31 avqust 2022 15:04
498

Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin xilas missiyasına Naxçıvandan başladı

Keçən əsrin 80-ci illərinin sonundan etibarən Azərbaycan çətin bir vəziyyətlə qarşılaşmışdı. Sovetlər birliyinin sonuncu rəhbəri Mixail Qorbaçovun yeritdiyi bədnam yenidənqurma siyasətindən ruhlanan erməni millətçiləri Azərbaycana qarşı ərazi iddialarına başlamışdılar. Həmin dövr bütün Azərbaycanda və onun tərkib hissəsi olan Naxçıvanda ictimai-siyasi hadisələrin ən mürəkkəb dövrü kimi xarakterizə olunur. Belə bir vaxtda ermənilərin Naxçıvana ərazi iddiaları, sərhədlərdə hərbi toqquşmalar yaratması Muxtar Respublikanı blokada vəziyyətinə salmışdı. Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Naxçıvandan başlanan dövlət müstəqilliyinin bütün Azərbaycan üçün aparıcı ideologiyaya çevrilməsinə və milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına səbəb oldu.

1990-cı il iyulun 22-də xalqımızın böyük oğlu Heydər Əliyev doğulub böyüdüyü Naxçıvana gəlməsi, bu qədim diyarı başı üzərini almış təhlükədən, erməni işğalından xilas etdi. Həmin il noyabr ayının 17-də Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Ali Məclisinin birinci sessiyası keçirildi. Həmin sessiyada ilk növbədə, “Naxçıvan Muxtar Sovet Sosialist Respublikası”nın adından “Sovet” və “Sosialist” sözləri çıxarıldı və onun “Naxçıvan Muxtar Respublikası” adlandırılması haqqında qərar qəbul edildi. Həmçinin Naxçıvan MR Ali Sovetinin Ali Məclis adlandırılması barədə qərar qəbul olundu. Müharibənin davam etdiyi və sosial-iqtisadi vəziyyətin kəskin olduğu bir şəraitdə Ali Məclisin Sədri seçilən Ulu öndər Heydər Əliyev həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində Naxçıvanda sabitliyin və həmrəyliyin təmin olunmasına nail oldu. Həmin dövrə nəzər saldıqda bu mərhələnin milli dövlətçilik ənənələrinin bərpası baxımından da xüsusi əhəmiyyətə malik olduğu görünür. Belə ki, bu istiqamətdə Naxçıvan MR Ali Sovetinin 17 noyabr 1990-cı il sessiyasında Azərbaycanın dövlət rəmzi kimi Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəbul edilmiş üçrəngli bayrağın Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilməsi barədə yekdilliklə qərar qəbul edilmiş və sessiyanın iclasına sədrlik edən Heydər Əliyevin təşəbbüsü ilə həmin milli mahiyyət daşıyan Dövlət Bayrağı Ali Məclisə gətirilmişdi. Bütün bunlar Naxçıvan MR Ali Məclisinin sessiyasına sədrlik edən Heydər Əliyevin həm böyük siyasi iradəsinin, yüksək azərbaycançılıq idealının, həm də qeyri-adi cəsarətinin sayəsində həyata keçirilmişdi.

1991-ci il sentyabrın əvvəllərində Naxçıvan MR-nın ictimai-siyasi həyatında onun müqəddəratını həll edəcək mühüm hadisələr baş verdi. Sentyabrın 3-də keçirilən və tariximizdə özünəməxsus yer tutan Naxçıvan MR Ali Məclisinin fövqəladə sessiyasında Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin Sədri seçildi. Bu, Azərbaycan xalqının taleyində böyük siyasi əhəmiyyətə malik olan tarixi hadisə idi. Naxçıvan MR Ali Məclisinin 3 sentyabr 1991-ci il tarixli sessiyasının iclasında da o, dörd dəfə çıxış edərək namizədliyini irəli sürənlərə minnətdarlıq duyğularını ifadə etməklə yanaşı, böyük təkidlə bu məsələnin səsə qoyulmamasını xahiş etmişdi. Lakin xalqın və Naxçıvan MR Ali Məclisi deputatlarının təkidi ilə Heydər Əliyev ölkə və region üçün fövqəladə şəraitdə və fövqəladə hal olaraq çağırılması zəruri sayılmış sessiyada bu ali dövlət qurumunun rəhbəri seçilməsinə razılıq verdi. Bu seçimlə Ulu öndər Heydər Əliyev ilk növbədə, fəal və peşəkar fəaliyyəti ilə nəinki muxtar respublikada, eyni zamanda bütün Azərbaycanda milli dövlətçiliyə inam hissini formalaşdıra bildi. Ümummilli lider eyni zamanda, bölgənin erməni təcavüzündən müdafiəsi ilə bilavasitə məşğul olmağa başladı, bu məsələ onun əsas fəaliyyət istiqamətinə çevrildi. Böyük dövlət xadiminin ilk gündən başlayaraq atdığı addımlar, həyata keçirdiyi tədbirlər Naxçıvanı düşmən əlinə keçmək təhlükəsindən xilas etdi. Ali Məclisin Sədri Heydər Əliyevin Türkiyə və İrana səfərləri, apardığı danışıqlar regionda blokada şəraitinin yaratdığı böhranın aradan qaldırılması, iqtisadi problemlərin və enerji məsələlərinin həllində əhəmiyyətli rol oynadı. Həmçinin Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti dayandırıldı və Sovet ordusu Naxçıvan MR ərazisindən çıxarıldı. Bütün bunlar Azərbaycanda müstəqil dövlətçiliyin bərqərar olmasına xidmət edən tarixi qərarlar idi.

Ali Məclisin 16 dekabr 1991-ci il tarixli sessiyasında isə "Dünya Azərbaycan türklərinin milli həmrəylik və birlik günü haqqında" qərar qəbul olundu. Ali Məclisin Sədri Heydər Əliyev müzakirələrə yekun vurarkən geniş nitq söylədi və məsələnin siyasi əhəmiyyətinə xüsusi önəm verdi: "Dünya Azərbaycan türklərinin milli həmrəylik və birlik günü haqqında" məsələnin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında müzakirə olunması, böyük əhəmiyyətli qərar qəbul edilməsi Azərbaycan türklərinin uzun illər ayrılıqdan sonra birləşməsi yolunda ilk addımdır. Biz böyük qürur hissi ilə deyirik ki, bu, Naxçıvanda, qədim türk diyarında irəli sürülmüşdür".

Ümummilli lider Heydər Əliyev siyasi fəaliyyətinin bütün dövrlərində muxtar respublikanın hərtərəfli inkişafına xüsusi qayğı göstərmişdir. Bu amil torpaqlarımıza zaman-zaman göz dikən erməni millətçilərinin məkrli planlarının və niyyətlərinin puç olmasında önəmli rol oynamışdır.

Muxtar respublikada yeni həyat quruculuğu bu gün də uğurla davam edir. Prezident İlham Əliyevin rəhbərliyi altında Naxçıvan Muxtar Respublikası nəinki qısa vaxt ərzində iqtisadi və sosial böhrandan yaxa qurtarıb, həmçinin onun dinamik inkişafı təmin olunub.

Cavid Mehdizadə,
YAP Xətai rayon təşkilatının fəalı