Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri çərçivəsində 2 sentyabr tarixində Çernobbio şəhərində keçirilmiş 48-ci Beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı zamanı ölkəmizin başçısı beynəlxalq Forumda Azərbaycan-İtaliya münasibətləri, ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı rol və Azərbaycan həqiqətləri kontekstində əhatəli nitq söylədi. Müxtəlif illərdə Çernobbio Forumunda dünyanın aparıcı ölkələrinin dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri və digər nüfuzlu şəxslər iştirak ediblər. Dövlət başçısı İlham Əliyev Forumda Azərbaycanın dünyada özünü doğruldan enerji strategiyasının çoxşaxəli olmasından, Avrasiyanın nəqliyyat mərkəzinə çevrilməsindən geniş bəhs edərək uğurla başa çatan Cənub Qaz Dəhlizinin qitə dövlətləri üçün əhəmiyyətini də diqqətə çatdırdı. İtaliya Azərbaycanın Avropada ən yaxın və etibarlı tərəfdaşıdır. İki ölkə arasında Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair sənədlərin imzalanması münasibətlərin yüksələn xətlə inkişafına geniş imkanlar yaradır. Nəzərə alsaq ki, bu il Azərbaycanla İtaliya arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur, bu dövr ərzində qarşılıqlı səfərlərin reallaşdırılması çərçivəsində onlarla sənədin imzalandığı və hər birinin münasibətlərdə yeni bir istiqamətə yol açdığı inkaredilməzdir.
Məlum olduğu kimi, 2020-ci ildə İtaliya və Azərbaycan arasında strateji tərəfdaşlığa dair sənəd imzalanmışdır. Eyni zamanda, ölkələrimizin ikitərəfli gündəliyinə davamlı olaraq yeni, vacib mövzular daxil edilir və ikitərəfli əməkdaşlığın inkişafı üçün önəmli təşəbbüslər göstərilir. Ölkələrimiz arasında sıx əməkdaşlıq və strateji tərəfdaşlıq ilə bağlı geniş müzakirələr davamlı şəkildə aparılır. Azərbaycanla İtaliya arasında əlaqələrin qurulması ölkəmizin müstəqilliyinin ilk illərinə təsadüf edir. Belə ki, 1994-cü ildə müstəqilliyimizin bərpasından, cəmi üç il keçdikdən sonra Azərbaycan dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində çalışmağa dəvət edən ilk ölkə oldu və qısa zamanda Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrildi. Bu gün Azərbaycan İtaliyanı neftlə təchiz edən bir nömrəli ölkədir. Çernobbio Forumunda çıxışı zamanı Prezident İlham Əliyev Azərbaycanın iki strateji neft boru kəmərinin inşası ilə Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü öz üzərinə götürdüyünə xüsusi diqqət çəkdi. Həmin neft boru kəmərlərindən biri Türkiyənin Aralıq dənizi sahilindəki limana qədər, digəri isə Gürcüstanın Qara dəniz sahilindəki limana qədər uzanır. Bununla da Azərbaycan Qara dəniz bazarı və dünya bazarlarına təchizatı şaxələndirməyə nail ola bilib. Səfər zamanı keçirdiyi görüşlərdə, Forum çərçivəsində İtaliyanın nüfuzlu KİV nümayəndələrinin suallarını cavablandırarkən qarşılıqlı etimad və hörmət prinsipləri əsasında inkişaf edən Azərbaycan - İtaliya münasibətlərinin perspektivləri ilə bağlı fikirlərini açıqlayan Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində İtaliya şirkətlərinin fəal iştirakından da bəhs etdi. Çernobbio Forumunda çıxışı zamanı Prezident İlham Əliyev keçən il müstəqilliyinin 30-cu ildönümünü qeyd edən Azərbaycanın heç bir zaman özünü nəhəng qonşuların siyasətinə uyğunlaşdırmadığını diqqətə çatdırdı. Azərbaycanın beynəlxalq hüquq, ədalət, beynəlxalq təşkilatların qərarları və sənədləri, həmçinin müdriklik üzərində formalaşmış öz siyasəti var. Bir sözlə desək, Azərbaycan artıq sabit siyasi mövqeyə, həmçinin sabit iqtisadiyyata malikdir. Müstəqil olmaq üçün isə əsaslı maliyyə yatırımları edilib. Ölkə başçısı Azərbaycanda insanların artıq 30 ildir ki, müstəqil olduqlarını və əbədi olaraq müstəqil yaşamaq istədiklərini beynəlxalq Forumda bəyan etdi. Ölkə başçısının bu fikirləri dünyada baş verən proseslərdə Azərbaycanın tərəfsiz qalması və yaşanan münaqişlərdə maraqlı tərəf olmadığı kimi də qiymətləndirilə bilər. Ona görə ki, dünya fevraldan əvvəl olduğu vəziyyətdə heç vaxt olmayacaq və proseslərin hansı axınla gedəcəyi, Ukraynada müharibənin nə qədər müddət davam edəcəyi və savaşın sonunun necə bitəcəyi, dünyadakı güclərin balansının hansı şəkildə olacağı kimi amillərdən asılıdır. Bu konteksdə müstəqil ölkə olaraq Azərbaycanın xarici amillərdən müdafiə olunması əsas məsələlərdəndir. Buna görə də yeni qlobal məsələlərin regionumuza təsirləri, böyük region ölkələrinin mövqelərinin necə olacağı, Ermənistanla sülhə nail olmaq planlarında nələr əldə edəcəyimiz dövlətimiz üçün çox önəmlidir. Çünki Azərbaycan 30 il boyunca münaqişə və işğalla üzləşmiş və beynəlxalq hüquq normalarının pozulmasından əziyyət çəkmiş ölkə olmuşdur. Azərbaycana beynəlxalq səviyyədə artan maraq günümüzün reallıqlarında, o cümlədən Avropa İttifaqı, həmçinin quruma üzv dövlətlərlə əlaqələrinin yüksələn xətlə inkişafında, strateji tərəfdaşlıqdan müttəfiqliyə doğru gedən yolda özünün aydın ifadəsini tapır.
Ayaz Cəbrayılov,
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri