Məlum olduğu kimi , 48-ci Beynəlxalq Çernobbio Forumu sentyabr ayının 2-də İtaliyanın Çernobbio şəhərində keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanın, İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin və “The European House – Ambrosetti” beyin mərkəzinin dəvəti ilə beynəlxalq forumda əsas qonaq qismində iştirak edib. Cənab Prezident İlham Əliyev forumun plenar iclasında “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış edib.
Enerji təhlükəsizliyi məsələsində Azərbaycanın rolu barəsində danışarkən bəzi tarixi məqamlara diqqət yetirmək lazımdır. 1994-cü ildən dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində çalışmağa dəvət edən ilk ölkə Azərbaycan olub. Avropa bazarına, xüsusən də İtaliyaya neft ixracını təmin edirik. Azərbaycan İtaliyanı neftlə təchiz edən bir nömrəli ölkədir. Açıq dənizə çıxışımız olmadığına görə ölkəmizin ixrac boru kəmərlərinə ehtiyacı var idi. Ölkəmiz iki strateji neft boru kəmərinin inşası ilə Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü üzərimizə götürdü. Biri Türkiyənin Aralıq dənizi sahilindəki limana qədər uzanır, digəri isə Gürcüstanın Qara dəniz sahilindəki limana qədər. Biz Qara dəniz bazarı və dünya bazarlarına təchizatı şaxələndirməyə nail olduq. Enerji strategiyamızın ikinci mərhələsi nəhəng qaz yataqlarının istismarı ilə bağlı idi. Azərbaycanın təsdiq edilmiş ehtiyatları ilə bağlı məlumata əsasən, bizim ehtiyatımız 2,6 trilyon kubmetrə bərabərdir. Azərbaycan Avropaya təbii qaz ixracını iki dəfə artırmağı planlaşdırır. Bunun üçün isə vacib addımlar atılmalıdır - siyasi qərarlar, texniki tədbirlər və əlbəttə ki, sərmayə. Artan ehtiyacı təmin etmək üçün bizim sıx əməkdaşlığa ehtiyacımız var. Artıq rəsmi olaraq Avropa İttifaqı və Azərbaycan arasında enerji ilə bağlı dialoqa start verilib. Buraya yalnız təbii qaz deyil, həmçinin enerji bazarının digər seqmentləri də daxil olacaq, xüsusilə elektrik enerjisi, hidrogen və yaşıl hidrogen daxildir. Bununla da Azərbaycanın enerji strategiyasının üçüncü mərhələsinə gəlib çıxdıq. Bu isə bərpaolunan enerji mənbələrinə sərmayənin qoyulmasıdır.
Camalxan Xanbutov,
Bakı şəhəri, Xətai rayonu, Zaur Məmmədov adına 171 nömrəli tam оrta məktəbin rus dili və ədəbiyyat müəllimi,
YAP Xətai rayon təşkilatı, Neapol 8A ünvanında yerləşən ərazi partiya təşkilatının sədri