Müasir müstəqil Azərbaycanın memarı və qurucusu olan ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş xarici siyasət strategiyası bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda müstəqil dövlətimizin beynəlxalq aləmdəki mövqeləri xeyli möhkəmlənmiş, əlaqələri genişlənmişdir. Dövlət başçımızın dünya səviyyəsində həyata keçirdiyi balanslaşdırılmış xarici siyasəti Azərbaycanı inkişaf etmiş demokratik ölkələr sırasına çıxarıb. İndi Azərbaycan demokratik, müstəqil və azad bir ölkə kimi tanınır. Dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu ildən-ilə artır. İqtisadiyyatının aparıcı sahəsi neft-qaz sənayesi olan ölkəmiz müstəqillik qazandıqdan sonra karbohidrogenlərin hasilatında mühüm irəliləyişlərə nail olub. Qazanılan müvəffəqiyyətlər ulu öndər Heydər Əliyevin uzaqgörən iqtisadi siyasətinin və bu siyasətin uğurla davam etdirilməsinin nəticəsidir.
Müəllifi ümummilli lider Heydər Əliyev olan yeni neft strategiyası öz bəhrələrini verir, onun uğurlu davamı bu sahədə yeni zirvələrin fəth olunmasına, yeni qələbələrə imza atılmasına imkan yaradır. 1994-cü ildə müstəqilliyimizin bərpasından üç il keçdikdən sonra Azərbaycan dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində çalışmağa dəvət edən ilk ölkə oldu. Tezliklə Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrildik. İki strateji neft boru kəmərinin inşası ilə Azərbaycan Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü öz üzərinə götürdü. Biri Türkiyənin Aralıq dənizi sahilindəki limana qədər uzanır, digəri isə Gürcüstanın Qara dəniz sahilindəki limana qədər. Bununla da Azərbaycan Qara dəniz bazarı və dünya bazarlarına təchizatı şaxələndirməyə nail oldu Azərbaycan və İtaliya arasında iqtisadi-siyasi dialoq olduqca fəaldır və ikitərəfli gündəliyə daim yeni, vacib mövzular daxil edilir. 2020-ci ildə İtaliya və Azərbaycan arasında strateji tərəfdaşlığa dair sənəd imzalanmışdır. Ölkələrimiz arasında sıx əməkdaşlıq və strateji tərəfdaşlıq ilə bağlı geniş müzakirələr davamlı şəkildə aparılır. Möhtərəm Prezident İlham Əliyevin Çernobbio Forumunda çıxışında xatırlatdığı kimi, Azərbaycan son 10 il ərzində qonşu ölkələr bazarında etibarlı təchizatçıdır. Azərbaycan böyük qaz təchizatı boru kəmərinə malikdir. Cənub Qaz Dəhlizi üç boru kəmərindən ibarət inteqrasiya edilmiş boru kəmərləri sistemidir - Cənubi Qafqaz boru kəməri, Trans-Anadolu (TANAP) boru kəməri və Trans-Adriatik (TAP) boru kəməridir ki, o, İtaliyaya qədər uzanır. Bu, 3500 kilometr uzunluğunda mürəkkəb texniki infrastrukturdur. Azərbaycanın təbii qaz ehtiyatlarına tələbat durmadan artır. Bir il yarım ərzində artıq Avropaya 13,5 milyard kubmetr qaz nəql edilib ki, onun da 11,7 milyard kubmetri İtaliyanın payına düşür. Cari ildə İtaliya bazarına 10 milyard kubmetr qaz nəql etmək planlaşdırılır. Dünya dəyişib və bu dəyişikliklərin hansı axınla gedəcəyi Ukraynada müharibə nə qədər müddət davam edəcək və bu savaşın sonu necə bitəcək, dünyadakı güclərin balansı hansı şəkildə olacaq kimi amillərdən asılıdır. Avropa İttifaqı və Azərbaycan arasında enerji ilə bağlı dialoqa start verilib. Buraya yalnız təbii qaz deyil, həmçinin enerji bazarının digər seqmentləri də daxil olacaq, xüsusilə elektrik enerjisi, hidrogen və yaşıl hidrogen daxildir. Bərpaolunan enerji sahələrinin Azərbaycandakı potensialı dəyərləndirilib. Xəzərin təkcə Azərbaycan sektorunda təsdiq olunmuş potensialı 157 qiqavatdır. Yeni tələblərə cavab verən mükəmməl texniki sistemin yaradılması nəticəsində gündəlik texnoloji sərf və itkilər minimuma endirilib, qazma və istismar qurğuları modernləşdirilib, səmərəli texnika-texnologiyalar tətbiq edilib. Müasir idarəetmə və nəzarət sistemləri ilə təmin olunmuş yığım-nəql şəbəkəsi yaradılıb, yeni kompressor stansiyaları tikilib, mövcud stansiyalar genişləndirilib və yenidən qurulub. Odur ki, bu gün Azərbaycanın ən ucqar, heç sovet dövründə də qaz almayan kəndlərində mavi alov şölələnir.
Aynur Həsənova,
YAP-ın gənc fəalı