822, 853, 874 və 884 rəqəmləri yalnız və yalnız “kağız üstündə” söz sahibi olan, beynəlxalq arenada isə, heç bir siyasi önəm daşımayan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin nömrələridir. Həmin qətnamələr ki, onların qəbul olunmasında beynəlxalq aləmin siyasi və ictimai rolu olmuşdur, lakin onların həyata keçirilməsində heç bir siyasi və ya hərbi qüvvənin hər hansı bir təşəbbüsü diqqət çəkməmişdir. O vaxta qədər ki, Azərbaycanın müzəffər ordusu həmin qətnamələri öz gücünün hesabına meydanda həyata keçirdi, siyasi liderimiz isə, masada həmin qalibiyyətləri rəsmiləşdirdi. Bununla da Azərbaycan xalqı birlik göstərərək bütün dünyaya sübut və nümayiş etdi ki, xalqımız ən güclü, ən qocaman xalqlardan biri olub və bu indi də belədir. Beynəlxalq aləmin bu qədər qarışıq və düyünlərlə dolu olmasına baxmayaraq, biz bunu bacardıq və BMT-nin heç nəyə lazım olmadığını bütün dünyaya göstərdik.
İtaliyanın Çernobbio şəhərində keçirilən beynəlxalq forumda ölkəmizi təmsil edən Cənab Prezident İlham Əliyevin bu mövzuda olan fikirlərini çıxışı zamanı bölüşməsi diqqəti cəlb edən məqamlardandır. Beynəlxalq hüquq normaları bizim öz məsələmizdə də pozulmuşdur. Biz torpaqlarımız işğal altında olarkən beynəlxalq ictimaiyyətə fəal şəkildə müraciət etmişdik. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələri 27 il ərzində yerinə yetirilməmişdi. Bu sözləri deməklə cənab prezidentin ictimaiyyətə çatdırmaq istədiyi nüans ondan ibarətdir ki, Azərbaycan xalqı bütün sənədlərdən, təşkilatlardan daha üstün, daha güclüdür!
Mais Günəşli,
YAP-ın gənc fəalı