Müasir dünyada hər bir müstəqil dövlət öz maraqlarına xidmət göstərən müstəqil siyasət yürüdür. Yerləşdiyi regionda baş verən hadisələrin mürəkkəbliliyinə baxmayaraq ölkəmizin dinamik inkişaf yolu ilə dünyada qüdrətli ölkə kimi tanınması da düşünülmüş daxili və xarici siyasətin uğuru olmaqla, inkişaf edən Azərbaycan modelinin təbliğidir. Azərbaycanın xarici siyasət xətti qonşu və dost ölkələrin də maraqlarını nəzərə almağa və birgə əməkdaşlığa, səmərəli və bərabərhüquqlu tərəfdaşlığa köklənmişdir. Beynəlxalq münasibətlər sistemində məhz belə siyasət xətti digər dövlətlərin də məqbul qəbul etdiyi siyasətdir. Müasir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev rəhbərlik etdiyi dövlətin siyasətini bilavasitə bu xətlə inkişaf və davam etdirir. Azərbaycan bölgədə və beynəlxalq səviyyədə əməkdaşlığa, təhlükəsizliyə də mühüm töhfələr verir. Bu kontekstdə son dönəmlərdə ölkəmizin iştirakı ilə gerçəkləşdirilən enerji layihələrinin əhəmiyyəti deyilənləri təsdiq edir. Məhz bütün bunlara görə dünya siyasətinin aparıcı qurumları, həmçinin mötəbər beynəlxalq təşkilatlar da Azərbaycanın mütərəqqi xarici siyasətini regional təhlükəsizlik və qlobal inkişafa mühüm töhfə kimi qiymətləndirir. Azərbaycanın uğurlu xarici siyasət kursu sivilizasiyalararası dialoq və qlobal inteqrasiya baxımından da xüsusi əhəmiyyət kəsb edir. Ölkəmiz beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış edir. Azərbaycan sivilizasiyalararası dialoqun inkişafına əhəmiyyətli töhfələr verməklə yanaşı, mühüm siyasi, iqtisadi, mədəni və humanitar xarakterli beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bir çox nüfuzlu beynəlxalq tədbirlərin respublikamızda keçirilməsi Azərbaycanın beynəlxalq inteqrasiya prosesində uğurla iştirak etməsindən xəbər verir. Beləliklə, Azərbaycan özünün çoxşaxəli və mütərəqqi siyasəti ilə xalqlararası əməkdaşlığın inkişafında və sivilizasiyalararası dialoqda mühüm rol oynayır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, hazırda Azərbaycan Cənubi Qafqaz regionunun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilib. Xalqın etimadını qazanmaqla tam mənada tarixi şəxsiyyətə çevrilən Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, ölkəmizin beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmlənməsinə və nüfuzunun artmasına xidmət edir. Dövlət başçısının məqsədyönlü siyasi-diplomatik fəaliyyəti, Azərbaycanın siyasi-iqtisadi müstəqilliyinin daha da möhkəmlənməsi istiqamətində həyata keçirdiyi mühüm tədbirlər, qəbul etdiyi strateji proqramlar, Heydər Əliyev siyasətinin və ideyalarının ardıcıl və dönməz şəkildə gerçəkləşdirilməsi xətti Azərbaycan xalqının xoşbəxt, firavan sabahına, müstəqilliyimizin əbədiliyinə inamı qat-qat artırır. Bu fəaliyyət və siyasət xalq tərəfindən bəyənilir və dəstəklənir.
Ayşən Qasımova,
YAP-ın gənc fəalı