06 sentyabr 2022 10:02
530

Azərbaycan energetikasının yeni dövrü Qarabağ və Şərqi Zəngəzurdan başlayır

İşğaldan azad edilmiş ərazilərin bərpası prosesinin mühüm tərkib hissəsi kimi enerji infrastrukturunun qurulması və enerji təhlükəsizliyinin təmin edilməsinə ilk günlərdən xüsusi əhəmiyyət verilir. Qələbədən dərhal sonra 2020-ci ilin noyabrında yaradılmış Əlaqələndirmə Qərargahı və onun nəzdindəki İdarələrarası Mərkəzin İşçi Qruplarından biri məhz enerji təminatı məsələləri üzrə fəaliyyət göstərir. Bütün bölgənin elektrik enerjisi ilə tam təmin edilməsi əsas hədəf kimi müəyyənləşdirilib. Bu hədəfə uyğun olaraq elektrik enerjisinin istehsal güclərinin bərpası çərçivəsində Laçında, Kəlbəcərdə və Suqovuşanda bərpa edilən 20 MVt gücündə dörd su elektrik stansiyasından üçü artıq istismara verilib. 8 MVt gücə malik “Güləbird”, ümumi gücü 7,8 MVt olan “Suqovuşan-1” və “Suqovuşan-2” kiçik su elektrik stansiyaları, həmçinin yenidən tikilən 4,4 MVt gücündə “Kəlbəcər-1” kiçik SES-dən başqa, hazırda dağıdılmış vəziyyətdə olan, ümumi gücü 140 MVt-a qədər olan 33 KSES-in bərpası istiqamətində də müvafiq qurumlarla birgə araşdırmalar aparılır.Ümumilikdə, işğaldan azad olunmuş ərazilərdə 300 kilometrə yaxın müxtəlif gərginlikli hava və kabel xətləri çəkilib, bərpa edilib, xeyli sayda transformatorlar quraşdırılıb. Həm Qarabağda, həm Şərqi Zəngəzurda elektrik enerjisi təsərrüfatının qurulması prosesi intensiv şəkildə davam etdirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyada keçirilən 48-ci beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı zamanı deyib. "Biz artıq rəsmi olaraq Avropa İttifaqı və Azərbaycan arasında enerji ilə bağlı dialoqa start vermişik. Buraya yalnız təbii qaz deyil, həmçinin enerji bazarının digər seqmentləri də daxil olacaq, xüsusilə elektrik enerjisi, hidrogen və yaşıl hidrogen daxildir". "Bu isə bərpaolunan enerji mənbələrinə sərmayənin qoyulmasıdır. Biz bir neçə il əvvəl bu prosesə başlamışıq. Bərpaolunan enerjiyə, xüsusən də bu sahənin böyük potensialını nəzərə alaraq sərmayə qoymaq bizim mənəvi öhdəliyimiz idi. Artıq biz bərpaolunan enerji sahələrinin Azərbaycandakı potensialını da dəyərləndirmişik. Belə ki, Xəzərin təkcə Azərbaycan sektorunda təsdiq olunmuş potensialı 157 qiqavatdır. 2020-ci ilin Vətən müharibəsində azad etdiyimiz ərazilərdə - Qarabağ və Zəngəzurda külək, günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur.

Hazırda alternativ mənbələrin yaradılmasında dünyanın aparıcı şirkətləri tərəfindən investisiyalar yatırılır. Gələcəkdə bu investisyaların daha da genişləndirilməsi və şaxələndirilməsi planlaşdırılır. Azərbaycan təkcə özünün enerji təminatı ilə bağlı işi bitmiş hesab etmir, həm də böyük böyük bir qitənin enerji təhlükəsizliyinin təminatında iştirak etmək niyyətindədir. Avropa İttifaqı bu gün enerji böhranı ilə qarşılaşıb. Azərbaycan alternativ mənbə olaraq həm neft, həm qaz, həm də elektrik enerjisi ilə təminatı həyata keçirəcək. Bu həm büdcəmizə əlavə gəlirlər deməkdir, həm də dünyada enerji təhlükəsizliyinin təmin olunmasına verilən töhfə olacaq". Bütün bunlar xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf kursu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin uğurları sayəsində bu gün tarixinin ən qüdrətli dövrünü yaşayan ölkəmizin energetika sektorunda əldə etdiyi nəticələrin yalnız müəyyən bir hissəsidir. Azərbaycan energetikləri qlobal inkişaf dəyişikliklərinə uyğunlaşmaqla, istehsal portfelində şaxələnmə və səmərəli idarəetməyə nail olmaqla bu xəttin bundan sonra da davam etdirilməsi missiyasını şərəflə yerinə yetirəcək, müasir və güclü Azərbaycanın gələcəyinin daim işıqlı olmasına fədakar əməklər ilə töhfə verəcək.

Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı