06 sentyabr 2022 16:10
657

Avropanın enerji təhlükəsizliyində ölkəmizin xüsusi rolu vardır

Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra iqtisadi sahədə öz suveren hüquqlarını gerçəkləşdirməyə və müstəqil siyasət aparmağa başlamışdır. Müstəqilliyin ilk illərində   Azərbaycanın xarici siyasətinin ən vacib istiqamətlərindən birini məhz enerji siyasəti təşkil etmişdir. Azərbaycan hökumətinin həyata keçirdiyi siyasət nəticəsində bu gün qlobal enerji təhlükəsizliyinin təmin olunmasında böyük layihələrə imza atılıb.

Azərbaycan, Gürcüstan və Türkiyə, Avropada və Aralıq dənizi bölgəsində Xəzərin enerji təmin edən üç dost ölkəsidir. Bu gün Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum boru kəməri, TAP və TANAP layihələri Azərbaycanın, Orta Asiyanın neftini və qazını Avropa ilə bərabər digər beynəlxalq bazarlara çatdırır.

Azərbaycan Respublikası ilə Avropa ölkələri arasında enerji sahəsində iş birliyinin sərhədləri kifayət qədər geniş olmaqla bir çox mühüm sahələri əhatə edir. Bu əməkdaşlıq sahələri içərisində neft sektoru mərkəzi yerdədir. Bunu Azərbaycan dövlətinin enerji diplomatiyasının böyük uğuru kimi dəyərləndirmək olar. Belə ki, Azərbaycanın atdığı strateji addımlar sübut etdi ki, Avropanın enerji təhlükəsizliyində ölkəmizin xüsusi rolu vardır. Bunu sübut edən məqamlardan biri də odur ki, təkcə 1995-1997-ci illərdə Avropa dövlətlərinin Azərbaycana qoyduqları iki milyard dollar həcmində sərmayənin 99%-i neft sənayesinə yönəlmişdir.

Enerji, Avropa Birliyi-Azərbaycan əməkdaşlığının ən vacib ölçüsünü təşkil edir. Əslində Avropa Birliyinin Azərbaycanla imzaladığı bütün sənədlərdə və Azərbaycanın iştirak etdiyi bütün proqramlarda enerji məsələsi ayrıca bir başlıq altında həll edilmişdir. Avropa ölkələri neftin 30-40 faizini Azərbaycandan əldə edirlər və etibarlı tranzit ölkə, digər ölkələrin etibar edə biləcəyi tərəfdaş ölkə kimi Azərbaycan regionda özünə ad qazanıb.

Azərbaycanın enerji təhlükəsizliyinin əsas istiqamətlərindən biri də ölkənin elektrik enerjisinə olan daxili ehtiyacının fasiləsiz təmin edilməsindən ibarətdir. Bu məqsədlə son illərdə qarşıya qoyulmuş əsas vəzifələr milli elektrik enerjisi sisteminin yenidən və müasir texniki tələblərə uyğun şəkildə qurularaq Avropa standartları səviyyəsinə çatdırılması, daxili enerji tələbatının tam ödənilməsi və qonşu ölkələrə elektrik enerjisi satışının artırılmasından ibarətdir. Müstəqillik illərində, xüsusən də 2001-ci ildən başlayaraq Azərbaycanın milli elektrik enerji sistemi, enerji istehsal edən əksər strukturları yenidən qurulmuş, ölkədaxili və Azərbaycanı xarici ölkələrlə birləşdirən magistral elektrik xətləri yeniləşdirilmiş, şəhərlərdə, rayonlarda onlarla böyük və kiçik elektrik stansiyaları tikilmişdir. Bu da nəinki ölkənin elektrik enerjisinə olan illik təxminən 18 milyard kvt/saat daxili tələbatını ödəməyə, eyni zamanda qonşu ölkələrə 2 milyard kvt/saata yaxın enerji ixrac etməyə imkan vermişdi

Nəticə etibarilə Avropanın və bölgə ölkələrinin enerji təhlükəsizliyi sistemində Azərbaycanın rolu gündən-günə artır. Cənub Qaz Dəhlizi reallaşarsa və önümüzdəki dövrlərdə Türkmənistan və İran təbii qazının Avropaya nəqlində Azərbaycanın tranzit ölkə rolunu öz üzərinə götürməsi halında Azərbaycanın Avropanın enerji təhlükəsizliyini təmin edən əsas ölkə kimi mövqeyi artacaqdır.

Səba Rzayeva,
YAP-ın gənc fəalı