27 avqust 2022 12:04
806

Strateji tərəfdaş və müttəfiq

Qazaxıstan-Azərbaycan münasibətləri beynəlxalq müstəvidə yüksələn xətt üzrə inkişaf edir

Azərbaycanın xarici siyasətdəki uğurları ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır. Müasir müstəqil Azərbaycanın memarı və qurucusu olan ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş xarici siyasət strategiyası bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda müstəqil dövlətimizin beynəlxalq aləmdəki mövqeləri xeyli möhkəmlənmiş, əlaqələri genişlənmişdir. Dövlət başçımızın dünya səviyyəsində həyata keçirdiyi balanslaşdırılmış xarici siyasəti Azərbaycanı inkişaf etmiş demokratik ölkələr sırasına çıxarıb. İndi Azərbaycan demokratik, müstəqil və azad bir ölkə kimi tanınır. Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasət nəticəsində ölkəmizə olan müsbət maraqlar artmış, Azərbaycan regionda əsas söz sahibinə çevrilmişdir.

Digər dost ölkələr kimi Qazaxıstan ilə ölkəmiz arasında münasibətlər olduqca yüksək səviyyədədir. Dövlətlərimiz arasında Prezidentlər səviyyəsində səfərlərin baş tutması, bu səfərlər zamanı mühüm sənədlərin imzalanması beynəlxalq müstəvidə əməkdaşlığımız yüksələn xətt üzrə inkişaf etməsinin sübutudur. Müstəqil dövlətlər olaraq, xarici siyasətdə iştirak etdiyimiz aparıcı beynəlxalq təşkilatlarda geniş əhatəli məsələlər üzrə fəal əməkdaşlıq edirik, daim bir-birimizi dəstəkləyirik və bu, gələcəkdə də davam edəcək. Çünki əməkdaşlıq etdiyimiz beynəlxalq təşkilatların sayı kifayət qədər çoxdur və hər yerdə Qazaxıstan və Azərbaycan nümayəndələri sıx, qarşılıqlı fəaliyyətdədirlər.

Prezident İlham Əliyevin Qazaxıstan Respublikasının “Altın kıran” - “Qızıl qartal” ali ordeni ilə təltif edilməsi xalqlarımızın dostluğunun və qardaşlığının təsdiqi, Prezident İlham Əliyevin Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəmlənməsi üçün gördüyü işlərə verilən yüksək qiymətdir. Təbiidir ki, bir vətəndaş olaraq, ölkə başçımızın təltif olunması, Qazaxıstanın Azərbaycanla bütün məsələlərdə eyni mövqe nümayiş etdirməsi, ölkələrimiz arasında əməkdaşlıqların sürətli inkişafı bizləri də sevindirir və qürurlandırır.

Bildiyimiz kimi Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad edildi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi şanlı ordumuz xalqımızın 30 illik həsrətinə son qoydu, xalqımıza sonsuz Qələbə sevinci bəxş etdi. Biz artıq qalib xalq, qalib ölkə olaraq yaşayırıq. Bir vaxtlar düşmən tapdağında qalan, erməni vandalizminin qurbanına çevrilən, dağıdılıb, yandırılıb, talanıb xarabalıqlara döndərilən torpaqlarımızda bu gün gülüstanlar qurulur. Dövlətimiz tərəfindən aparılan sürətli və geniş miqyaslı bərpa-quruculuq işləri, icra olunan irimiqyaslı infrastruktur layihələr tezliklə doğma torpaqlarından didərgin düşmüş sakinlərin öz yurd-yuvalarına qovuşacağından xəbər verir.

Bütün məsələlərdə olduğu kimi Qarabağın yenidən qurulması prossesində də dost ölkələr yaxından iştirak edirlər. Bu ölkələr sırasında Qazaxıstanın da öz yeri var. Qazaxıstanın Qarabağın yenidən qurulmasında iştirakı dostluğumuzun bariz təzahürüdür. Qazaxıstanın Azərbaycana hədiyyəsinin – işğaldan azad edilmiş ərazilərdə tikiləcək Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin təqdimatının keçirilməsi xalqımıza qardaşcasına münasibətin daha bir təzahürü, humanitar əməkdaşlığın daha bir elementidir. Bu əməkdaşlıq da uğurla inkişaf edir. Mərkəz Füzuli şəhərində tikiləcək. Füzuli şəhərinin tikintisinin Baş planı təsdiqlənib, artıq yaşayış fondunun ilk tikililəri başlayır. Məhz, həmin vaxtadək, bu mərkəz hazır olanda Füzulinin ilk sakinlərinin oraya köçürülməsi planlaşdırılır.

Ölkəmizin Qazaxıstanla münasibətlərində nəqliyyat-logistika infrastrukturunun inkişafı ilə bağlı, iqtisadi-ticari münasibətlərin möhkəmlənməsi istiqamətində atılan addımlar, eləcə də “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”nin imzalanması xüsusi əhəmiyyət daşıyır. Bu Bəyannamənin adı sənədin əhəmiyyətinə dəlalət edir. Biz təkcə strateji tərəfdaşlar deyil, həm də müttəfiqlərik. Əlbəttə, bu, bizim üzərimizə xüsusi məsuliyyət qoyur və biz bu məsuliyyətə hazırıq. Bəyannamə bizim əməkdaşlığımızın çox istiqamətlərini ehtiva edir və əlbəttə ki, gələcək fəaliyyətimiz üçün çox ciddi baza kimi xidmət edəcək.Birgə Bəyannamədə həm də Azərbaycanın Mərkəzi Asiyanın beş ölkəsi ilə çoxtərəfli əməkdaşlığının gələcəkdə mümkün inkişafı da əksini tapıb. Həmçinin, Birgə Bəyannamədə Azərbaycanın Şərqi Zəngəzur rayonunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyi də qeyd edilib. Bu da Orta Dəhlizin tərkib hissəsi olacaq.

Əminik ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmizin diplomatik uğurları daha da artacaq, dost ölkələrlə səmərəli, sıx əməkdaşlıqlar üçün yeni-yeni imkanlar yaranacaq.

Əzizə Mehdizadə,
Füzuli Qadın Resurs Mərkəzinin koordinatoru,
Füzuli RİH yanında İctimai Şuranın üzvü