“TASİM” - Trans-Avrasiya Super İnformasiya Maqistralı …
Azərbaycanın nəhəng rəqəmsal data mərkəzinə - “DİJİTAL HUB” - “BİG DATA” qovşağına çevirilməsi qaçılmazdır - Ekspert şərh edir
Bildiyimiz kimi Azərbaycan və Qazaxıstan dövlətləri hər ikisi geniş iqtisadi potensiala malik olub Şərq-Qərb Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu çərçivəsində yaxından əməkdaşlıq edirlər.
Həmçinin, Aktau dəniz limanının xüsusi zonasında Azərbaycan sərmayəsi ilə inşa edilən “Aktau İstehsal və Logistika Mərkəzi” ölkələrimiz arasında ticari-iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır və bu gün iki ölkə tərəfindən nəqliyyat-logistika sahəsi çərçivəsində məhz qarşılıqlı fəaliyyətlərin prioritet istiqamətləri üzərində cəmləşdirilməsi və daha artıq idxal-ixrac əməliyyatları həyata keçirməyə imkan verir.
Məhz, bu qəbildən “TASİM” - “Trans-Avrasiya Super İnformasiya Maqistralı” üzrə Qazaxıstanla yaxından həyata keçirilməsi nəzərdə tutulan və reallaşdırılması obyektiv - subyektiv səbəblərdən gecikdirilən nahəng informasiya seli ilə müşaiət olunacaq “Big Data” layihəsi (“İri Həcmdə Verilənlər”) aktuallığı baxımından ölkəmiz üçün çox önəm daşıyır.
Məlumdur ki, yeni çağımızda bilgi və texnoloji transferləri, o cümlədən nahəng informasiya selinin “bum”u ilə yenilənən “Big Data” layihəsi və bu yöndə geosiyasi və geostrateji maraqlarla aparılan dövlət siyasətləri Azərbaycanı Avrasiyanın önəmli nəqliyyat - logistika mərkəzlərindən birinə çevirməyi gündəmə gətirmişdir.
Ölkələrimiz arasında təqribən uzunluğu 400 kilometr olan Fiber Optik Kabel xəttinin çəkilməsi regionun, o cümlədən Azərbaycanla Qazaxıstan respublikası arasında nəhəng informasiya mübadiləsinin uğurlu inkişafının təmin edilməsinə xidmət edəcəkdir.
TASİM layihəsi Azərbaycanın regionda rəqəmsal mərkəzə çevrilməsi baxımından iri miqyaslı qlobal lahiyə hesab olunur. Bu nəhəng tutumlu dara layihəsi çərçivəsində fiberoptik rabitə xəttlərinin məlumat ötürmə qabiliyyəti nəzərdə tutulan texniki şərtlərə görə çox sürətli - saniyədə 4-6 terabit/s. təşkil edəcəkdir.

TASİM layihəsi Qərbi Avropadan Şərqi Asiyaya qədər Avrasiya ölkələrini əhatə edən transmilli fiber optik magistralı reallaşdıraraq ölkəmizi nahəng data mərkəzinə çevirməyi hədəfləyir.
Bəhs edilən bu layihə Frankfurtdan Honq Konq şəhərinə qədər istiqamətləndirilərək əsas tranzit xəttin mərkəzini-Xəzəraltı hissəsinin tikintisi təşkil edəcək. Bu xətt üzrə sözügedən nahəng “BİG DATA” seli Avropa və Asiyanın böyük həcmdə informasiya selinin mübadilə mərkəzlərini özündə birləşdirməyi hədəfləyir.
Nəzərdə tutulan meqa tranzit data trafiki, layihələndirilən optik xətt üzrə Çindən başlayaraq Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyədən keçərək Almaniyada sonlandırılacağına hesablanmışdır.
Bu variantda Türkmənistanın tranzit rolu oynaması gündəmdən çıxarılacaq və maqistral xəttin bu layihə üzrə çəkilməsinə Türkmənistanın özü də maraqlı olacaq.
Digər tərəfdən ehtiyat variant hesab olunan şimal tranzit xətti Rusiya, Ukrayna və Polşa ərazilərindən keçməsi nəzərə alınacaq. “TASİM” layihəsi regionda açıq informasiya cəmiyyətlərinin yaradılmasına, Türk dünyasının öz aralarında bir-birinə inteqrasiyasının sürətlənməsinə və geniş internet xidmətlərinin inkişafına dərindən töhvələr verəcəkdir. Həmçinin, rəqəmasl iqtisadiyyatı, onun transformasiyası ilə diverfikasiyası və bu sferada ədalətli rəqabətin artırılmasına xidmət edəcək.
Eyni zamanda, bu layihə alternativ marşrutlardan biri kimi uzunluğu 27 000 km olan Trans-Avrasiya fiber-optik magistralının Azərbaycan və Qazaxıstan arasındakı dənizaltı seqmenti bu marşurutun rentabelli işləməsi baxımından səmərəlilik göstəricisi hesab olunur. Bu lahiyə çərçivəsində trafik ən qısa marşrutla Azərbaycandan keçməklə Asiya və Avropa arasında son istifadəçilərinə, öz istehlakçılarına çatdırılacağı planlaşdırılır.
Məlumdur ki, hal-hazırda dünyada optik və simsiz mobil internet xidmətləri durmadan sürətlə inkişaf etdirilir. Son 40-50 il ərzində uzunluğu yüz minlərlə kilometr olan okeanaltı, dənizaltı və yerin quru səhti ilə magistral fiber-optik kabel xətləri çəkilmiş və günü-gündən yenilənməkdədir.
Dünya internet şəbəkələrinin sərhədləri aradan qaldırılır vahid qlobal infokommunikasiya şəbəkələri formalaşdırılır. Bu yöndə müxtəlif qitələrdə olan ölkələr vahid informasiya məkanında birləşir, informasiya şəbəkələrinin yeni bağlantı imkanlarını artırır. Hər bir ölkə operatoru bu sferada daha çox gəlir əldə etmək və rəqabətə davamlığını qorumaq üçün öz infrastrukturunu durmadan inkişaf etdirirlər.
Digər tərəfdən, qlobal infokommunikasiya infrastrukturunin inkişafına, bilindiyi kimi operatorlar tərəfindən milyardlarla ABŞ dolları vəsait sərf edilir, etibarlığı 99,982 olan - TİER 3 və etibarlığı 99,995 olan TİER 4 səviyyəli yeni “Big Data“ mərkəzləri qurulur.
“TASİM” layihəsinin yaradacağı yeni imkanlarla dünyada kontent həcminə görə nəhəng (GOOGLE, Facebook vəs.) şirkətlərin Azərbaycanda özlərinin “Big Data” mərkəzləri serverlərini yerləşdirmək üçün tələb olunan Tier3 və Tier4 səviyyəli texniki tələblərə cavab verəcəkdir. Beynəlxalq ekspertlərin hesablamalarına əsasən Avropa ilə Asiya arasında internet üzrə tranzit trafik bazarının həcmi pul vahidi ilə 2012-ci ildə 295 milyon dollar, 2016-cı ilədə 358 milyon dollar təşkil edib. Cari ildə və prespektivdə bu rəqəm milyardı ötüb keçəcəyi proqnozlaşdırılır. Qeyd edilən marşruta uyğun trafik həcmi 2012-ci ildə 1139 Gbit/s, 2016-cı ildə isə 4663 Gbit/s təşkil edib. Prespektivdə isə 40 000 Gbit/s tutuma yüksələcəyi gözlənilir.
Bilindiyi kimi hazırda Rusiyanın ərazisindən Avropa-Asiya trafikinin təqribən 15%-i keçir. Mütəxəssoslər hesab edirlər ki, Avropa hazırda Asiya ilə etibarlı rabitə kanalı və alternativ marşrutların yaradılmasında maraqlıdır. TASİM layihəsi region üzrə tranzit ölkələr, o cümlədən Azərbaycan üçün iqtisadi və geostrateji əhəmiyyət kəsb edəcəkdir.
TASİM-in texnoloji əhəmiyyəti barədə:
-TASIM layihəsinin reallaşması Azərbaycanın regional "technology hub"-a çevrilməsi imkanlığı;
-Azərbaycan dünyada iki milyardan çox əhalisi olan Avrasiya ölkələrinin rəqəmsal xidmətlərinin regional mərkəzi olabilməsi;
-Ölkəmiz, Gürcüstan da daxil olmaqla qlobal Avrasiya və qərbi Avropadan Çin səddinə kimi tranzit inrastrukturun sahibinə çevriləbilməsi;
-Dövlətimizin dünyanın qlobal telekommunikasiya şəbəkəsinin əsas maqistralında strateji və həlledici söz sahiblərindən birinə çevrilməsi;
-Azərbaycanda dünyanın digital hub/rəqəmsal mərkəzlərindən əsası kimi nəhəng beynəlxalq telekommunikasiya şirkətləri (Google, Amozon, Alibaba, Facebook və s.) üçün vacib data qovşağın formalaşdırılması;
-TASİM layihəsi ölkəmizə qlobal internet istehlakçısından regional istehsalçısı statusu qazandırması;
-Rəqəmsal texnologiyalar sahəsində kiçik, orta biznes və startapların inkişafı ilə ölkəmiz yüksək texnologiyalar üzrə inkişaf edən ölkələr sırasına daxil olması;
-TASİM infrastrukturu əsasında Azərbaycan rəqəmsal iqtisadiyyatın inkişaf etdiyi ölkəyə çevirilməsi ilə rəqəmsal transformasiya siyasətində qabaqcıl təcrübənin əldə edilməsi;
-TASİM maqistralı Orta Asiya, Azərbaycan və Türkiyə də daxil olmaqla Türk dünyasını innovativ rəqəmsal layihələrlə yaxından bir-birilərinə inteqrasiya olunması;
-Müasir dünya düzənində geoiqtisadi və geostrateji baxımdan Türk dünyasının vahid güc mərkəzinə çevrilməsi;
TASİM-in siyasi-strateji əhəmiyyəti barədə:
-Nəhəng telekommunikasiya və İKT şirkətlərinin Azərbaycana cəlb olunması, ölkə üçün əlavə siyasi dividentlərin əldə edilməsi;
- Qlobal Telekommunikasiya və İKT şirkətlərinin şəbəkələrinin Azərbaycanda bir-birinə bağlanması ilə ölkəmiz üçün əhəmiyyətli dərəcədə siyasi üstünlüklər əldə edilməsi;
-Regionda ən böyük DATA mərkəzlərdən birinin Azərbaycanda qurulması və ətraf ölkələrin məlumat bazalarının ölkəmizdə saxlanılması ilə yeni imkanların yaradılması;
-Azərbaycanın bu optik kabel maqistralının mərkəzində yerləşməsi və digər reqion ölkələrinə nəzərən onlara prioritet mövqe sərgiləməsi;
-Ermənistanın telekommunikasiya sahəsində tranzit trafikinin bloklanması və Azərbaycanın bölgədə və əsasən də Erməmistan üzərində rəqəmsal üstünlüyünün təmin edilməsi;
-Azərbaycanın telekommunikasiya və İKT şəbəkə sistemlərinin qlobal dünya üçün gələcəkdə regional stratejiliyi baxımından kiber təhlükəsizliyinin təmin olunması;
TASİM layihəsinin iqtisadi əhəmiyyəti barədə:
-Azərbaycan Avropa ilə Asiya məkanında tranzit ölkə kimi böyük bir dünya nüfuzunun tranzit informasiya trafikini ötürməklə ildə milyonlarla dollar gəlir əldə edəbilməsi;
-Yeni imkanların, yeni iş yerləri və biznes sahələrinin yaranması;
-Rəqəmsal iqtisadiyata, rəqəmsal transformasiyaya, o cümlədən yerli innovativ istehsal texnologiyalarının inkişafına mühüm təkanı;
-Telekommunikasiya və İKT sahəsində reqional nəqliyyat - loqistika mərkəzinin yaranması;
-Ölkəyə əlavə valyutaların daxil olması və ölkənin iqtisadi dayanaqlığının artması;
-Rəqəmsal infrastukturun yaranması, sosial aktivliyin yüksəlişi nəticədə ümumi daxili məhsulun həcminin artımı;
-Azərbaycanda telekommunikasiya, İKT və internet xidmətlərinin keyfiyyət dinamikasının artması, xidmət səmərəliyinin yüksəlməsi;
-Azərbaycana nəql olunacaq beynəlxalq internet trafik və resurslarının qiymətinin əsaslı şəkildə ucuzlaşması və uyğun olaraq internetin daxili bazarda yeni imkanlıqlarınıa əlçatanlıq;
Bu reallıqlar TASİM layihəsi üzrə nəhəng “Digital Hub”-ın rəqəmsal mərkəzinin texniki resurslarından səmərəli istifadəyə həm təkan verəcək, həm də bu sektorun bütün oyunçularının, o cümlədən dövlət və özəl qurumların imkan və bacarıqlarını konsalidasiya edəcəkdir.
Regionda yaranmış yeni texnoloji konfiqurasiyalar, internet platformaları, sosial media və informasiya cəmiyyətlərinin inkişafında əlavə olaraq yeni texniki imkanllqlar yaradaraq internet istifadəçilərinin maliyyə-texniki problemlərinin əsaslı şəkildə həll edilməsində müstəsna rol oynayacaqdır.
Eyni zamanda, on minlələ kilometr məsafədən Bakı şəhərinin mərkəzi qovşaq stansiyalarına daxil olacaq DATA trafiki hər bir istifadəçinin “son mil” problemini həll edəcək və bu sferada müasir texnologiyaların tətbiqi ilə “FTTO” - “Fiber To The Office”, “FTTH”- “Fiber To The Home” və s. standartları və internetin komleks inkişaf etdirilməsi öz müsbət həllini tapacaqdır.
Beləliklə, TASİM layihəsinin reallaşdırılması ilə Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il dekabrın 6-da imzaladığı fərmanla təsdiq edilmiş “Azərbaycanda telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair strateji yol xəritəsi”, həmçinin, ölkədə prioritet elan olunmuş rəqəmsal transformasiya proqramının icrası daha da sürətlənmiş olacaqdır.
P.S. Bu gün TASİM layihəsi Bakı şəhərində son istifadəçi mənzilinə kimi optik xəttin üzərindən GPON lahiyələrinin həyata keçirildiyi bir vaxtda son dərəcədə öz aktuallığını qorumaqdadır.
Əflatun Məmmədov,
Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun l müavini,
İnternet və Yüksək Texnologiyalar üzrə ekspert