaşlığı və çoxtərəfli münasibətləri getdikcə möhkəmlənməkdədir. Prezident İlham Əliyevin İtaliya Prezidenti Sercio Mattarellanın dəvəti ilə işgüzar səfəri, aparılan danışıqlar, keçirilən mühüm görüşlərdə səslənən fikirlər də bunu bir daha təsdiqləmiş oldu. Bu İlham Əliyevin İtaliyaya sayca 6-cı rəsmi səfəridir. Bu səfər zamanı İlham Əliyevin İtaliyanın Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən təşkil edilən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda keçirilən 48-ci beynəlxalq Çernobbio Forumunda iştirakı mühüm bir hadisədir. Əlbəttə, bu mürəkkəb dönəmdə müzakirələrin əsas mövzusu enerji siyasəti idi. Qeyd etmək istərdim ki, Cənub Qaz Dəhlizinin enerji böhranının yaşandığı bir dönəmdə Avropanın enerji təminatında əhəmiyyəti çox böyükdür. Nəzərdə tutulan bir çox layihələrin reallaşdırılması ölkəmizin gücünü və qüdrətini bir daha ortaya qoyur.
Azərbaycan Prezidenti öz çıxışı zamanı Avropanın gələcək enerji təhlükəsizliyi, yaşıl enerji üzrə tərəfdaşlıq, beynəlxalq hüquq və onun tələblərinin yerinə yetirilməsi kontekstində uzunmüddətli və etibarlıq tərəfdaşlığın mümkün olması məsələlərindən danışaraq Azərbaycanın da beynəlxalq münasibətlər sistemində milli dövlət kimi davranışları zamanı milli maraqları və beynəlxalq hüququ əsas tutduğunu da qeyd etdi.
Təbii ki, bu cür siyasi münasibətlər və strateji tərəfdaşlıq iqtisadi-ticarət sahəsində əməkdaşlıqda xüsusi əhəmiyyətə malikdir. Təsadüfi deyil ki, İtaliya Azərbaycanın birinci ticarət və ixracat tərəfdaşıdır. Təkcə 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 6 milyard ABŞ dolları təşkil edib. İtaliyanın Cənubi Qafqaz ölkələri ilə ticarətinin 92 faizi Azərbaycanın payına düşür. Bu da onu göstərir ki , dövlətimizin bu istiqamətdə artan rolunu bir daha təsdiqləyir və əlaqələrimizin daha da inkişafına müsbət şərai yaradır.
Tünzalə Əliyeva,
YAP Nizami rayon təşkilatının məsləhətçisi