Azərbaycan tarixi Zəfərindən sonra beynəlxalq aləm tərəfindən yeni reallıqların qəbuluna nail olmaqla yanaşı, onların real addımlarda öz əksini tapmasına səy göstərir ki, Brüssel görüşləri bunun bariz nümunəsidir
Bildiyimiz kimi, XX əsr hərbi münaqişələr, etnik, dini qarşıdurmalar baxımından çox “zəngin” keçib. Hazırda beynəlxalq münaqişələrin həlli müasir dünyanın ən aktual problemlərindən biridir. İndi dünyanın “yanan ocaqları” siyahısında Əfqanıstan, İraq, Fələstin, Suriya var. Hətta bu ölkələrdə insanlar dinc yaşadıqları zamanı xatırlamırlar .
Cari ilin əvvəlində fransız jurnalist Alen Frakon “Le Monde” qəzetində dərc olunan məqaləsində 2022-ci ildə hərbi əməliyyatların başlaya biləcəyi regionların siyahısını hazırlamışdı. Onun fikrincə, ən gərgin vəziyyət Ukrayna, İran və Tayvan ətrafında formalaşacaqdı. Məqalədə Rusiya-Ukrayna münaqişəsinin təfərrüatları da əks olunmuşdu.
Hərbi toqquşmaların əsas məkanı kimi Suriyanın adı çəkilir. Orada on bir il əvvəl vətəndaşlar azadlıq və demokratiya tələbi ilə küçələrə çıxdı. Hər şeyin 2011-ci ildə Misir, Tunis və Liviyada siyasi rejimin süqutundan ruhlanan bir neçə yeniyetmənin məktəblərinin divarlarında prezidenti devirməyə çağıran təxribat xarakterli yazı ilə başladığı göstərilir. Bununla da ölkənin hər yerində kortəbii üsyanlar başladı. İnsanlar işsizlikdən, məmur özbaşınalığından, siyasi azadlığın olmamasından şikayət edərək rejimə qarşı çıxırdılar. Bu tələbin qarşılığında isə dağılmış ölkə əldə etdilər. Çünki hökumət əleyhinə etirazlarla başlayan münaqişə sonradan bir çox başqa ölkələri əhatə edən müharibəyə çevrildi. Artıq 2012-ci ildən münaqişə yalnız hakimiyyətlə müxalifət arasında mövcudluğuna son qoyaraq konfessiyalararası xarakter aldı. Daha sonra İran, Rusiya, ABŞ və Türkiyənin iştirakı ilə Suriyadakı vəziyyət beynəlxalq xarakter aldı.
Suriyadakı vətəndaş müharibəsi hələ də son on ilin ən dağıdıcı silahlı münaqişəsi hesab olunur. BMT-nin məlumatına görə, bu müharibə artıq 350 mindən çox insanın həyatına son qoyub. Milyonlarla insan evlərini və qida, səhiyyə, iş və təhsil kimi əsas ehtiyaclarından məhrum olub.
Fələstin-İsrail münaqişəsini də dondurulmuş münaqişələr kateqoriyasına aid etməz olmaz. Ölkələr vaxtaşırı vəziyyəti alovlandırırlar.
Son günlər İran sərhədçiləri və “Taliban” qüvvələrinin arasında baş vermiş atışmada ölən və yaralanan olduğu xəbərlərini də oxuyuruq.
Ümumiyyətlə, üçüncü minilliyin əvvəlində dünya ərazi mübahisələri ilə parçalanmaqda davam edir. Ekspertlər bildirirlər ki, dünyanın 192 ölkəsindən təxminən 50-si qonşuları ilə müəyyən ərazilər üzərində mübahisə edir.
Postsovet məkanında bir neçə dondurulmuş münaqişələr siyahısında Abxaziya, Cənubi Osetiya ilə yanaşı 2020-ci ilin noyabrına qədər Qarabağ münaqişəsinin də adı çəkilirdi. Ermənistanın XX əsrin 80-ci illərinin sonları-90-cı illərinin əvvəllərindən etibarən başlanan hərbi təcavüzü 20 faiz Azərbaycan torpaqlarının işğalı ilə nəticələnmişdi. 30 ilə yaxın dövrdə beynəlxalq konvensiyaları, BMT Təhlükəsizlik Şurasının qətnamələrini heçə sayan Ermənistan münaqişənin həlli istiqamətində heç bir müsbət addım atmadı. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşmüşdü. Statistikaya əsasən, işğal nəticəsində 900-ə yaxın yaşayış məntəqəsi, 22 muzey və 4 rəsm qalereyası, tarixi əhəmiyyəti olan 9 saray, nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı, 44 məbəd və 9 məscid dağıdılmış, talan edilmiş və yandırılmışdır. Bundan əlavə, 927 kitabxanada 4,6 milyon kitab və qiymətli tarixi əlyazmalar məhv edilmişdir. 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 000 nəfərdən çox azərbaycanlı həlak olmuş, 100 000 nəfərdən çoxu yaralanmış, 50 000 nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur. Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının son məlumatına əsasən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Birinci Qarabağ müharibəsində 3 890 nəfər vətəndaşımız itkin düşmüş şəxs kimi qeydə alınıb. Onların teleyi haqqında bugünə qədər heç bir məlumat yoxdur.
2020-ci il sentyabrın 27-də səhər saatlarında Ermənistan ordusu genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu. Ali Baş Komandan, Prezident İlham Əliyevin əmri ilə əks-hücuma keçən Azərbaycan Ordusu cəmi 44 günə bənzərsiz Zəfər qazanaraq regionun dondurulmuş adlandırılan münaqişəsini öz hərbi gücünün sayəsində həll etdi.
Artıq iki ilə yaxındır ki, regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində səylər göstərilir. Azərbaycan Ermənistana təkmil sülh modelini təklif edib. Onu da qeyd edək ki, əksər dünya gücləri yeni reallıqları qəbul edir, fəaliyyətlərini bu istiqamətdə quraraq sülh danışıqlarının başlanmasına öz dəstəklərini vermək istəklərini bildirirlər.
Postmünaqişə dövrünə qədəm qoyduğumuz vaxtdan Avropa İttifaqı bu danışıqlarda vasitəçiliyini atdığı addımları ilə nümayiş etdirir. ATƏT-in Minsk qrupundan fərqli olaraq Avropa İttifaqının vasitəçiliyi neytral xarakter daşıyır. Avqustun 31-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə sayca 4-cü üçtərəfli görüş keçirildi. Azərbaycanın müəllifi olduğu Brüssel gündəliyinin əsas tərkib hissəsi sülh müqaviləsinin imzalanmasına gedən yolun daha da yaxınlaşdırılmasıdır. Hər bir görüş hədəflərə doğru bir addımdır. Bu ilin aprel ayında keçirilən görüşdə Azərbaycanın irəli sürdüyü 5 prinsipin Ermənistan tərəfindən dəstəklənməsini özündə əks etdirən Bəyannamə imzalandı ki, bu da tərəflərin biri-birinin ərazi bütövlüyünü dəstəkləməsi deməkdir. Düşünürük ki, avqustun 31-də keçirilən görüş yeni reallıqların Ermənistana tərəfindən qəbulu ilə yanaşı, onun reallıqda təsdiqlənməsi ilə yadda qalacaq. Azərbaycan dövlətinin daim bəyan etdiyi kimi, sülh təklifi uzun müddət masa üzərində qalmayacaq.
Günel Cəlilova, «İki sahil»