Prezident cənab İlham Əliyev Türkdilli dövlətlərlə dostluq və qardaşlıq əlaqələrinin qurulmasına, bu dövlətlərlə siyasi, iqtisadi müstəvidə sıx əməkdaşlıq münasibətlərinin yaradılmasına, inkişaf etdirilməsinə böyük önəm verir. Cənab İlham Əliyev Türkdilli Dövlətlər Təşkilatının yaradılmasında və bu qurumun beynəlxalq aləmdə nüfuzunun artırılmasında böyük işlər görüb və görməkdədir.
Azərbaycan Türkdilli dövlətlərlə ikitərəfli formatda da iqtisadi və siyasi əlaqələrin yaradılması və inkişaf etdirilməsi istiqamətində bir çox dövlətlərarası sənədlər imzalamışdır. Yaxın vaxtlarda Prezident cənab İlham Əliyev Özbəkistan Respublikasında səfərdə oldu və burada ölkə başçımız dost və qardaş dövlət başçısı kimi qarşılandı, bir sıra dövlətlərarası sənədlər imzalandı. Avqustun 24-də Qazaxıstan Prezidenti Kasım-Comart Tokayevin Azərbaycana səfəri və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qazaxıstanın ən ali mükafatı "Altın kran" "Qızıl Qartal" ordeni ilə təltif edilməsi xalqlarımızın dostluğunun və qardaşlığının təsdiqidir. Cənab İlham Əliyev Türkdilli dövlətlər və xalqlar arasında böyük hörmət və nüfuza malikdir.
Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında dostluq əlaqələrinin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti olan vaxt 7 aprel 2000-ci ildə Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev Azərbaycanda rəsmi səfərdə olmuşdur. Ulu öndər Heydər Əliyev və N.Nazarbayev arasında 7 aprel 2000-ci ildə 14 bənddən ibarət imzalanmış Birgə Bəyanatın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmişdir.
Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası iştirak etdiyi bütün nüfuzlu beynəlxalq təşkilatlarlarda fəal əməkdaşlıq edir və hər zaman bir birini dəstəkləyir. Qazaxıstan Respublikasının Prezidenti Tokayevin Azərbaycana budəfəki səfərində də hər iki ölkənin siyasi və iqtisadi maraqlarını əhatə edən 20-dən çox dövlətlər və hökumətlər arası sənədlər imzalandı. İmzalanmış sənədlər arasında ən önəmlisi "Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji əməkdaşlığın və müttəfiqlik qarşılıqlı münasibətlərinin dərinləşməsi haqqında Bəyannamə" oldu. Birgə Bəyannamədə Azərbaycanın Şərqi Zəngəzur rayonunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyi də qeyd edilib. Bu da yaradılacaq Orta Dəhlizin tərkib hissəsi olacaq.
Bu gün Azərbaycan və Qazaxıstan parlamentləri də sıx əməkdaşlıq edir. Qazaxıstan Azərbaycanı ərazi bütövlüyünün bərpa edilməsi istiqamətində atdığı bütün addımları dəstəkləyir. Siyasi və iqtisadi əlaqələrlə yanaşı humanitar sahədə də Azərbaycan və Qazaxıstan sıx əməkdaşlıq edir. Yaxın vaxtlarda Qazaxıstanda Azərbaycan mədəniyyət günlərinin keçirilməsi nəzərdə tutulur. Qazaxıstan dövləti hədiyə olaraq işğaldan azad edilmiş Füzuli rayonunda Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzi inşa edəcək. Sumqayıt şəhərinin mərkəzi küçələrindən birinə Qazax xalqının böyük oğlu Əhməd Buytursunovun adı verilib. Azərbaycanın Şuşa şəhəri ilə Qazaxıstanın Türküstan şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol da imzalanmışdır.
Bundan sonra iki qardaş türkdilli dövlət olan Azərbaycan və Qazaxıstan əlaqələri daha da yüksələcək.
Kamilə Əliyeva,
Milli Məclisin deputatı, professor