31 avqust 2022 12:12
290

Ümumilli liderin bütün fəaliyyəti xalqımızın gələcəyi üçün idi

Ümummilli liderimiz Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə xalq üçün, vətən üçün etdikləri danılmaz faktdır. Böyük öndərimiz tariximizə xilaskar kimi daxil olub və Azərbaycanın gələcəyi naminə bu missiyanı çox böyük uğurla yerinə yetirib. Müasir Azərbaycan cəmiyyətinin formalaşması, müstəqil Azərbaycan dövlətinin qurulması birbaşa Heydər Əliyevin adı ilə bağlıdır. Təsadüfi deyil ki, ümummilli liderimiz azərbaycanlı olması ilə fəxr etdiyi kimi, hər bir azərbaycanlı da bu gün Heydər Əliyevin ən böyük sənət əsəri olan müstəqil, inkişaf etməkdə olan Azərbaycanın vətəndaşları olmaqdan qürür duyur, böyük öndərə sayğı və məhəbbətini onun ideyaları ətrafında daha da sıx birləşməklə nümayiş etdirir.

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr ərzində o cümlədən müstəqil Azərbaycanın Prezidenti kimi fəaliyyət göstərdiyi 10 il ərzində həmişə xalqımızın milli maraqlarını dəqiq müəyyən etdiyini, ictimai, siyasi, iqtisadi, mədəni və digər sahələrdə qazanılan böyük uğurlarının memarı olduğunu görmək çətin deyil.

Azərbaycanın gələcək inkişafına ünvanlanmış strateji əhəmiyyətli bütün bu işlərə Heydər Əliyev şəxsən özü başçılıq edirdi. Bir sözlə, daim xalqının gələcəyini düşünən dahi şəxsiyyət hələ o vaxtlar zamanı qabaqlayaraq XXI yüzilliyin Azərbaycanı üçün güclü kadr potensialı yaradırdı.

Ulu Öndər doğma Azərbaycanın tərəqqisi uğrunda yorulmadan, gecəli-gündüzlü mübarizə aparırdı. Azərbaycanı özü-özünü təmin edə bilən, müstəqil yaşamağa qadir olan və elmi-texniki cəhətdən yüksək tərəqqi etmiş bir ölkəyə çevirmək onun planlarının başında gəlirdi. Güclü analitik təhlilə,sarsılmaz iradəyə,uzaqgörənliyə malik olan Heydər Əliyev Azərbaycanın inkişafını və dövlət müstəqilliyinin əbədiliyini geniş və səmərəli beynəlxalq əməkdaşlıqda görürdü.Heydər Əliyevin uzaqgörən siyasəti, müdrik və səriştəli rəhbərliyi nəticəsində Azərbaycanda iqtisadi dirçəliş sürətli şəkildə davam etmişdir və bu gün də bunun  nəticəsini görürük.

Azərbaycan dövlət quruculuğu məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində başlamışdır. Buna görə qədir bilən xalqımızın Ümumilli Liderə sevgisi hər zaman yaşayıb, yaşayacaq.

Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı