Azərbaycan və İtaliya arasında iqtisadi-ticarət, enerji, mədəniyyət və təhsil sahələrində olan əməkdaşlıq uğurla inkişaf etməkdədir. Azərbaycanın Avropa İttifaqında ən əsas ticarət tərəfdaşı İtaliyadır. Avropa İttifaqının vacib dövlətlərindən olan İtaliya ilə sıx əlaqələrin iqtisadi inkişafı siyasi dialoqun nəticəsidir. Azərbaycanla İtaliya arasında yaxınlığın, əlaqələrimizin inkişafına böyük təkan verən məqamların mövcudluğunu şərtləndirən xeyli sayda nümunələr göstərmək mümkündür. 44 günlük Vətən müharibəsi zamanı İtaliya Azərbaycanın haqlı mövqeyini dəstəkləyib. Məhz bu dostluğun nəticəsidir ki, İtaliya işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərinə cəlb edilən ilk ölkələrdəndir. 2020-ci il dekabrın 19-da İtaliya ilə Azərbaycan arasında doğma Qarabağımızda energetika infrastrukturunun yaradılmasına dair müqavilə imzalanıb. 2020-ci ildə həmçinin “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” imzalanıb. Həmin sənədin imzalanması Azərbaycan-İtaliya münasibətlərinin növbəti illər üçün mükəmməl yol xəritəsini ortaya qoydu. Hər iki ölkə arasındakı ikitərəfli münasibətlər mükəmməl hüquqi bazaya malikdir. Bu isə münasibətlərimizin yüksələn xətlə inkişafına geniş zəmin yaradır.
Azərbaycanla İtaliya bir sıra beynəlxalq təşkilatlar çərçivəsində və eləcə də onların parlament assambleyaları səviyyəsində qarşılıqlı əməkdaşlıq edirlər və bu əməkdaşlığı gələcəkdə daha da dərinləşdirmək məqsədəuyğun hesab olunur. Parlamentlərimiz arasında sıx əlaqələr mövcuddur. Dostluq qruplarının fəaliyyət göstərməsi isə bir daha onu göstərir ki, dövlətlərarası münasibətlərimizin inkişaf etdirilməsində hər iki tərəfdə ciddi siyasi iradə var.
1997-ci ildə Ulu Öndər Heydər Əliyevin, 2005-ci ildə və 2008-ci ildə Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfərləri ikitərəfli münasibətlərə xüsusi təkan vermiş və bu sahədə yeni mərhələlərin başlanğıcını qoymuşdur. 2005-ci ildə Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfəri zamanı Azərbaycan və İtaliya arasında informasiya, telekommunikasiya, gömrük, idman, mədəniyyət, bələdiyyə və ədliyyə sahələrində əməkdaşlıqla bağlı yeni sazişlər imzalanıb.
Azərbaycan və İtaliya yüksək səviyyədə siyasi dialoqun inkişaf etdirilməsində və iki dövlətin qanunvericilik və icra hakimiyyəti orqanları arasında əməkdaşlığın genişləndirilməsində maraqlıdırlar. İki ölkə arasında əlaqələr möhkəm təməllər üzərində qurulub. Azərbaycan-İtaliya əlaqələrinin inkişafını hər iki ölkənin parlamentləri dəstəkləyir və hər zaman öz töhfələrini verməyə çalışırlar.
Azərbaycan Prezidenti İlham Əliyev ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da möhkəmləndirilməsinə böyük əhəmiyyət verir. İtaliya ölkəmiz üçün Avropada və dünyada ən mühüm tərəfdaşlardan biridir. İki ölkə arasında olan münasibətlərin daha da genişləndirilməsi üçün yaxşı perspektivlər mövcuddur.
Azərbaycan-İtaliya əlaqələrindən bəhs edərkən ilk növbədə enerji layihələri nəzərdə tutulur. Xəzər hövzəsinin enerji daşıyıcılarının Qərbə nəql edilməsi, Bakı - Tbilisi - Ceyhan əsas ixrac neft kəməri, Bakı - Tbilisi - Ərzurum qaz kəməri, region ölkələrinin inkişafında və Cənubi Qafqazda sabitliyin bərqərar olmasında, habelə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Beynəlxalq layihələrin həyata keçirilməsində aparıcı rol oynayan Azərbaycan Avropanın etibarlı strateji tərəfdaşına çevrilib.
2006-cı ilin noyabr ayında Azərbaycan və Avropa İttifaqı arasında qəbul edilmiş Fəaliyyət Planı və 2009-cu ilin mart ayında Avropa İttifaqı Şurasının Şərq Tərəfdaşlığı haqqında bəyannaməsi strateji prioritetlər sırasındadır və bu baxımdan Azərbaycan Avropa İttifaqının üzvü olan ölkələrlə, o cümlədən İtaliya ilə daha sıx əməkdaşlıq etməyə və onun Avropa İttifaqına inteqrasiya təcrübəsindən faydalanmağa maraqlıdır.
Həyata keçirilən bütün bu işlər Azərbaycan və İtaliya xalqlarının yaxınlaşması və gələcəkdə daha geniş tərəfdaşlıq və əməkdaşlıq münasibətlərinin qurulması İtaliya və Azərbaycan arasında turizm, tələbə mübadiləsi, təhsil sahəsində əməkdaşlıq siyasi və iqtisadi sahələrdə münasibətlərimizin daha da möhkəmlənməsinə gətirib çıxaracaqdır.
Cavid Mehdizadə
YAP Xətai rayon təşkilatının fəalı