Azərbaycan dövləti və onun xalqı tarixi kökünə, milli-mənəvi dəyərlərə bağlılığını hər zaman öz əməli fəaliyyəti ilə sübuta yetirmişdir. Dosta sədaqət, qonşuya yardım etmək, səmimi və mehriban münasibətləri qoruyub saxlamaq əzmi xalqımızın yüksək mənəvi keyfiyyətləri sırasında olmuşdur. Heç şübhəsiz ki, müasir dünyada da xalqımız bu keyfiyyətlərini qoruyub saxlayır, inkişaf etdirir və dünya dövlətləri, beynəlxalq təşkilatlar ilə hər zaman qarşılıqlı faydalı əməkdaşlıq qurmağa çalışır, elə bir əməkdaşlıqki bundan bütün tərəflər fayda əldə etmiş olsunlar.
Ölkəmiz yeni və daha sıx əlaqələrin qurulmasında heç şübhəsiz ki, ilk növbədə eyni kökə malik türkdilli dövlətlərə xüsusi önəm verir. Hələ sovetlər birliyi dövründə Azərbaycan Mərkəzi Asiyanın türkdilli respublikaları ilə sıx əlaqələr quraraq onlarla müxtəlif sahələrdə sıx əməkdaşlıq etmişdi. Bunların sırasında isə Qazaxıstanın xüsusi çəkisinin olduğunu vurğulamaq lazımdır. Qazaxıstan geniş əraziyə və zəngin təbii sərvətlərə malik bir dövlət olaraq Azərbaycan kimi əməkdaşlığa hər zaman açıq, üzərinə götürəcəyi öhdəliklərə, həmçinin dostluğa sadiq olan bir dövlətlə daha sıx münasibətlər qurmağa maraqlıdır. Bir məqamı da vurğulayaq ki, bu iki dövləti həm də onların türk kökünə bağlılıqları da birləşdirir. Bu baxımdan Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə rəsmi səfəri xüsusi vurğulanmalıdır. Qardaş ölkə rəhbərinin və onunla yanaşı geniş nümayəndə heyətinin Azərbaycan Respublikasına səfəri Azərbaycan – Qazaxıstan əlaqələrinin yeni müstəviyə qalxmasına müstəsna töhvələr vermiş oldu.
İşğaldan azad edilmiş Füzuli rayonu ərazisində Qazaxıstan Respublikası tərəfindən tikiləcək Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzi xalqlarımızın qardaşlıq münasibətinin daha bir təzahürü, eyni zamanda Qarabağın bərpası işinə töhfədir. Azərbaycan və Qazaxıstan Respublikaları beynəlxalq təşkilatlarda geniş əhatəli məsələlər üzrə fəal əməkdaşlıq edir, daim bir-birini dəstəkləyirlər. Əməkdaşlığın digər çox vacib bir hissəsi də nəqliyyat-logistika infrastrukturunun inkişafı ilə bağlıdır. Bu infrastrukturun yaradılması üçün həm Qazaxıstanda, həm də Azərbaycanda vaxtında lazımi tədbirlər görülüb. Ölkələr arasında yük axınının birləşdirilməsi və onun həcminin artırılması, ölkələrimizin tranzit potensialının yüksəldilməsi dövlətlərimizin gələcək iqtisadi inkişafına mühüm töhvələr verəcək. Orta Dəhliz çox böyük perspektivə malikdir. Bu layihənin həyata keçirilməsində Qazaxıstanın və Azərbaycanın çox mühüm rolu var. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevlə yüksək səviyyədə görüşü türkdilli ölkələr arasında əməkdaşlıqda yeni bir səhifə açacaq.
Bir vacib məqamı da vurğulamaq lazımdır ki, qardaş Türkiyə dövlətinin Mərkəzi Asiyanın türkdilli dövlətləri ilə əlaqələrinin dərinləşdirilməsində ölkəmiz çox mühüm körpü rolunu oynayır. Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında yüksək, müttəfiqlik səviyyəsində əlaqələrin qurulması gələcək illərdə regional əməkdaşlığa, iqtisadi inkişafa, təhlükəsizliyə və nəhayət türk dünyası birliyinin möhkəmlənməsinə çox mühüm töhvələr verəcək.
Cavid Məmiyev,
YAP Sumqayıt şəhər təşkilatının sədr müavini