01 sentyabr 2022 13:08
535

Müstəqil Azərbaycan dövlətinin banisi

XX əsrin 80-90-cı illərində bütün Azərbaycanda, o cümlədən onun tərkib hissəsi olan Naxçıvanda  ictimai-siyasi hadisələrin mürəkkəb dövrü yaşanırdı. Ermənilərin Naxçıvana ərazi iddiaları, sərhəddə hərbi toqquşmalar Muxtar Respublikanın  həyatına ciddi təsir göstərmişdir. Bu dövrdə xalqın öz azadlığı uğrunda apardığı  mübarizəni qələbə ilə başa çatdırmaq üçün siyasi təcrübəyə, diplomatik qabiliyyətə malik bir rəhbər lazım idi. Ulu öndər Heydər Əliyev 1990-cı ilin iyul ayının 20-də Moskvadan Bakıya, sonra Naxçıvana gəldi. Bu zaman Naxçıvan blokada şəraitində idi. Həmin dövrdə milli dövlətçilik ənənələrinin bərpası baxımından da narahatlıq var idi. 17 noyabr 1990-cı il Ali Məclisin I sessiyasında ilk dəfə olaraq üçrəngli bayrağımız qaldırıldı. “Sovet”, “Sosialist” sözləri ləğv edildi. Sovet ordusu  Naxçıvan Muxtar Respublikası ərazisindən çıxarıldı.

Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında tarixi xidmətləri misilsizdir. 1991-ci il 3 sentyabr tarixində Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin  sədri seçildi. Ulu öndərin bu vəzifəyə gəlişi Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən biridir. Naxçıvan Muxtar Respublikasının xilası və dirçəlişi Ulu Öndərin adı ilə bağlıdır.

Ulu öndər Heydər Əliyev siyasi fəaliyyətinin Naxçıvan dövründə atdığı tarixi əhəmiyyətli addımlarla Muxtar Respublikanın qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etmiş oldu. Ulu öndər Azərbaycanı tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxardı.

Ulu öndərin siyasi fəaliyyətinin Naxçıvan dövrü geniş mənada Azərbaycanda müstəqil dövlətçilik ideyasının əsas konsepsiyası kimi qəbul olunur. Ümummilli lider Heydər Əliyev müasir, müstəqil Azərbaycan dövlətinin banisidir. Ulu öndərin ideyaları əsasında uğurla inkişaf edən Azərbaycan yeni zirvələr fəth edir.

Zülfiyyə İsmayılova,
Azərbaycan dili və ədəbiyyat müəllimi