«Azərbaycan dövləti beynəlxalq hüquq prinsiplərinə, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan müstəqil xarici siyasət yürüdərək qlobal geosiyasi məkanda cərəyan edən proseslərə çevik reaksiya verir. Qlobal layihələrin həyata keçirilməsində əsas tərəf kimi beynəlxalq iqtisadi-siyasi proseslərdə aparıcı qüvvəyə çevrilən ölkəmizə olan maraq ildən-ilə artır. Məhz bu reallıqlar fonunda respublikamızın Avropa üçün geosiyasi və iqtisadi əhəmiyyəti daha da yüksəlib, avrostrukturlara inteqrasiya prosesi sürətlənib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 1-2 tarixlərində İtaliya Respublikasına işgüzar səfəri bir daha təsdiqlədi ki, iki ölkə arasında münasibətlərin inkişaf dinamikası yüksəkdir və müxtəlif sahələr üzrə əməkdaşlıq əlaqələri daim genişlənir.»
Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov «İki sahil»ə açıqlamasında bildirib.
K.Bayramov qeyd edib ki, dövlət başçımızın səfərini xüsusi edən olduqca önəmli bir məqam da var ki, bu da İtaliyanın daxili məsələləri ilə bağlıdır. Belə ki, son daxili siyasi böhrandan sonra İtaliya hökuməti məhdud çərçivədə fəaliyyətini davam etdirir ki, adətən belə vaxtda ölkədə xarici səfərlər reallaşdırılmır, daxili və xarici siyasətdə isə hər hansı bir qərar qəbul olunmur. Belə bir zamanda dövlət başçımızın məhz dəvət üzərinə İtaliyaya işgüzar səfərinin reallaşdırılması İtaliya tərəfinin Azərbaycanın dövlət başçısı və ölkəmizlə strateji əlaqələrə göstərdiyi diqqətin təzahürüdür. Deməli, dünyanın 8-ci ən böyük iqtisadiyyatı və «Böyük Yeddilik» ölkəsi olan İtaliya üçün Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərini dərinləşdirmək milli maraqların reallaşdırılmasında prioritet kimi müəyyənləşdirilmişdir.
Deputat vurğulayıb ki, ölkə başçısı İlham Əliyev Romada İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə əlaqədar imzalanmış sənədlərin mübadiləsi mərasimindən sonra etdiyi çıxış zamanı bildirib ki, bu gün İtaliya-Azərbaycan əlaqələrinin yeni səhifəsi açılır. İtaliya-Azərbaycan Universiteti İtaliya-Azərbaycan dostluğu mərkəzi olacaq.
Bu gün İtaliya-Azərbaycan münasibətləri siyasi, müdafiə, iqtisadi-ticarət, energetika, yüksək texnologiyalar, nəqliyyat, infrastruktur, mədəni, elmi, turizm, idman, qida təhlükəsizliyi, paytaxtlar səviyyəsində əməkdaşlıq sahələri olmaqla bir neçə istiqamətləri ehtiva edir. Azərbaycanın birinci ticarət və ixracat tərəfdaşı ola İtaliya ilə ticarət dövriyyəsinin həcmi hal-hazırda 11 milyard ABŞ dollarından çoxdur. İtaliya Cənubi Qafqazda Azərbaycanı alternativsiz yaxın tərəfdaş kimi qəbul edir. Bu baxımdan da regionda İtaliyanın apardığı ticarətin 90%-dən çoxu məhz Azərbaycanla reallaşdırılır. Azərbaycan-İtaliya münasibətlərini daha da dərinləşdirən sahə var ki, bu da enerji sektorudur. Zənnimcə, məhz enerji sektorunda yüksələn və dərinləşdirilən münasibətlərimiz digər sahələrdə fundamental, əsaslı zəmin formalaşdırmış, onların inkişafına daha da təkan vermişdir.
Deputat diqqətə çatdırıb ki, ölkələrimiz mədəni-humanitar sahədə son illər uğurlu layihələr həyata keçirib. Heydər Əliyev Fondu tərəfindən İtaliyada müxtəlif layihələr reallaşdırılır. Roma şəhərində mədəniyyət abidələrinin bərpası işlərinə Azərbaycan tərəfindən fəal dəstək göstərilir. Mütəmadi əsasda İtaliyada keçirilən Azərbaycan kino və mətbəx festivalları ölkəmizin mədəniyyətinin təbliğinə xidmət edir. İtaliya dövlətinin başçısı tərəfindən 2020-ci ilin İtaliyada «Azərbaycan Mədəniyyəti İli» elan olunması ölkəmizin mədəniyyətinin İtaliyada və Avropada daha geniş kütlələrə çatdırılmasına, xalqlararası təmasların daha da güclənməsinə və Azərbaycan-İtaliya əlaqələrinin daha da genişlənməsində böyük rol oynayır.
Şəmsiyyə Əliqızı, “İki sahil”