06 sentyabr 2022 23:27
640

Ermənistan “Qisas-2” əməliyyatı istəmirsə…

Azərbaycanın qırx dörd günlük Vətən müharibəsindəki tarixi Qələbəsi regionda uzunmüddətli sülh üçün əlverişli şərait yaradıb. Müharibədən ağır məğlubiyyətlə çıxan və kapitulyasiya sənədinə imza atan Ermənistan yenə də öz məkrli məqsədlərindən əl çəkməyərək beynəlxalq hüququn tələblərini kobud şəkildə pozaraq bölgədə davamlı sülhün və birgəyaşayışın təmin olunmasına ciddi cəhdlə mane olur. Təcavüzkar ölkə hələ də anlamaq istəmir ki, Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası, sülh müqaviləsinin imzalanması regionun gələcəyi üçün mühüm əhəmiyyət daşıyır. Ermənistan öz təcavüzkar xislətinə sadiq qalaraq hələ də bu məsələ ilə bağlı Azərbaycanın təkliflərinə cavab vermir. Əksinə, öz təxribatçı hərəkətləri ilə sərhəddə gərginlik yaratmaq üçün ən iyrənc vasitələrə əl atır. Bu, günlərdə Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca və Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Yuxarı Ayrım yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutması bunun əyani təsdiqidir.

Bundan başqa, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın sentyabrın 2-də Qarabağdakı qondarma qurumun saxta bayramı münasibətilə Xankəndiyə qanunsuz səfəri Azərbaycana qarşı növbəti təxribatdır. Bu həmçinin iki dövlət arasında münasibətlərin normallaşması cəhdlərinə xələl gətirir. Azərbaycan Xarici İşlər Nazirliyinin bu məsələyə sərt reaksiyasında bütün bu məsələlər öz əksini tapıb.

Həmçinin erməni əsilli rusiyalı milyarder Ruben Vardanyanın Rusiya vətəndaşlığından imtina edərək Qarabağa köçməsi, dördüncü Brüssel görüşündə əldə edilən bəzi razılaşmalara rəğmən ermənilərin mövqelərimizi atəşə tutması, eləcə də qondarma “müstəqillik günü” ilə bağlı baş nazir Nikol Paşinyanın separatçı-terrorçulara “təbrik məktubu” ünvanlaması və məktubda “münaqişənin”  artıq gorbagor olmuş ATƏT Minsk qrupu çərçivəsində həllindən bəhs etməsi Ermənistan rəhbərliyinin ölkəmizə qarşı təxribatçı əməllərini davam etdirməsinin bariz nümunəsidir.

Yeri gəlmişkən, bu günlərdə Azərbaycan Müdafiə Nazirliyi Ermənistan hərbçisinin guya Azərbaycan Ordusunun açdığı atəş nəticəsində ölməsi ilə bağlı iddialarına münasibət bildirib. Müdafiə Nazirliyindən verilən məlumata görə, ordumuzun bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində guya atəş açılması və nəticədə Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun ölməsi barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır: “Bu məlumatı qəti surətdə təkzib edirik”.

Təbii ki, Ermənistanın bu barədə yaydığı məlumatlar sırf dezinformasiya məqsədi daşıyır. Məğlub ölkənin hərbi-siyasi rəhbərliyi ənənələrinə sadiq olaraq ölkə ictimaiyyətini və beynəlxalq aləmi çaşdırmaq üçün yenə yalan məlumatlar yaymaqda davam edir. Birmənalı demək olar ki, Ermənistan-Azərbaycan dövlət sərhədində vəziyyətin gərginləşdirilməsinə görə məsuliyyət tam olaraq Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Azərbaycan sərhədlərinin toxunulmazlığını təmin etmək üçün Ermənistanın bütün təxribatlarının qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.

Ermənistan silahlı qüvvələrinin törətdiyi hərbi təxribatların əsas səbəbi sərhədlərin delimitasiyası və demarkasiyası, həmçinin Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli Bəyanatı üzrə üzərlərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istəyinin olmamasıdır. Ekspertlər qeyd edirlər ki, son günlərdə baş verənlər Cənubi Qafqazda sülh və sabitliyin bərqərar edilməsinə imkan verməmək və üçtərəfli Bəyanatın tammiqyaslı tətbiqindən qaçmaq məqsədi güdür.

Göründüyü kimi, Ermənistan bölgədə yaranmış yeni reallıqları qəbul etməli, hərbi təxribatlara son verməli, Ermənistan-Azərbaycan dövlət sərhədində təxribatı törədərək, vəziyyəti gərginləşdirməkdən əl çəkməli, qısa müddətdə sərhədlərin demarkasiya və delimitasiyası üzrə danışıqlara başlamalıdır. Əgər ermənilər “Qisas-2” əməliyyatı ilə üz-üzə qalmaq istəmirlərsə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməlidirlər. Yoxsa, Brüsseldə bir, İrəvanda başqa söz deməklə bu işlər həll olunmaz…

Zahid Rza, “İki sahil”