28 avqust 2022 17:32
443

40 illik əbədiyyət

Azərbaycanın ən dilbər guşələrindən biri olan, şair, sənətkar, ustad ocağı və zəngin qızıl yataqları ilə digərlərindən fərqlənən Kəlbəcər rayonu eyni zamanda qəhrəman, igid və cəsur oğlanları və qızları ilə də daima seçilib. Belə igid oğullardan biri olan və haqqında söhbət açacağım polkovnik-leytenant Anar Əliyev 1980-ci ilin avqust ayının 28 də Kəlbəcərdə ziyalı ailəsində göz açır.

Bu gün Anar təkcə əzəli nəsli Kəlbəcərin ilk sakinlərindən hesab olunan “Kalvavəllər” nəslinin deyil, doğma yurdunun, elinin, obasının bütün Azərbaycanın fəxrlə andığı qəhrəmanlardan biridir.

 Müəllim ailəsində böyüyən və hələ kiçik yaşlarından, yaşıdlarından fərqlənən Anar öz davranışı və tərbiyəsi ilə ətrafin diqqətini üzərinə çəkməyi bacarır. Mənfur düşmən tərəfindən 1993-cu ildə Kəlbəcər rayonunun işğalı doğma yurd yuvasından ayrı düşən, köçkün həyatı yaşayan yerli camaatın, eləcə də bu günümüzün qəhrəmanına çevrilmiş Anar Əliyevin də ailəsindən yan keçmir, təsirsiz ötmür.

Məhz bu səbəbdən qisas hissi ilə böyüyən Anar hələ uşaq ikən hərbçi olmaq qərarına gəlir və orta təhsilini C. Naxçıvanski adına hərbi liseydə davam etdirir. Sonra isə 1997-ci ildə ali hərbi məktəbə daxil olur və 2001 ci ildə hərbi məktəbi “Qoşun kəşfiyyatı ” ixtisası üzrə müvəffəqiyyətlə bitirir. O, taqım komandiri vəzifəsindən, hərbi hissə komandiri vəzifəsinə, “leytenant” hərbi rütbəsindən “polkovnik-leytenant” hərbi rütbəsinə yüksəlir. Anar hansı hərbi hissədə, hansı vəzifədə xidmət etməsindən asılı olmayaraq, komandanlıq tərəfindən qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlir, daima öz üzərində çalışırdı. Onu da qeyd edim ki, Anar nəinki yaxşı komandir, hətta tabeliyində olanlarla qardaş, yaxın dost idi.

Onun erkən yaşlarından məcburi köçkün həyatı yaşaması, doğma dədə baba yurdundan ayrı düşməsi onda düşmənə qarşı iki qat nifrət hiss yaratmışdı. Onun doğma el obasının azadlığı naminə və şəhidlərimizin ruhu qarşısında verdiyi qisas andına sədaqəti Vətən müharibəsinin başlandığı ilk gündən özünü göstərdi. Anar Əliyev rəhbərlik etdiyi kollektivi döyüşlərdə bacarıqla idarə etdi, qarşıya qoyulan döyüş tapşırıqlarının icrasının təmin edilməsinə inamla nail oldu. Döyüşdə nə tabeçiliyində olan zabitlərdən, nə də şəxsi heyətdən ayrı düşmədi, onlarla birlikdə döyüşün ən qızğın yerlərinə atıldı.

27 sentyabr düşmənin genişmiqyaslı təxribatlarına cavab olaraq başlayan Vətən müharibəsində Zəngilanın, Cəbrayəlın, Fizulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşan polkovnik leytenant Anar Əliyev, 21 oktyabr 2020 ci il tarixdə vəzifə borcunu yerinə yetirkən növbəti döyüşdə “Şəhidlik” zirvəsinə ucalmış və 40 ildə əbədiyyətə qovuşmuşdur.

Şəhid polkovnik-leytenant Anar Əliyev Azərbaycanın ərazi bütövluyünun bərpa edilməsində, xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı, qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirdiyi zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 09.12. 2020 ci il tarixli sərəncamına əsasən, Anar Əliyev ( ölümundən sonra) “ Vətən Müharibəsi qəhrəmanı” adına və eyni zamanda “ Vətən uğrunda” “ “Şuşanın azad olunmasına görə” “Fizulinin azad olunmasına görə “ və nəhayət “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Şəhid polkovnik-leytenant Anar Əliyev haqqında onun tabeliyində olan zabit və əsgərlər bu gün böyük Fəxarət hissi ilə danışır, gələcəkdə onun kimi, Şərəfli komandir, layiqli Vətən oğlu kimi xidmət etmək niyyətində olduqlarını dilə gətirirlər. Bu gün xalq olaraq təsəllimiz ondadır ki, Şəhid oğullarımızından xoş xatirələr, təmiz ad və örnək izlər qalıb.

İnanıram ki, xalq olaraq biz, Vətən naminə, torpaqlarımızın azadlığı və bizim qürurla yaşamamız üçün canlarını fəda etmiş Şəhidləri unutmayacaq, onların xatirəsinin daima uca tutulmasını, nəsildən nəsilə ötürülməsini təmin edəcəyik!

Nərgiz Həşimqızı