2020-ci il noyabrın 10-da Prezident İlham Əliyev xalqa müraciətində bəyan etdi ki, bu gün ölkəmiz üçün tarixi bir gündür: “Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır”. Üç ölkə liderləri tərəfindən imzalanmış 10 noyabr Bəyanatı faktiki olaraq Ermənistanın hərbi kapitulyasiyası demək idi. Vətən müharibəsinin başa çatmasından 2 ilə yaxın zaman ötür və bu müddət ərzində Ermənistan hər vəchlə üçtərəfli Bəyanatın mətnini manipulyasiya etməyə çalışır, özünə yeni himayədarlar axtarışındadır. Ermənistandan fərqli olaraq postmünaqişə dövründə Azərbaycanın əsas tələbləri bölgədə sülhün, əməkdaşlığın bərpa olunmasına, bütün nəqliyyat və kommunikasiyaların açılmasına istiqamətlənib.
Ermənistanın ciddi-cəhdlə prosesləri gecikdirmək cəhdlərinə rəğmən Azərbaycan ard-arda diplomatik, siyasi və hərbi uğurlar əldə etməklə, beynəlxalq qurumların dəstəyini qazanmaqla öz mövqeyini daha da gücləndirir. Qeyd edək ki, Belçika Krallığının paytaxtında keçirilən növbəti görüşdə də biz bunun bir daha şahidi olduq. Yerli və xarici politoloqlar Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və iştirakı ilə keçirilən sayca dördüncü görüşdə əldə edilən nəticələri postmüharibə mərhələsində sülhə doğru mühüm dönüş kimi qiymətləndirirlər.
Bu dəfə də danışıqların Azərbaycanın irəli sürdüyü 5 prinsip əsasında aparılacağı istisna deyildi. Lakin növbəti görüşə Azərbaycan Laçın şəhəri, Zabux və Sus kəndlərini, eləcə də bir neçə strateji yüksəkliyi nəzarətə götürərək qatılmışdı. Nəzərəçarpan məqamlardan biri də odur ki, postmüharibə dövründə həllini gözləyən məsələlərin tənzimlənməsində Aİ xüsusi fəallıq nümayiş etdirir. Məsələn, bundan öncə Brüssel görüşündə mühüm razılaşma əldə edildi və o hazırda işlək mexanizmə çevrilməkdədir. Belə ki, məhz aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Avropa İttifaqı Şurası Prezidentinin iştirakı ilə keçirilən görüşdən sonra əldə olunan razılaşmalardan biri ondan ibarət idi ki, sərhədlərin delimitasiyasının həyata keçirilməsi ilə bağlı komissiya yaradılsın. 2022-ci il may 23-də Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında Sərəncamı imzaladı. Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə Komissiya yaradıldı. Cari il mayın 24-də iki ölkənin sərhədində Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin ilk görüşü baş tutdu. Bir neçə gün əvvəl, avqust ayının 30-da isə Moskvada Rusiyanın məşvərətçi yardımı ilə Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli Komissiyanın növbəti iclası keçirildi. Lakin, əlbəttə, əsas diqqət yenə də Brüsselə yönəlmişdi. Çünki Brüsseldə Azərbaycanın dövlət başçısının və Ermənistanın baş nazirinin əsas strateji hədəflər barədə razılaşma əldə edəcəkləri gözlənilirdi.
Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanla görüşdən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel üçtərəfli görüşün yekunlarına dair mətbuata bəyanat verdi. Bəyanatda bildirilir ki, gündəlikdəki bütün məsələlər nəzərdən keçirilib. Eyni zamanda, vurğulandı ki, son görüşdə əldə olunan razılaşmalar istiqamətində bəzi addımların atıldığını görmək sevindirici haldır. Ş.Mişel qeyd etdi ki, Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və çiçəklənmə Avropa İttifaqı üçün mühümdür. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan və Ermənistanın son üçtərəfli görüşdən sonra böyük irəliləyiş əldə etdiyini söyləyərək, sülh sazişi üzrə nəticələrin əldə edilməsi üçün işi sürətləndirmək barədə razılığa gəlindiyini qeyd etdi. Sərhəd komissiyalarının növbəti iclasının noyabrda Brüsseldə keçirilməsi ilə bağlı razılıq əldə olunduğunu bildirən Mişel vurğuladı ki, tərəflər kommunikasiyaların açılması məsələlərini müzakirə ediblər. Mişel həmçinin qeyd etdi ki, itkin düşənlərin və saxlanılanların taleyi ilə bağlı humanitar məsələlərin, o cümlədən minaların təmizlənməsinin də ətraflı müzakirəsi aparılıb: “Aİ uzunmüddətli və davamlı sülh üçün dəstəyini daha da gücləndirməyə hazırdır. Aİ həm də hər iki ölkənin və onların xalqlarının rifahı naminə iqtisadi inkişafın təşviqi üçün səy göstərməyə davam edəcək”.
Xatırladaq ki, növbəti üçtərəfli görüş bu ilin noyabrında baş tutacaq.
Günel Cəlilova, “İki sahil”