İnanıram ki, Azərbaycan-İtaliya münasibətləri bundan sonra da inkişaf edəcək, strateji münasibətlər müəyyən bir məqamda müttəfiqlik münasibətlərinə çevriləcək
Prezident İlham Əliyev
Avropa ölkələrindən olan İtaliya haqqında fikir yürütmək, bu ölkə barədə oxumaq, onu öyrənmək, yəqin ki, hər bir şəxs üçün maraqlıdır. İtaliyanın çox qədim və zəngin tarixə malik olması, ümumilikdə bu ölkənin dünyanın ən gözəl təbiət guşəsi kimi diqqəti cəlb etməsi, çox qədim abidələrin qorunub saxlanması, dünyaya zəngin mədəniyyət nümunələri bəxş etməsi və bu kimi xeyli sayda faktlar İtaliyaya olan marağın əsas amillərindən biridir. İtalyanlar Cənub insanı kimi istiqanlı olduqlarına görə bütün avropalılardan fərqlənirlər.
Azərbaycanla İtaliya arasında yaxınlığın və əlaqələrimizin inkişafına böyük təkan verən məqamların mövcudluğunu şərtləndirən xeyli sayda nümunələr göstərmək mümkündür. Sevindirici haldır ki, ikitərəfli münasibətlər mükəmməl hüquqi bazaya malikdir. Bu vaxta qədər müstəqil Azərbaycanla İtaliya arasında xeyli sənəd imzalanmışdır. Bu isə münasibətlərimizin yüksələn xətlə dinamik inkişafına geniş zəmin yaradır. Vurğulamaq lazımdır ki, münasibətlərimiz həm siyasi, həm iqtisadi, həm də sosial-humanitar sahələri əhatə edir.
1997-ci ilin sentyabr ayında Ümummilli lider Heydər Əliyevin, 2005-ci ilin fevralında və 2008-ci ilin noyabrında Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfərləri ikitərəfli münasibətlərə xüsusi təkan vermiş və bu sahədə yeni mərhələlərin başlanğıcını qoymuşdur. Hər iki ölkənin tarixində silinməz izlər qoyan belə səfərlər əlaqələrimizin inkişafının istiqamətlərinin sərhədlərini cızmış və bütün sahələrdə əməkdaşlığımızın, müxtəlif nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin, bu səfərlər zamanı aparılan danışıqların, imzalanan sənədlərin təməl daşına çevrilmişdir.
Dövlətimizin başçısının İtaliyaya son səfərində nəzərdə tutulan əsas məqsədlərdən biri 2020-ci ildə əldə olunmuş razılaşmaların icrası və yeni hədəflərin müəyyənləşdirilməsindən ibarətdir. İki ölkə arasında təhsil sahəsində əlaqələrin daha da dərinləşdirilməsi üçün müəyyən addımlar atılıb, Bakıda Azərbaycan-İtaliya Universitetinin qurulmasını yüksək qiymətləndiriblər. Eyni zamanda, İtaliyanın nüfuzlu universitetləri arasında əməkdaşlıq haqqında razılaşmalar da imzalanmışdır. Azərbaycan və İtaliya arasındakı əlaqələr digər sahələri də əhatə edir. İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Təqdirəlayiq bir haldır ki, tərəflər arasında ticarət əlaqələrində bu il böyük irəliləyişlər əldə olunub. Azərbaycanın İtaliyanın enerji təhlükəsizliyində oynadığı rol da ciddi əhəmiyyətə malikdir. Belə ki, hazırda Avropada yaşanan enerji böhranı çərçivəsində Azərbaycan qazının İtaliyaya nəqli və bu ölkənin illik tələbatının təmin etməsi rəsmi Roma tərəfindən yüksək qiymətləndirilir. Bu səbəbdən yaxın gələcəkdə Cənubi Qaz Dəhlizi vasitəsilə qaz nəqlinin artırılması nəticəsində göstərilən rəqəmi artırmaq mümkün olacaq. Bu faktor da İtaliyanın ölkəmizə marağının artmasına ciddi təsir edir.
Bütün bunları nəzərə alaraq qeyd olunmalıdır ki, həqiqətən, İtaliya zəngin mədəniyyətə, böyük dövlətçilik tarixinə, güclü iqtisadiyyata, dünya siyasətində özünəməxsus yerə malik olan bir ölkə kimi həmişə mühüm maraq kəsb edir. Ölkəmizdə də İtaliyaya xüsusi maraq mövcuddur. Buna görə də ölkəmizdə İtaliya ədəbiyyatı, tarixi və mədəniyyəti böyük maraqla izlənilir. Siyasi və iqtisadi cəhətdən də maraqlarımızın üst-üstə düşdüyü məqamlar çoxdur. İtaliyanın iş adamları, şirkətləri Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşunu həyata keçirir, Xəzərin karbohidrogen ehtiyatlarının istismarında yaxından iştirak edirlər. Ümidvarıq ki, ölkəmizin xarici siyasətinin başlıca prioritetlərindən olan Avropa və Avratlantik qurumlara inteqrasiya, o cümlədən Avropa İttifaqı ilə əlaqələrin gücləndirilməsi, eləcə də Azərbaycanın Ümumdünya Ticarət Təşkilatlarına üzv olması prosesində İtaliya ölkəmizə dəstəyini əsirgəməyəcəkdir.
Xüsusilə Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və prinsiplərinə uyğun şəkildə həlli ilə bağlı Azərbaycanın ədalətli mövqeyinin İtaliya tərəfindən dəstəklənməsi də əsas məsələlərdən olmuşdur.
Tariyel Şixbalayev,
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin İnformasiya təminatı sektorunun müdiri,
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilat sədri,
Vətən müharibəsi qazisi