06 sentyabr 2022 12:21
453

“Əsrin müqaviləsi”: Azərbaycanın uğurlu enerji strategiyası

Son zamanlarda intensiv hal almış enerji məslələrinin müzakirələri hələ 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanarkən ölkəmizin dünya enerji bazarında mövqeyinin möhkəmlənəcəyi və zamanı gəldikdə isə söz sahibi olacağını hesablayan Ulu Öndər və onun siyasi kursunun sadiq davamçısı möhtərəm Prezident cənab İlham Əliyevin zəhmətlərinin boşa getmədiyinin sübutudur. Bəli "Əsrin müqaviləsi” ilə müstəqilliyini  möhkəmləndirən Azərbaycan öz sərvətlərinə tam sahib olduğunu bütün dünyaya nümayiş etdirdi. Təsadüfi deyil ki, "Əsrin müqaviləsi”nin imzalanmasına həsr olunmuş təntənəli mərasimdə çıxış edərkən ulu öndər Heydər Əliyev demişdir: "Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikasının suveren hüquqlarının bərqərar olduğunu, Azərbaycanın tam müstəqil olduğunu, xalqımızın öz sərvətlərinə özünün sahib olduğunu dünyaya bir daha nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradırıq... Biz bu müqaviləni imzalamaqla xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün böyük yol açırıq”. Prezident İlham Əliyev isə "Əsrin müqaviləsi”nin imzalandığı dövrün iqtisadi və siyası vəziyyətinin mürəkkəbliyini və buna rəğmən atılan addımın əhəmiyyətini belə dəyərləndirmişdir. "Əsrin müqaviləsi"nin Azərbaycan tarixində xüsusi yeri vardır və Azərbaycanın müstəqil ölkə kimi yaşamasında bu rol əvəzolunmazdır. O vaxt bizim nə imkanlarımız var idi, nə də vəsaitimiz. Ölkədə sənaye sahəsində hələ ki, tənəzzül yaşanırdı, iqtisadiyyat demək olar ki, çökmüşdü. Müstəqil ölkə üçün yaşamaq çox çətin idi. Müstəqilliyimiz demək olar ki, şübhə altında idi. Məhz o çətin illərdə Azərbaycana investisiyalar gətirmək, Azərbaycanı dünya birliyinə etibarlı tərəfdaş kimi təqdim etmək, xarici investorlar üçün münbit şərait yaratmaq, eyni zamanda, Azərbaycanın dövlət maraqlarını tam şəkildə qorumaq böyük siyasi təcrübə, bilik və məharət tələb edirdi. O vaxt Azərbaycanın xarici şirkətlərlə əməkdaşlığı bölgədə birmənalı qarşılanmırdı. "Əsrin müqaviləsi"nin imzalanması böyük siyasi cəsarət tələb edirdi. Ancaq Heydər Əliyevin qətiyyəti və Azərbaycan xalqının dəstəyi ilə biz buna nail ola bilmişik”.

Təməli "Əsrin müqaviləsi” ilə qoyulan enerji strategiyasının reallaşması üçün 2006-cı ildə Xəzəri Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tikintisi reallaşdı. Bütün bunlar neft-qazın beynəlxalq bazarlara çıxarılmasında yeni marşrut və mənbə kimi mühüm əhəmiyyətə malik idi. Eyni zamanda Bakı–Tbilisi–Ceyhan, ümumiyyətlə, Azərbaycanın bütün digər enerjinin nəql olunması infrastrukturu hər hansı fasilə olmadan istismar edilir. Bu, əlbəttə, proqnozlaşdırmanın, etibarlılığın və bu cür nəhəng, texniki və maliyyə baxımından çətin infrastruktur layihələrin icrasında ölkəmizin gücünün, bu sahədə qazanılan bilik və bacarığın təzahürüdür. Həmçinin bu layihələrin çox mürəkkəb siyasi mühitdə həyata keçirilməsi də xüsusi diqqət çəkir. Cənab Prezidentimizin hər zaman vurğulandığı kimi, Cənub Qaz Dəhlizi fəxr edə, fərəhlənə biləcəyimiz layihədir. Eyni zamanda, o, bizə nəhəng “Şahdəniz” qaz-kondensat yatağında hasilatı artırmağa imkan yaradan önəmli strukturdur. Cənub Qaz Dəhlizi çox sayda müxtəlif maraqlı tərəfləri özündə birləşdirən mürəkkəb bir layihədir. Dəhlizin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Bu layihə dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizi Xəzər regionundakı müəyyən qaz ehtiyatını Avropa bazarına daşımaqla dünyanın enerji xəritəsini dəyişir.

Bütün bunların nəticəsi olaraq, Sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda başlayan 48-ci Beynəlxalq Çernobbio Forumunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanın, İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin və “The European House – Ambrosetti” beyin mərkəzinin dəvəti ilə beynəlxalq forumda əsas qonaq qismində iştirak edib. Dövlətimizin başçısı forumun plenar iclasında “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış edib. Ölkələrimiz arasında siyasi dialoqun olduqca fəal olduğunu bildirən cənab Prezident qeyd etmişdir ki, ikitərəfli əməkdaşlığın inkişafı üçün önəmli təşəbbüslər atılır, 2020-ci ildə İtaliya və Azərbaycan arasında strateji tərəfdaşlığa dair sənəd imzalanmışdır. Enerji təhlükəsizliyi ilə bağlı Azərbaycanın rolundan danışan cənab Prezident bildirmişdir ki, Azərbaycan İtaliyanı neftlə təchiz edən bir nömrəli ölkədir. Azərbaycanın enerji strategiyasından danışan cənab Prezident qeyd etmişdir ki, bu strategiyanın önəmli mərhələsi nəhəng qaz yataqlarının istismarı ilə bağlıdır. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir. Azərbaycan son 10 il ərzində qonşu ölkələr bazarında etibarlı təchizatçıya çevrilmişdir.

Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın inkişafından bəhs edərkən qeyd olunmuşdur ki. bu ilin avqust ayında Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır. Bu Memorandum Azərbaycanın enerji resurslarının daha da inkişaf etdirilməsi istiqamətində atılmış çox vacib addımdır. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında qarşıya qoyduğu vəzifələri uğurla həyat keçirir və gələcəkdə Azərbaycanın bu sahədə rolu daha da artacaq.

Vilayət Mirzəyev,
SOCAR “Qaz İxrac” İdarəsinin İnformasiya kommunikasiya texnologiyaları şöbəsinin rəisi, 
YAP Xətai rayon təşkilatının "R.Əliyev küçəsi 19" ünvanında yerləşən ərazi partiya təşkilatının sədr müavini