Ulu öndər Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin sədri kimi gördüyü işlərin xronologiyası bu fikri böyük əminliklə söyləməyə əsas verir ki, bugünkü uğurlarımıza yol açan islahatların təməli məhz o illərdə qoyulub
Hər bir xalqın dövlətçilik ənənələrinin konkret dövlət modelində gerçəkləşməsi üçün güclü liderin olması mühüm şərtlərdəndir. Bir reallığı da xüsusi qeyd etməliyik ki, şəxsiyyətləri tarix yaratmır, şəxsiyyət tarixi yaradır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev tarix yaradan şəxsiyyətlərdəndir. Azərbaycan tarixinin ən möhtəşəm səhifələri ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı misilsiz xidmətlərinin təqdimatıdır. Dahi şəxsiyyət Heydər Əliyev həm hakimiyyətinin hər iki dövründə, həm də Naxçıvan illərində gördüyü işlərin təməlində Vətənə, dövlətə, xalqa sevgi dayanıb. Ümummilli Lider hər zaman xalqının çətin anlarında yanında olub, ümidlərini bərpa etmək üçün bütün zəruri addımları atıb. Onun «Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır» fikirləri də fəaliyyətinin bütün məqamlarını özündə ehtiva edir.
Azərbaycan tarixinin mühüm səhifəsi kimi dəyərləndirilən 3 sentyabr 1991-ci ildə ulu öndər Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinə Sədr seçilməsindən ötən 31 ilin reallıqları fonunda qarşıdakı dövrün mənzərəsini təqdim etmək heç də çətin deyil. Artıq qalib Azərbaycan yeni reallıqlara söykənərək həm iqtisadi, həm də siyasi mövqeyini möhkəmləndirmək üçün Milli Prioritetləri müəyyənləşdirib və onların həyata keçirilməsi istiqamətində biri-birindən əhəmiyyətli addımları ilə diqqətdədir. Bugünümüzün reallığı budur ki, Azərbaycan ulu öndər Heydər Əliyevin daim arzusunda olduğu Azərbaycandır. Dövlətçiliyimizin xilaskarı kimi adını tarixə yazan ulu öndər Heydər Əliyevin Naxçıvanda qəbul etdiyi qərarlar, atdığı addımlar müstəqil Azərbaycanın bugünkü və gələcək inkişafı üçün baza rolunu oynayır. Ümummilli Lider istər keçmiş sovetlər dönəmində, istər Naxçıvan MR Ali Məclisinin Sədri olduğu vaxtlarda, istərsə də 1993 -cü ildən sonra ölkənin siyasi, iqtisadi, sosial inkişafı naminə atdığı addımlarında bu məqamı xüsusi olaraq diqqətə çatdırmışdır ki, mənim həyatım, fəaliyyətim bütünlüklə Azərbaycanın uğurlu gələcəyinə, beynəlxalq münasibətlər sistemində nüfuz qazanmasına həsr olunub. Ulu Öndərin arzusu, amalı Azərbaycanı daim müstəqil, iqtisadi cəhətdən dayanıqlı inkişaf etmiş, demokratiya təcrübəsi digər ölkələrə örnək olan ölkə kimi görmək olub. Naxçıvan MR Ali Məclisinin Sədri vəzifəsində çalışarkən Azərbaycanda hakimiyyətdə olan, ölkəni müstəqilliyini itirmək, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoyan AXC-Müsavat cütlüyünü təmsil edən siyasətbazların "Naxçıvanın muxtariyyatı ləğv olunmalıdır" kimi xəyanətkar təkliflərini ərazi bütövlüyümüzə və suverenliyimizə qarşı təxribat kimi dəyərləndirmiş, atdığı addımları ilə həmin şəxslərin siyasətdə naşı olduqlarını, idarəçilikdən xəbərsizliklərini bir daha onlara çatdırmışdır. Ümummilli Lider bildirmişdir: "Naxçıvanın muxtariyyatı tarixi nailiyyətdir. Biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyatı Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox mühüm amildir. Biz bu amili qorumalıyıq."
Ulu öndər Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin Sədri kimi gördüyü işlərin, atdığı addımların xronologiyasına diqqət yetirdikdə bu fikri böyük əminliklə deyə bilərik ki, bugünkü islahatların, yeniliklərin, dünyaya çağırışların təməli məhz o illərdə qoyulub. Belə ki, Azərbaycanın dövlət müstəqilliyinin qorunması, möhkəmləndirilməsi ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsası olub. Xatırlasaq, onun Naxçıvandakı xidmətlərindən biri olan Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı «91-lər»in müraciətində də bu mühüm məqam öz əksini tapıb: «Azərbaycan Respublikasının dövlət müstəqilliyi əldə etməsi tarixi hadisədir və şübhəsiz ki, bütün azərbaycanlıları, bütün Azərbaycan vətəndaşlarını hədsiz dərəcədə sevindirir. Eyni zamanda, bu əlamətdar hadisə müstəqil Azərbaycan dövləti, Azərbaycan xalqı qarşısında çox məsul, mürəkkəb, çətin vəzifələr qoyur. İndi əsas vəzifə dövlətçiliyin, müstəqilliyin bərqərar olunmasını, milli-demokratik dövlətin formalaşmasını, müstəqil Azərbaycanın suverenliyini, təhlükəsizliyini təmin etmək və vətəndaşlara azad, xoşbəxt, firavan həyat şəraiti yaratmaqdan idarətdir. Bu xeyirxah və şərəfli işə hər bir vətənpərvər layiqli töhfəsini verməlidir.» Yeni Azərbaycan Partiyasının yaradılması ulu öndər Heydər Əliyevin fəaliyyətinin Naxçıvan mərhələsinin mühüm tarixi addımlarındandır.
Daim ölkəsinin, xalqının müstəqilliyi və azadlığı uğrunda çalışan ulu öndər Heydər Əliyev 1991-ci il sentyabarın 3-də Naxçıvan MR Ali Məclisinə Sədr seçilərkən fəaliyyətinə də elə bu mərhələdən başladı. Onun sədrliyi ilə keçirilən sessiyalar biri-birindən əhəmiyyətli məsələlərin müzakirəsi, qərarların qəbulu ilə yadda qalıb. Naxçıvan MSSR-nin adının dəyişdirilməsi, dövlət atributları sayılan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpası, himn və gerbi üçün müsabiqə keçirilməsi barədə qərarların qəbulu da deyilənlərin təsdiqidir. 1990-cı ildə Bakıda törədilmiş Yanvar hadisələrinə həsr olunmuş Azərbaycan SSR Ali Sovetinin yarımçıq dayandırılmış sessiyasını qətiyyətlə pisləyərək Naxçıvanda bu məsələnin müzakirəsini vacib hesab edən ümummilli lider Heydər Əliyev həqiqəti belə xarakterizə etmişdir: «Mən Azərbaycanın rəhbəri kimi Ermənistanın Dağlıq Qarabağın işlərinə qarışmasına yol vermirdim və bunu vətəndaş, azərbaycanlı kimi borcum bilirdim.» Yanvar hadisələri törədiləndə Moskvadakı Azərbaycan nümayəndəliyinə gedərək qırğını müstəqil bir dövlətin suverenliyinə qarşı törədilmiş siyasi aksiya hesab edən ulu öndər Heydər Əliyev Naxçıvanda işləyərkən faciəyə siyasi qiymət verilməsini, günahkarların cəzalandırılmasını qəti tələb etdi. Muxtar respublikada kommunist partiyasına məxsus bütün strukturları ləğv etdi. Bildirdi ki, çoxpartiyalılıq olmayan cəmiyyətdə demokratiyadan, inkişafdan söhbət gedə bilməz. Ulu öndər Heydər Əliyevin yenə də «91-lər»in müraciətinə cavabına diqqət yetirsək orada da bu fikirlər öz əksini tapdığını görərik: «Müstəqil Azərbaycanın dövlətçiliyinin möhkəmlənməsi hər şeydən əvvəl respublikada qanunların toxunulmazlığından, qanunun aliliyindən asılıdır. Totalitarizmdən tamamilə xilas olmaq yalnız demokratiyanın ardıcıl inkişafı, siyasi plüralizm, insan azadlığı şəraitində mümkündür. Söhbət söz, vicdan, seçib-seçilmək azadlığından gedir.»
Ümummilli Liderin Naxçıvandakı ən böyük xidmətlərindən biri də 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması barədə qərarın qəbul edilməsidir. Ulu Öndər daim bu çağırışı edirdi ki, Azərbaycan bütün dünya azərbaycanlılarının Vətənidir. Harada yaşamasından asılı olmayaraq bütün soydaşlarımız bir amal-azərbaycançılıq ideyası ətrafında sıx birləşməlidir. Diaspor quruculuğu prosesi ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi. Onun təşəbbüsü ilə 2001-ci il noyabrın 9-10-da Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi diaspor quruculuğu prosesinin əsasını qoydu. Belə ki, dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın vahid mərkəzdən idarə olunmaları onların həm Azərbaycan həqiqətlərinin təbliğində, həm də soydaşlarımızın yaşadıqları ölkələrin həyatında baş verən ictimai-siyasi proseslərdə fəal iştiraklarında əhəmiyyətli rol oynadı. Bir daha bu çağırış olundu ki, Vətən birdir və hamı bu Vətən uğrunda çalışmalıdır. Dünya azərbaycanlılarının birliyi, həmrəyliyi 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizi şərtləndirən amillər sırasında oldu. Tarixi Qələbəmizdən sonrakı dövrün mühüm hadisələrindən biri məhz bu il Şuşada Dünya Azərbaycanlılarının Zəfər Qurultayının keçirilməsi oldu. Azərbaycan diasporunun postmünaqişə dövründə qarşısında dayanan vəzifələr mədəniyyət paytaxtımız Şuşada müzakirə olundu.
Ulu Öndər Naxçıvanda olarkən bütün Azərbaycana xidmətlərindən biri də bu diyarın ermənilər tərəfindən işğalının qarşısının alınmasına yönəldilmiş Qars müqaviləsinin yenilənməsi oldu. Blokadada qalan naxçıvanlıların çətin vəziyyətdən çıxması üçün qonşu İran və Türkiyə ilə əməkdaşlıq gücləndi. Naxçıvana hər iki qonşu dövlətdən ərzaq, sənaye malları, ən başlıcası isə yanacaq, enerji verildi. Türkiyə ilə qonşu dövlətlər arasında əlaqələrin möhkəmləndirilməsi üçün «Ümid körpüsü» salındı.
Ulu öndər Heydər Əliyevin qısa vaxt ərzində Naxçıvanda Azərbaycan üçün gördüyü işlərin, həll etdiyi taleyüklü məsələlərin yalnız az bir hissəsini qeyd etdik. Azərbaycanın gələcəyi üçün müəyyənləşdiyi hədəflərin gerçəkləşməsi isə 1993-cü ildən, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra başladı.
Müstəqilliyimizin ilk illəri hakimiyyətsizlik illəri kimi xarakterizə olunur. Əbəs yerə 15 iyun 1993-cü il Milli Qurtuluş Günü dövlətçilik tariximizin şanlı səhifəsi kimi dəyərləndirilmir. Qurtuluşdan başlanan yol Azərbaycana bugünkü uğurları qazandırdı. Ulu öndər Heydər Əliyevin uğurlu daxili siyasəti nəticəsində ölkə xaosdan, anarxiyadan, özbaşınalıqdan xilas oldu, inkişaf, tərəqqi dövrünə qədəm qoydu. Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrildi, ölkəyə investisiya axını sürətləndi. Ümummilli Lider bildirirdi ki, əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz. Ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də Ermənistanla atəşkəs sazişinin imzalanması ölkəmizdə sabitliyin daha da möhkəmlənməsini təmin etdi. Məhz həmin ilin sentyabrın 20-də tarixə «Əsrin müqaviləsi» kimi daxil olan neft sazişi imzalandı. Bununla Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının əsası qoyuldu. Bu saziş ölkəmizin iqtisadi imkanlarını artırmaqla yanaşı, beynəlxalq münasibətlər sistemində yeri və rolunu möhkəmləndirdi. Neft gəlirlərinin idarə olunmasından şəffaflıq prinsipinin yüksək səviyyədə qorunmasını təmin etmək məqsədilə Dövlət Neft Fondunun yaradılması da Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsidir. Məhz bu gün Dövlət Neft Fondunda toplanan vəsaitlərin düzgün istiqamətləndirilməsi nəticəsində mühüm sosial-iqtisadi layihələr həyata keçirilir ki, bunlar da öz növbəsində ölkənin hərtərəfli inkişafını təmin edir. Malik olduğu enerji resurslarından səmərəli istifadə etməklə iqtisadi qüdrətini artıran müstəqil dövlətimiz, eyni zamanda, əhalinin yüksək rifahının təmin olunması üçün ciddi addımlar atdı. Ulu Öndər bildirirdi ki, neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur. Dahi şəxsiyyətin ölkə iqtisadiyyatının inkişafında neft amilinə böyük dəyər verməsi də bugünümüzə hesablanmış inkişaf konsepsiyasının əsas tərkib hissələrindəndir. Məhz bu mühüm amilə söykənərək dövlət başçısı İlham Əliyev neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm addımlar atır.
Azərbaycanın iqtisadi inkişafına geniş yol açan demokratik islahatlar sahəsində də ölkəmizin uğurları göz önündədir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi əsasında işlənib hazırlanan və referendum yolu ilə qəbul olunan Konstitusiyamızda əksini tapan maddələrin üçdə iki hissəsi insan hüquq və azadlıqlarının qorunmasına xidmət edir. Ulu öndər Heydər Əliyev demokratik cəmiyyəti şərtləndirən amillərin- insan hüquq və azadlıqlarının qorunması, azad mətbuatın yaradılması, çoxpartiyalı sistemin formalaşdırılması, seçkilərin demokratik və beynəlxalq standartlara uyğun keçirilməsinin təmin edilməsi istiqamətində biri-birindən əhəmiyyətli addımlar atdı. Bu uğurlarımız öz növbəsində Azərbaycanın beynəlxalq münasibətlər sitemində mövqeyinin möhkəmlənməsini şərtləndirdi. Belə ki, ölkəmiz ikitərəfli və çoxtərəfli çərçivədə əlaqələrini genişləndirməklə həqiqətlərinin, bu gün artıq tarixə qovuşan Qarabağ münaqişəsinin əsl mahiyyətini dünya ictimaiyyətinə çatdırdı. Təbii ki, 44 günlük İkinci Qarabağ müharibəsində döyüş meydanında üstünlüyü qazanmağımızda informasiya cəbhəsindəki qələbələrimiz əhəmiyyətli rol oynadı.
2003-cü ildən başlanan yol Heydər Əliyev siyasətinin təntənəsidir. Ulu öndər Heydər Əliyevin siyasətinə sadiqliyini atdığı hər bir addımı ilə təsdiqləyən dövlət başçısı İlham Əliyev hər bir ölkənin inkişafında iqtisadiyyatın rolunu önə çəkərək, neft siyasətinin məntiqi davamı kimi qeyri-neft sektorunun prioritetliyini bəyan etdi. «Neft kapitalını insan kapitalına çevirək!» tezisini irəli sürən cənab İlham Əliyev bildirir ki, inkişaf etmiş ölkələrin təcrübəsinə diqqət yetirsək görərik ki, ölkəni inkişafa aparan bilikdir, elmdir, yeni texnologiyalardır. Təhsilin, elmin və iqtisadiyyatın vəhdətliyinin qorunması yönümündə atılan addımlar özünü Azərbaycanın dünyanı bürüyən iqtisadi və maliyyə böhranından uğurla çıxmasında göstərdi.
İqtisadiyyatın şaxələndirilməsinə geniş yol açan neft-qaz sənayesində əldə olunan uğurlar da davamlılığı ilə diqqətdədir. «Yeni əsrin müqaviləsi»nin imzalanması, Cənub Qaz Dəhlizinin rəsmi açılışı, TANAP-ın, TAP-ın istifadəyə verilməsi Azərbaycanın təşəbbüsləri gerçəkliyə çevirən, regional inkişafın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi artan mövqeyinə bir daha işıq saldı. İqtisadiyyatın enerji amilindən asılılığını minimuma endirmək üçün qeyri-neft sektorunun inkişafının vacibliyini qeyd edən cənab İlham Əliyev regionların malik olduğu potensialdan səmərəli istifadə etmək məqsədilə Dövlət Proqramlarını təsdiqlədi və icrası istiqamətində ciddi səylər göstərir. İqtisadi imkanlar genişləndikcə əhalinin sosial müdafiəsi də yüksək səviyyədə təmin edilir. Azərbaycan beynəlxalq aləmdə ən islahatçı ölkə kimi tanınır. Müasirləşmə, yeniləşmə dövlət siyasətinin əsasında dayanır. Xarici siyasətində ikitərəfli, çoxtərəfli əməkdaşlıq əlaqələrinin qurulmasına xüsusi önəm verən Azərbaycanın bu sahədə uğurları da təqdirəlayiqdir. Azərbaycanın 2011-ci ildə 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və rolunun təqdimatıdır. Həmçinin sıralarında 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına sədrliyi həyata keçirir. Azərbaycanın quruma sədrlik dövrünün iki ildən üç ilə artırılması beynəlxalq münasibətlər sistemində artan rolunun, nüfuzunun göstəricisidir.
Ölkəmizdə demokratik təsisatların inkişafı istiqamətində davamlı addımlar atılır. Konstitusiyamıza əlavə və dəyişikliklərin edilməsi məqsədilə ümumxalq səsverməsinin keçirilməsi, azad mətbuatın inkişafı istiqamətində addımların atılması,seçkilərin demokratik və beynəlxalq standartlara uyğun keçirilməsinin təmin edilməsi və sair kimi addımlar deyilənlərə bariz nümunədir. Son 19 ilə yaxın dövrdə əldə olunan uğurlar cənab İlham Əliyevin 2008, 2013 və 2018-ci illər prezident seçkilərində qələbəsini təmin edib. Bu seçkilər, həmçinin ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasına milyonların sevgisini, inamını ortaya qoydu. YAP hər bir seçkini tarixinə uğur, qələbə səhifəsi kimi yazır.
Heydər Əliyev siyasətinin uğurlarının miqyası olduqca genişdir. Uğurlarımız gələcəyə nikbin baxmağa böyük əsas yaradır. Dövlət başçısı İlham Əliyevin « Müstəqilliyin ilk illərində xalqımızın başına gələn bəlalar, işğal, vətəndaş müharibəsi, AXC-Müsavat cütlüyünün yarıtmaz fəaliyyəti demək olar ki, ölkəmizi məhv etmişdi. Ancaq biz dirçəldik. Nəyə görə? Məhz müstəqilliyə görə. Ona görə ki, bizim taleyimiz indi bizim əlimizdədir. Bizim gələcəyimiz etibarlı əllərdədir. Bugünkü Azərbaycan bir daha göstərir ki, müstəqillik ən böyük sərvətimizdir. Bu, həqiqətən də belədir. Müstəqillik ən böyük sərvətimizdir, ən böyük nemətimizdir, ən böyük xoşbəxtliyimizdir. Azərbaycanın müstəqilliyi əbədidir» fikirləri Heydər Əliyev yolunun aydın mənzərəsini yaradır. Bu yol Azərbayana daim möhtəşəm uğurlar qazandırır.
Qeyd etdiyimiz kimi, ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı ən böyük xidmətlərindən biri 2003-cü ildə Azərbaycanın bugünü və gələcəyi üçün növbəti inam ünvanını göstərməsidir. Ümummilli Lider cənab İlham Əliyevə özü qədər inandığını bildirirdi.
“Mən bu etimadı doğruldacağam, bu vəzifənin öhdəsindən layiqincə gələcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm.” 2003-cü il prezident seçkilərində xalqın 76,84 faiz səsini toplayaraq Prezident seçilən cənab İlham Əliyev 31 oktyabr tarixində andiçmə mərasimində bu vədinin davamı olaraq bildirmişdir: “Mən bu gün bu yüksək kürsüdən əziz Prezidentimiz cənab Heydər Əliyevə müraciət edərək deyirəm: Əziz Prezident, əsəriniz olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik.” Ölkə Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevə bu müraciətindən 17 il sonra, 44 günlük Vətən müharibəsinin hər gününü xalqımıza qələbə sevinci yaşatmaqla noyabrın 8-də Qarabağımızın tacı Şuşanın işğaldan azad olması müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırarkən keçirdiyi xoşbəxtlik hissini belə ifadə etdi: “Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!” Bu Qələbə möhkəm təmələ əsaslanan siyasətin uğurla davam etdirilməsinin nəticəsidir.
Azərbaycan yeni reallıqlar yaratdı. O reallıqları ki, erməni yalanları, mifi dağıdıldı, dünyaya göstərildi ki, yenilməz ordu Azərbaycan Ordusu, məğlubedilməz xalq Azərbaycan xalqıdır. Azərbaycan ədaləti, haqqı bərpa edərək dünyaya sözün əsl mənasında tarix, hüquq dərsi keçdi.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin indi böyük dövlət xadimi və Azərbaycan xalqının Lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin dağıtdığı işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Bu qayıdış Böyük Qayıdış olmaqla təkcə azərbaycanlıların Qarabağa deyil, vaxtilə deportasiya edildikləri bütün tarixi torpaqlarına qayıdışını əhatə edəcək. İndi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin böyük uzaqgörənliklə qurduğu strategiya Azərbaycan dövlətini daha qüdrətli, Azərbaycan xalqını daha güclü, Azərbaycan bayrağını daha uca etməyə hədəflənib. Böyük Qələbənin nəticəsində yaradılmış yeni reallıq Qarabağın və Şərqi Zəngəzurun bərpası və inkişafını nəzərdə tutan Böyük Qayıdış strategiyasının tükənməz aktuallığını təmin edir. Sözügedən strategiya yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş əraziləri ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir.
Qarşıda yeni hədəflər var. Ölkə Prezidenti İlham Əliyevin qarşıya qoyduğu məqsədə uyğun olaraq keçmişlə deyil, gələcəklə yaşayırıq. O gələcək ki, onun inkişaf strategiyasının müəllifi Heydər Əliyev siyasətinin layiqli davamçısı, Prezident İlham Əliyevdir.
Yeganə Əliyeva, «İki sahil»