Sentyabrın 2-də Prezident İlham Əliyev İtaliyanın Çernobbio şəhərində keçirilən 48-ci Beynəlxalq Çernobbio Forumunun plenar iclasında “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış edərək bir sıra vacib məsələlərə toxunub.
Diqqəti tarixi məqamlara yönəldən dövlətimizin başçısı Azərbaycanın uğurlu enerji strategiyası haqqında danışaraq bildirib ki, 1994-cü ildə müstəqilliyimizin bərpasından, sadəcə, üç il keçmişkən ilkin mərhələdə biz dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində çalışmağa dəvət edən ilk ölkə olduq: “Tezliklə biz Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrildik. Uzun illərdir ki, Azərbaycan İtaliyanı neftlə təchiz edən bir nömrəli ölkədir. Lakin açıq dənizə çıxışı olmayan ölkə olaraq bizim ixrac boru kəmərlərinə ehtiyacımız var idi. Biz iki strateji neft boru kəmərinin inşası ilə Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü üzərimizə götürdük...”
Belə ki, bu neft kəmərlərindən biri Türkiyənin Aralıq dənizinin, digəri isə Gürcüstanın Qara dəniz sahilindəki limana qədər uzanır. Beləliklə, biz Qara dəniz bazarı və dünya bazarlarına təchizatı şaxələndirməyə nail olduq. Enerji strategiyamızın ikinci mərhələsi nəhəng qaz yataqlarının istismarı ilə bağlı idi. Azərbaycanın təsdiq edilmiş ehtiyatları ilə bağlı məlumata əsasən, bizim ehtiyatımız 2,6 trilyon kubmetrə bərabərdir. Azərbaycan son 10 il ərzində qonşu ölkələr bazarında etibarlı təchizatçıdır. Lakin mövcud potensial və qaz infrastrukturuna sərmayə yatırmaq planlarımızı nəzərə alsaq, bizim böyük qaz təchizatı boru kəmərinin inşasına ehtiyacımız var idi. Biz bunu Cənub Qaz Dəhlizi adlandırdıq. Cənub Qaz Dəhlizi üç boru kəmərindən ibarət inteqrasiya edilmiş boru kəmərləri sistemidir. Bunlar Cənubi Qafqaz boru kəməri, Trans-Anadolu (TANAP) boru kəməri və Trans-Adriatik (TAP) boru kəməridir ki, o, İtaliyaya qədər uzanır. Bu, 3500 kilometr uzunluğunda mürəkkəb texniki infrastrukturdur. Onun bir hissəsi hündür dağlardan, bir hissəsi isə dənizin dibindən keçir.
2020-ci ilin son günü – dekabrın 31-də həmin mühüm layihənin yekun hissəsi olan TAP istifadəyə verildi. Həmin dövrdən etibarən bir il yarımdır ki, Azərbaycan Türkiyə və Gürcüstandan əlavə Avropanın üç ölkəsinə təbii qaz ixrac edən ölkəyə çevrilib. Bir il yarım ərzində artıq Avropaya 13,5 milyard kubmetr qaz nəql edilib ki, onun 11,7 milyard kubmetri İtaliyanın payına düşür. Bu il biz həcmi artırmağı və İtaliya bazarına 10 milyard kubmetr qaz nəql etməyi planlaşdırırıq. Ümumi ixracımız 22 milyard kubmetrdən artıq olacaq və burada artım üçün çox böyük potensial var.
Beləliklə, artan ehtiyacı təmin etmək üçün bizim sıx əməkdaşlığa və əlaqələndirməyə ehtiyacımız var. Bu məqsədlə biz artıq rəsmi olaraq Avropa İttifaqı və Azərbaycan arasında enerji ilə bağlı dialoqa start vermişik. Buraya yalnız təbii qaz deyil, həmçinin enerji bazarının digər seqmentləri də daxil olacaq, xüsusilə elektrik enerjisi, hidrogen və yaşıl hidrogen daxildir. Bununla biz Azərbaycanın enerji strategiyasının üçüncü mərhələsinə gəlib çıxdıq. Bu isə bərpaolunan enerji mənbələrinə sərmayənin qoyulmasıdır. Biz bir neçə il əvvəl bu prosesə başlamışıq.
Bu gün biz elektrik enerjisini Avropaya necə nəql edəcəyimizdən danışırıq. Gürcüstan, Türkiyə, Bolqarıstandan keçməklə Avropaya çıxacaq artıq mövcud olan xətt vasitəsilə, yoxsa yeni xətlə? Yoxsa enerji təchizatı üzrə geniş potensialı olan Zəngəzur dəhlizi ilə? Bunlar bizim enerji planlarımızın üçüncü mərhələsidir. Bu, yalnız Avropanı deyil, həmçinin daha geniş sahəni əhatə edəcək. Biz öz tərəfdaşlarımızın ehtiyaclarını qarşılamaq üçün əlimizdən gələni etməyə çalışacağıq.
Aydındır ki, enerji təhlükəsizliyi milli təhlükəsizliyin qarantıdır və bu istiqamətdə Azərbaycanın gördüyü işlər xalqımızın xoşbəxt gələcəyinə hesablanıb. Dövlət başçımızın əsas məqsədlərindən biri də bundan ibarətdir ki, icra olunan layihələr iqtisadi və geosiyasi əhəmiyyətə malikdir. Artan enerji ixracı ölkəmizin iqtisadi və geosiyasi əhəmiyyətini daha da gücləndirəcək, əlavə valyuta qazandıracaq.
Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri