Azərbaycanı Qazaxıstanla ortaq tarix, mədəniyyət və milli köklər bağlayır. Çünki hər iki ölkənin xalqlarının etnik, dini və mədəni dəyərləri, eyni zamanda tarixi ortaqdır. İki ölkənin münasibətlərindəki yaxınlıq onların eyni siyasi quruluş və dövlət tərkibində olmalarından da qaynaqlanır. Lakin Azərbaycan-Qazaxıstan əlaqələrinin inkişafı müstəqillik illərinə təsadüf edir. Hazırda ölkələrimiz arası münasibətlər özünün ən yüksək mərhələsini yaşayır. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin avqustun 24-də Azərbaycana etdiyi rəsmi səfərin zamanı iki qardaş ölkə arasında bir sıra mühüm sənədlər imzalanıb. Azərbaycan və Qazaxıstan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür. Belə bir vaxtda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə səfəri əməkdaşlıqda yeni mərhələnin başlandığını deməyə əsas verir. İki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə töhfə verən 20-dən çox sənədin imzalanması əməkdaşlığın daha da dərinləşməsini şərtləndirir və ölkələrimiz arası münasibətlərin gələcək inkişafında böyük perspektivlərin olacağını deməyə imkan verir. Xüsusilə “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji əlaqələrin gücləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi haqqında Bəyannamə”də kifayət qədər əhəmiyyətli məsələlər əksini tapıb. Belə ki, siyasi əlaqələrin inkişaf etdirilməsi, bir-birinin suverenliyinə, ərazi bütövlüyünə qarşılıqlı dəstək, mühüm məsələlərin həlli ilə bağlı birgə səylərin əlaqələndirilməsi, eyni zamanda, iqtisadi-ticarət, nəqliyyat-logistika sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, mədəni-humanitar əlaqələrin inkişaf etdirilməsi kimi məsələlər hər iki ölkənin maraqlarına cavab verir. Qazaxıstan Respublikasının Prezidentinin nümayəndə heyəti ilə Azərbaycana yüksək səviyyəli rəsmi səfəri və qarşılıqlı əməkdaşlığa dair 20 sənədin imzalanması xüsusilə də, Prezident Kasım-Jomart Tokayevin səfəri çərçivəsində Azərbaycan ilə Qazaxıstan arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqramın və strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamənin imzalanması iki ölkənin perspektiv əməkdaşlıq əlaqələrinin daha da inkişafına əlavə təkan verəcəkdir. Səfər çərçivəsində Azərbaycan və Qazaxıstan prezidentlərinin təkbətək, geniş tərkibdə görüşlərinin keçirilməsi, Prezident İlham Əliyevin Qazaxıstanın “Altın kıran” – “Qızıl qartal” ali ordeni ilə təltif olunması iki ölkə arasında olan münasibətlərin yeni inkişaf mərhələsinin başlandığına işarədir.
Həm imzalanan bu sənədlər, həm də Qazaxıstanın Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işlərində iştirakı, Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsi iki qardaş dövlət və xalq arasında bağları daha da gücləndirəcəkdir. Prezidentlər həmçinin Şuşa və Türküstan şəhərlərinin qardaşlaşması barədə sənəd imzalayıblar. Şuşa və Türküstan tarixi oxşarlığı olan və xalqlarımız üçün çox əhəmiyyət daşıyan şəhərlərdir. Şuşa Azərbaycanın mədəniyyət paytaxtı olduğu kimi, Türküstan da Qazaxıstanın mədəniyyət mərkəzidir. Hər iki şəhər qədim tarixə malik olmaqla yanaşı, böyük hadisələrə şahidlik edib. Bu şəhərlərin qardaşlıq etməsini mədəniyyətlərimizin və xalqlarımızın inkişafı kimi başa düşmək olar. Bu danılmaz bir həqiqətdir ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər həm torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnib, həm də regionda yeni reallıqlar yaradıb. Bu reallıqlar fonunda regional əməkdaşlığın daha da gücləndirilməsi və genişləndirilməsi mühüm yer tutur. Məhz bu kontekstdə Azərbaycan Cənubi Qafqazın mühüm əməkdaşlıq platformasına çevrilməsi istiqamətində səylərini davam etdirir. Prezident İlham Əliyevin də söylədiyi kimi, bu Bəyannamə bizim əməkdaşlığımızın çox istiqamətlərini ehtiva edir və əlbəttə ki, gələcək fəaliyyətimiz üçün çox ciddi baza kimi xidmət edəcək. Bəyannamədə Azərbaycanın Şərqi Zəngəzur rayonunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyinin də qeyd edilməsi onun əhəmiyyətini daha da artırır. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, bu, Orta Dəhlizin tərkib hissəsi olacaq.
Azərbaycan türk dünyasının daha da güclənməsi üçün daim səy göstərən, Türk Dövlətləri Təşkilatının yaranmasında aparıcı rola malik ölkələrdən biridir. Təbii ki, Avropa İttifaqının Orta Asiyanın türk dövlətləri ilə məhz Azərbaycan vasitəsilə əməkdaşlıq qurmaq istəməsi də təsadüfi deyil. Yəni burada türk dünyasının inteqrasiyası məsələsində Azərbaycanın oynadığı aparıcı rol da mühüm rol oynayır. Məhz bütün bunların fonunda atılan addımlar mühüm uğurlar vəd edir. Eyni zamanda, Azərbaycanın müttəfiqlərinin sayının artması, bu mənada Qazaxıstanla bəyannamənin imzalanması, Türkiyə ilə müttəfiqlik, həmçinin Özbəkistanla xüsusi əlaqələrin qurulması Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin məntiqi uğurudur.Bu mənada, ölkələrimizi birləşdirən Orta Dəhlizin çox böyük perspektivləri də reallaşmış olacaqdır.
Ayaz Cəbrayılov,
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri