27 avqust 2022 12:22
764

Azərbaycan - Qazaxıstan münasibətləri yüksələn xətlə inkişaf edir

Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və Prezident cənab İlham Əliyevin dövrün tələblərinə uyğun uğurla yürütdüyü müdrik siyasətin nəticəsidir ki, ölkəmiz hazırda Türk dünyasının “Qızıl körpüsü” rolunu yüksək səviyyədə gerçəkləşdirir, türkdilli ölkələrlə münasibətlərin genişləndirilməsi, Türk Dünyası Birliyinin qurulması istiqamətində inteqrasiya prosesi sürətləndirilir. Təbii ki, Vətən müharibəsindən sonra qazanılan tarixi Zəfərimizdən dolayı yaranan yeni geopolitik durum ölkəmizin xarici siyasətində hədəflərini daha da uğurlu şəkildə gerçəkləşdirilməsinə gətirib çıxarıb.
İkitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin inkişafı bu baxımdan Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindəndir. Ümumilikdə, türk dünyası birliyi, həmrəyliyi Azərbaycanın əsas çağrışları sırasında yer tutur. “Gücümüz birliyimizdədir” -deyən dövlət başçısı İlham Əliyevin son 19 ilə yaxın dövr ərzində reallaşdırdığı addımların xronologiyasına diqqət yetirdikdə türk dünyasının birliyinə, həmrəyliyinə böyük töfhələr verdiyini əminliklə deyə bilərik.
Prezident İlham Əliyevin çıxışında qeyd olunduğu kimi, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə rəsmi səfəri ölkələrarası əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır ki, eləcə də, keçirilən görüşlərdə müzakirə olunan məsələlər, həmçinin imzalanan yeni sənədlər, əməkdaşlıqda yeni prioritetlərin müəyyənləşdirilməsinə yol açır. Bu baxımdan Qazaxıstan Prezidentinin bu səfəri də ikitərəfli əlaqələrin gündəliyinin aktual məsələlərinin müzakirəsi, münasibətlərin inkişafına xidmət edən mühüm sənədlərin imzalanması ilə diqqətdə oldu.
Belə ki, bu hər iki ölkənin dövlət başçılarının birlikdə imzaladıqları sənədlər gələcək əməkdaşlığımıza böyük töhfələr verəcəkdir. Hər iki dövlət başçıları “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram”ı və “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik, qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi haqqında Bəyannamə”ni imzaladılar. Bu bəyannamənin adı sənədin əhəmiyyətinə dəlalət edir.
Cənab Prezidentin qeyd etdiyi kimi, ölkələrimiz təkcə strateji tərəfdaşlar deyil, həm də müttəfiqdir. Əlbətdə, bu bizim üzərimizə xüsusi məsuliyyət qoyur, eyni zamanda əməkdaşlığımızın çox istiqamətlərini ehtiva edir və həmçinin gələcək fəaliyyətimiz üçün çox ciddi baza kimi əsas rol oynayacaqdır. Bəyannamə ilə yanaşı tərəflər arasında 20-dən artıq sənəd imzalanmışdır ki, bu sənədlər də əlaqələrimizin gələcək inkişafı barədə aydın təsəvvür yaradır və başlıca olaraq ikitərəfli əməkdaşlıqda yeni səhifə açılır. Təbii ki, strateji tərəfdaşlıqdan müttəfiqliyə atılan addım Azərbaycan-Qazaxıstan münasibətlərinin uğurlu inkişafının, hər iki ölkənin dövlət başçılarının əlaqələrimizin inkişafına göstərdikləri diqqətin göstəricisidir.
Qazaxıstan Prezidentinin ölkəmizə səfəri iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin tamam olması dövrünə təsadüf edir. Bu baxımdan səfər 30 illik yolun təhlili, əldə olunan uğurların fonunda perspektivlərin müəyyənləşdirilməsi baxımından bir hesabat kimi dəyərləndirilə bilər. Prezidentlərin bəyanatlarında bu kimi məqamlar öz əksini tapmışdır ki, bu eyni zamanda qarşılıqlı etimad münasibətlərinin inkişafına bir növ bələdçilik edir.
Son 19 ilə yaxın dövrdə atılan addımların əsas təqdimatı isə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən dövlət başçımıza Qazaxıstanın “Altın kıran” - “Qızıl qartal” ali ordenin təqdim olunmasıoldu. Qazaxıstan Prezidenti qeyd etdi ki, Qazaxıstanda Prezident İlham Əliyevi görkəmli dövlət xadimi, bütün dünyada Azərbaycanı tarixi Zəfərə və Təhlükəsizlik Şurasının qətnamələrinə tam olaraq ərazi bütövlüyünün bərpa edilməsinə gətirib çıxarmış şəxsiyyət kimi tanıyır, ehtiram bəsləyir, hörmət edirlər. Qürurla qeyd edə bilərik ki, dövlət başçımızın Qazaxıstanın Ali Ordeni ilə təltif edilməsi cənab Prezidentin şəxsi nüfüzu ilə yanaşı, eyni zamanda bütün Azərbaycan xalqına olan hörmətin əlamətidir.
Beləliklə, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin avqustun 24-də Azərbaycana etdiyi səfər həm siyasi, həm də iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb etdi. Birmənalı olaraq demək olar ki, Azərbaycan - Qazaxıstan münasibətləri yüksələn xətlə inkişaf edəcək və bu əməkdakdaşılıq formatı həm ölkələrimizin, xalqlarımızın həm də bütün Xəzəryanı ölkələrin və eləcə də, Türk Dünyasının inkişafına mühüm töhfələr verəcəkdir.

Sahib Şükürov ,

YAP Göyçay rayontəşkilatının sədri