02 sentyabr 2022 02:14
622

Ermənistana növbəti Brüssel zərbəsi

Avqustun 31-də bütün dünyanın gözü 4-cü dəfə Brüsselə - Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərabaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən növbəti üçtərəfli görüşə dirilmişdi. Regionda sülhün, sabitliyin, əmin-amanlığın təmin olunması üçün razılığın əldə edilməsində mühüm rol oynayan Brüssel görüşünün nəticələrinə bu dəfə də ümidlər böyük idi.

İkinci Qarabağ müharibəsi Azərbaycanın möhtəşəm Qələbəsi ilə başa çatdıqdan sonra Ermənistanın atdığı qeyri-konstruktiv addımlar, dediyi sözlərlə əməllərinin üst-üstə düşməməsi, sülh danışıqlarının gecikdirilməsi erməni xislətinin növbəti təzahürləri idi. 30 il ərzində ATƏT-in Minsk qrupunun yarıtmaz fəaliyyətindən özlərinə zaman qazanan, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməsinin şərtlərinə məhəl qoymayan, Azərbaycanın səbrini yoxlayan Ermənistan hərb meydanında aldığı mükəmməl zərbə ilə yanaşı, diplomatik masada  da deyəsən “nakaut”lar almaqdan yorulmur.

Regionda təhlükəsizlik, sabitlik və sülh şəraitinin inkişafı üçün tərəfsiz, qərəzsiz və beynəlxalq hüququn tələblərinə uyğun fəaliyyət göstərən Avropa İttifaqı Şurasının təşkil etdiyi 4-cü Brüssel görüşünü isə  Azərbaycanın növbəti diplomatik qələbəsi kimi qəbul edə bilərik. Belə ki, görüşün nəticələrinə əsasən, Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri nizamlayan sülh müqaviləsinin irəliləməsi istiqamətində substantiv işin sürətlənməsi ilə bağlı razılıq əldə olundu və xarici işlər nazirlərinə bir ay ərazində layihə mətnlərinin hazırlanması üçün görüşmək haqqında tapşırıqlar verildi. Qeyd edək ki, aprel ayında keçirilən ikinci görüşdə Ermənistan Azərbaycanın təklif etdiyi 5 baza prinsipi qəbul etmişdi. O görüşdən sonra  Azərbaycan sülh müqaviləsinin imzalanması və sərhədlərin delimitasiyası üzrə müvafiq komissiyanı yaratdı. Ancaq qarşı hərəkət yenə qeyri-adekvat hərəkətlər edərək, sülhün imzalanması prosesini ləngitməyə davam etdi. Aprel ayından sonra Ermənistan tərəfində baş verən hadisələrə nəzər salsaq görərik ki, siyasi çəkişmənin, xaos və böhranın, vətəndaş narazılığının hökm sürdüyü işğalçı ölkə Azərbaycanın uzatdığı “əl”i geri qaytarır. Bunu rəsmi şəkildə dilə gətirə bilməsə də, qeyri-konstruktiv addımlar ataraq sülh prosesini ləngitməyə çalışır. Ancaq Ermənistan geosiyasi reallıqları düşünərək dərk etməlidir ki, sülhün imzalanması hazırda Azərbaycandan çox siyasi blokadada qalan bu səfil ölkənin özünə lazımdır.

İllər boyu tarixi reallıqları danan, əsassız ərazi iddiası ilə Azərbaycan torpaqlarda havadarları təcavüz edən Ermənistan  Brüsseldə bir daha başa düşdü ki, Azərbaycan “Dağlıq Qarabağ” ifadəsini cəhənnəmə göndərib, Minsk qrupu formatı isə tamamilə məhv olub.

Ekspertlərin fikrincə, 4-cü Brüssel görüşünün nəticələrini Azərbaycan üçün növbəti uğur kimi qiymətləndirmək olar. Politoloq İlyas Hüseynov məsələ ilə bağlı “İki sahil”ə açıqlamasında bildirib ki, Avropa İttifaqı özünün formalaşdırdığı siyasi gündəliyə uyğun olaraq addımları atmaqda davam edir və proses daha da inkişaf etdirilir:  “Belə ki, Avropa İttifaqı regionda sülh və etimad quruculuğu istiqamətinə yönəlib və bu xüsusda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması əsas prioritetdir. Brüssel görüşündən öncə də Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirmişdi ki, Brüsseldə sülh müqaviləsinin mətninin razılaşdırılması ilə bağlı komissiyanın təşkil edilməsi ehtimal olunur, lakin biz Şarl Mişelin bəyanatına baxdıqda görürük ki, daha çox tərəflərə tövsiyə olunur ki, sülh müqaviləsi ilə bağlı işləri daha da sürətləndirsinlər. Əlamətdar hadisə bununla bağlıdır ki, görüşdə xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan da iştirak edirdilər. Bu da onu deməyə əsas verir ki, bundan sonra XİN rəhbərləri özləri təmas qura bilərlər və  anlaşmazlıqların aradan qaldırılması üçün də bir platforma hazırlana bilər.”

Görüşün bir digər diqqətçəkən məqamlarından biri isə humanitar məsələlər ilə bağlı idi. Ərazilərin minalardan təmizlənməsi, itkin düşmüş şəxslərin aqibətlərinin müəyyənləşdirilməsi və əsir, girov götürülmüş şəxslərlə bağlı da bir sıra məsələlər müzakirə olundu və Ermənistanın addımlarına, üzərinə götürmüş olduğu öhdəliklərə uyğun olaraq bu proseslər də inkişaf etdiriləcək.

Bütün bu sadalananlar onu deməyə əsas verir ki, Brüssel görüşü ümumilikdə çox məhsuldar oldu və yekun nəticələrdən bir digəri də odur ki, tərəflər növbəti dəfə noyabr ayında yenidən görüşməklə bağlı razılığa gəldilər. Politoloqlar düşünürlər ki, o zamana qədər   həm xarici işlər nazirləri, həm də Baş nazirlərin müavinləri səviyyəsində müxtəlif təmaslar həyata keçiriləcək.  Bu təmaslar iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunması, həm də sərhədlərin delimitasiyası ilə bağlı  prosesləri özündə ehtiva edəcək.

Beləliklə, Azərbaycanın milli maraqlarını qorumaqla əldə edilən razılışmaları, səsləndirilən fikirləri ümumilikdə analiz etdikdə bu nəticəyə gəlirik ki, Brüssel görüşü Azərbaycanın növbəti diplomatik uğurlarından biri oldu və Ermənistan bir daha kimin diktə edən tərəf olduğunu başa düşdü.

Nilufər Mustafaqızı, “İki sahil”