30 avqust 2022 12:24
571

Ulu Öndərin rəhbərliyi ilə Naxçıvanda sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və tərəqqinin  əldə olunması üçün əhəmiyyətli tədbirlər görüldü

1991-ci il sentyabrın 3-də ulu öndər Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinə Sədr seçilməsi böyük tarixi hadisə oldu. Bu seçimlə Ulu Öndər ilk növbədə fəal və peşəkar fəaliyyəti ilə nəinki muxtar respublikada, həmçinin bütün Azərbaycanda milli dövlətçiliyə inam hissini formalaşdıra bildi. Ümummilli lider eyni zamanda, bölgənin erməni təcavüzündən müdafiəsi ilə bilavasitə məşğul olmağa başladı, bu məsələ onun əsas fəaliyyət istiqamətinə çevrildi. Böyük dövlət xadiminin ilk gündən başlayaraq atdığı addımlar, həyata keçirdiyi tədbirlər Naxçıvanı düşmən əlinə keçmək təhlükəsindən xilas etdi.

İqtisadi blokada şəraitində yaşayan Naxçıvanın düşmən qarşısında duruş gətirməklə bərabər, həm də iqtisadi problemlərin həllinə ciddi diqqət yetirib yeni həyat quruculuğuna başlamasında da Heydər Əliyevin önəmli rolu oldu. Naxçıvan MR-də dövlət müstəqilliyinin bərpası istiqamətində tədbirlər təkcə siyasi müstəvidə getmir, yeni iqtisadi təfəkkürə söykənən, bazar iqtisadiyyatının tələblərinə uyğunlaşan iqtisadi model formalaşırdı.

Naxçıvanın o ağır dövrdə Ulu Öndərin nüfuzu sayəsində qurduğu beynəlxalq əlaqələri muxtar respublikanın mövcudluğu üçün bəlkə də yeganə vasitə idi. Türkiyə ilə əlaqələrin inkişafında 1992-ci il mayın 28-də açılan Sədərək-Dilucu körpüsü mühüm rol oynadı. Körpünün açılış mərasimində çıxış edən Heydər Əliyev demişdir: «Biz azərbaycanlılar, türklər əsrlər boyu Araz çayının o sahilində, bu sahilində dost, qardaş kimi yaşamışıq. Ancaq 70 il bir-birimizlə görüşmək üçün, əlaqə saxlamaq üçün həsrət çəkmişik. 70 il biz bu görüşü həsrətlə gözləmişik».

Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinə rəhbərlik etdiyi 1 il 9 ay ərzində muxtar respublikanın xarici əlaqələrinin sıx inkişaf etdirdiyi ikinci dövlət İran İslam Respublikasıdır. Bu əlaqələrin möhkəmlənməsində Ali Məclis Sədrinin 1992-ci il 22-25 avqustda qonşu dövlətə səfəri siyasi və iqtisadi cəhətdən çox əhəmiyyətli oldu. Səfər zamanı Heydər Əliyev İİR-in dini lideri Xamneyi, Prezident Haşimi Rəfsəncani, parlamentin sədri Natiq Nuri, xarici işlər naziri Vilayəti və digər rəsmi şəxslərlə görüşdü. Səfərin nəticəsi olaraq əməkdaşlıq protokolu imzalandı.

Bir sözlə, Ulu Öndər siyasi fəaliyyətinin bütün dövrlərində muxtar respublikanın hərtərəfli inkişafına xüsusi qayğı göstərmişdir. Bu amil torpaqlarımıza zaman-zaman göz dikən erməni millətçilərinin məkrli planlarının və niyyətlərinin puç olmasında önəmli rol oynamışdır. Həmin illər o, demişdir : «Mən son vaxtlar Naxçıvanın inkişafı ilə əlaqədar bəzi tədbirlər həyata keçirmək barədə qərarlar vermişəm. Bunlar lazımdır. Nə üçün? Çünki Naxçıvanın vəziyyəti, onun coğrafi vəziyyəti və Naxçıvana qarşı ermənilərin daimi ərazi iddiası Naxçıvanı xüsusi inkişaf etdirmək məsələsini qarşımıza qoyur. Naxçıvan Azərbaycanın ən qədim torpaqlarından biridir. Naxçıvanda Azərbaycanın milli mədəniyyətini, memarlığını, rəssamlığını nümayiş etdirən abidələr vardır. Biz Azərbaycanın xüsusi ağır şəraitdə olan bir hissəsini gərək o qədər inkişaf etdirək ki, oradakı problemlər insanları narahat etməsin. Həmin insanlar orada daim yaşasınlar. Azərbaycan torpağını qorusunlar, saxlasınlar. Bax, bunlara görə bu qərarlar qəbul olunmuşdur».

Prezident İlham Əliyev də Naxçıvana səfərləri çərçivəsində keçirdiyi görüşlərin birində bu amilə xüsusi fikir vermişdir: «Xalqımızın ümummilli lideri Heydər Əliyev Naxçıvana çox diqqətlə yanaşırdı. Ona görə yox ki, burada anadan olmuşdu, bura onun vətəni idi. Ona görə ki, siyasi xadim kimi Naxçıvanın Azərbaycan üçün əhəmiyyətini çox gözəl başa düşürdü.»

 Elnur Əmiraslanov,
YAP Hacıqabul rayon təşkilatının sədri