27 avqust 2022 11:40
1175

Azərbaycan və Qazaxıstan dövlətlərinin dostluğu və qardaşlığı

Bu il Qazaxıstan və Azərbaycan dövlətləri 1992-ci il avqustun 27-də aralarındakı diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edir. İki ölkə arsındakı dostluq əlaqələrinin təməli ulu öndər Heydər Əliyev və Nursultan Nazarbayev tərəfindən qoyulub. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi  illərdə  qardaş ölkələr  arasındakı münasibətlər daha da dərinləşib.

Bu zamana qədər  dövlət başçılarının 10-dan çox qarşılıqlı səfərləri olub, ölkələrimiz arasında 130-dan çox sənəd imzalanıb.  Bu sənədlər iki ölkənin münasibətlərinin müxtəlif sahələrdə inkişafına böyük təkanlar verib.

Azərbaycan və Qazaxıstan dövlətləri arasındakı münasibətlər çox dərin köklərə və güclü əsaslara dayanır. Hər iki qardaş ölkənin xalqlarının etnik, dini və mədəni dəyərləri bir-birinə oxşar olmaqla yanaşı  həmçinin də ortaq tarixə malikdir. Azərbaycanla Qazaxıstan həm müttəfiq həm də strateji tərəfdaş olan ölkələrdir. Bunun nəticəsidir ki, Azərbaycan və Qazaxıstan dövlətləri arasında  illər ərzində heç bir problem yaşanmayıb, eyni zamanda Xəzərin hüquqi statusu ilə bağlı ölkələr qısa müddətdə öz aralarında razılığa gəlməyi bacarmışlar.

Astanada 2004-cü il martın 1-də imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə” və Bakıda 2005-ci il mayın 24-də imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə” ilə daha da möhkəmləndirilib. Hazırda Azərbaycanda 165 Qazaxıstan şirkəti fəaliyyət göstərir. Qeyri-neft sektorunda Azərbaycandan Qazaxıstana indiyə qədər 204.3 milyon ABŞ dolları dəyərində sərmayə yatırılıb. Qazaxıstandan Azərbaycana isə bu sahə üzrə 98,8 milyon ABŞ dolları həcmində investisiya qoyulub. Hər iki ölkə Şərq-Qərb Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu çərçivəsində əməkdaşlıq edir. Aktau dəniz limanı xüsusi zonasında Azərbaycan sərmayəsi ilə inşa edilən “Aktau İstehsal və Logistika Mərkəzi” ölkələrimiz arasında ticari-iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır.

Bu gün Azərbaycan-Qazaxıstan münasibətləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev tərəfindən uğurla davam  etdirilir. Prezident İlham Əliyevin Qazaxıstan Respublikasının “Altın kıran” - “Qızıl qartal” ali ordeni ilə təltif edilməsi xalqlarımızın dostluğunun və qardaşlığının təsdiqi, Prezident İlham Əliyevin Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəmlənməsi üçün gördüyü işlərə verilən yüksək qiymətdir. Qazaxıstan Qarabağ münaqişəsində də hər zaman Azərbaycanın haqq işini,ədalətli mövqeyini dəstəkləyərək beynəlxalq münasibətlər sistemində də dost və qardaş ölkə olduğunu sübuta yetirmişdir. Ümid edirik ki, Azərbaycan dövləti ilə Qazaxıstan dövləti arasındakı əməkdaşlıq bundan sonra da yüksələn xətlə inkişaf edəcəkdir.

Səadət Yusifova,

S.Rüstəmov adına 13 nömrəli UMM məktəbinin müəllimi