29 avqust 2022 15:26
808

Tarixə söykənən münasibətlər

Qazaxıstan-Azərbaycan əlaqələri qədim tarixə malik olan, eyni zamanda sıradan olmayan münasibətlərdir. Çünki xalqlarımızın türkdilli olması ilə yanaşı bir sıra ortaq cəhətləri var. Etnik, dini, mədəni dəyərlər baxımından yaxınlıq və oxşarlıq daim özünü büruzə verir. Eyni zamanda bizi talelərimiz də birləşdirir. Zaman-zaman vahid mərkəzlərdən idarə olunmuşuq. Stalin rejiminin zülmünə məruz qalmış xeyli soydaşımız Qazaxıstan çöllərində sürgün həyatı yaşayıblar, bəraət alıb ölkəmizə qayıdan yaşlı qohumların dilindən hər zaman qazax xalqının ünvanına xoş sözlər eşitmişik. Bizim eyni zamanda Xəzər kimi ortaq sərvətimiz, qonşuluq münasibətlərimiz var.

Azərbaycan-Qazaxıstan münasibətləri Sovet İttifaqı dağılandan sonra da inkişaf etmiş, mədəni və iqtisadi əlaqələrimiz heç zaman kəsilməmişdir. Hələ o dönəmlərdə Ulu Öndər Heydər Əliyev və Qazaxıstanın sabiq Prezidenti- Elbası Nursultan Nazarbayev bu əlaqələri lazımınca inkisaf etdirmiş, qardaşlıq əlaqələrini qoruyub saxlamışlar. Bizim əməkdaşlığımız bir sıra beynəlxalq təşkilatlar çərçivəsində də uğurla davam etdirilir. Diplomatik əlaqələrin inkişafı, səfirliklərin qarşılıqlı fəaliyyəti ilə yanaşı 2008-ci ilin sentyabrından Azərbaycanın Qazaxıstanın Aktau şəhərində konsulluğu da fəaliyyət göstərir. Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışlarında dəfələrlə türkdilli dövlətlərlə əlaqələrin inkişaf etdirilməsinin prioritet məsələlərdən olduğunu qeyd edib. Dövlətimizin başçısı, həmçinin bu ölkələrlə nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirib. Möhkəm təməllərə əsaslanan münasibətlər bu gün yeni mərhələyə qədəm qoymaqdadır. Bunu Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri bir daha təsdiqləyir. Sözügedən səfər çərçivəsində Azərbaycan və Qazaxıstan prezidentlərinin təkbətək, geniş tərkibdə görüşlərinin keçirilməsi, Prezident İlham Əliyevin Qazaxıstanın “Altın kıran” – “Qızıl qartal” ali ordeni ilə təltif olunması iki ölkə arasında olan münasibətlərin yeni inkişaf mərhələsinin başlamasının təsdiqidir. Ümumiyyətlə, Azərbaycan ilə Qazaxıstan arasında 130-dək ikitərəfli sənəd imzalanıb. Bu sənədlər iki ölkənin əlaqələrinin bir sıra sahələrdə inkişafına mühüm töhfələr verib. Xüsusilə də, Prezident Kasım-Jomart Tokayevin səfəri çərçivəsində Azərbaycan ilə Qazaxıstan arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqramın və strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamənin imzalanması iki ölkənin eyni zamanda gələcək əməkdaşlıq münasibətlərinin dərin inkişafına əlavə təkan verəcək.

Qazaxıstan 44 günlük Vətən savaşımız zamanı da bizə dəstək olan dövlətlər siyahısında idi. Hələ 1990-cı ildə böyük qazax şairi Oljas Süleymenov SSRİ Ali Sovetinin sessiyasında rus-erməni şovinizminə qarşı çıxış edərək Azərbaycanın haqq səsini dünyaya çatdırmışdı.

Mən əminəm ki, bizim qardaşlıq münasibətimiz tarix boyu davam edəcək, Xəzər dənizi ətrafında dalğalanan türk bayraqlarının coşqusu ilə hələ çox qürrələnəcək.

Elvin Əlizadə,
YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi