27 avqust 2022 03:02
700

Qazaxıstan azad Qarabağımıza hədiyyəsini təqdim etdi

Dövlət başçısı İlham Əliyev bu əminliyi ifadə edir ki, qazax xalqının böyük oğlu Kurmanqazının adını daşıyacaq Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzi həm də Qazaxıstan-Azərbaycan dostluğu mərkəzi olacaq

Türkdilli dövlətlər arasında münasibətlər hər il daha da güclənir, inkişaf edir. Bu dövlətlərin strateji əməkdaşlığında Azərbaycanın  rolu  inkaredilməzdir.  Bu istiqamətdə Prezident İlham Əliyev tərəfindən irəli sürülən və türkdilli ölkələr arasındakı siyasi və iqtisadi sahələrdə əlaqələrin inkişafına yönəldilmiş layihələr xüsusilə qeyd edilir. Ötən il noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə Türk Dünyasının Ali Ordenini təqdim edərkən bu fikirləri səsləndirmişdi: “Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsi türk dünyasının birliyini və bərabərliyini genişləndirmişdir. Qarabağın azadlığının rəmzi olan “Xarıbülbül” türk dünyası üçün Zəfərin müjdəçisi olmuşdur”.

Prezident İlham Əliyev isə bəyan edir ki, bu gün biz türk dövlətləri arasındakı birlikdən danışarkən gələcəyə baxırıq. Türkdilli xalqları ortaq mədəniyyət, adət-ənənələr, milli-mənəvi və dini dəyərlər, tarixi köklər, etnik əlaqələr birləşdirir və bu amillər qarşılıqlı səmərəli fəaliyyət üçün əsas təməldir. Hazırda bu əlaqələrin əhatə dairəsi çoxşaxəlidir.

Bu gün Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında geniş quruculuq-bərpa işləri aparılır. Təbii ki, Qarabağ bölgəsində genişmiqyaslı bərpa və infrastruktur quruculuğu işlərinə başlanılması Azərbaycan dövlətinin gücünü göstərir. Lakin bu işdə Azərbaycan tək deyil. Qarabağın yenidən çiçəklənməsində qardaş Türkiyə başda olmaqla digər türkdilli dövlətlər də öz dəstəyini əsirgəmirlər.

Bu günlərdə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana rəsmi səfər etdi. Səfər çərçivəsində ikitərəfli gündəliyin aktual məsələlərinə, regional təhlükəsizliklə bağlı məsələlərə, beynəlxalq problemlərə dair ətraflı danışıqlar aparıldı, sənədlər imzalandı. İmzalanan sənədlər arasında “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”nin əhəmiyyəti xüsusi qeyd olunur. Bu sənəd artıq təsdiq edir ki, Azərbaycan və Qazaxıstan sadəcə strateji tərəfdaşlar deyil, həm də müttəfiq dövlətlərdir.

Qazaxıstan Azərbaycanın ərazi bütövlüyünü istər işğal dövründə, istərsə də İkinci Qarabağ müharibəsindən sonra daim dəstəkləyir. Dost ölkə işğaldan azad olunan torpaqlarımızın abadlaşdırılması işində yaxından iştirak edir. Qazaxıstan Prezidentinin ölkəmizə səfəri zamnı dost ölkənin azad Qarabağa hədiyyəsinin təqdimatı oldu. Belə ki,  Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstanın “Bİ-Group” Holdinqi tərəfindən Füzuli şəhərində inşa ediləcək Kurmanqazı adına Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin layihəsi ilə tanış oldular. Xatırladaq ki, inşa ediləcək Kurmanqazı adına Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin layihəsi Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin tapşırığı ilə hazırlanıb.

Bu addımı yüksək dəyərləndirən dövlət başçısı İlham Əliyev Qazaxıstan Prezidenti ilə geniş tərkibdə görüşdə vurğuladı ki, Qazaxıstanın Azərbaycana hədiyyəsinin – işğaldan azad edilmiş ərazilərdə tikiləcək Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin təqdimatı keçirildi və bu, bizim xalqımıza qardaşcasına münasibətin daha bir təzahürü, hazırda bizim hamımızın məşğul olduğumuz Qarabağın bərpası işinə töhfədir. Bu əminlik də  ifadə edildi ki, qazax xalqının böyük oğlu Kurmanqazının adını daşıyacaq Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzi həm də Qazaxıstan-Azərbaycan dostluğu mərkəzi olacaq.

Qeyd olunan layihə 2 hektar ərazini əhatə edəcək. Burada 3 100 kvadratmetrlik bina inşa olunacaq. Mərkəz gün ərzində 600 nəfəri qəbul etmək gücünə malik olacaq. Burada səsyazma studiyası, musiqi - vokal və xor oxuma, müasir texnologiyalar, yəni, uşaqların daha çox xoşuna gələn, uşaq potensialını üzə çıxaran, sənət və yaradıcılıq - dulusçuluq sənəti, heykəltaraşlıq və əlbəttə ki, idman – oyun zalları, xoreoqrafiya və s. yaradılacaq. Bu mərkəzdə uşaqların yaradıcılığını üzə çıxarmaq və inkişaf etdirmək üçün hər cür şərait olacaq.

Günel Eyyubova, “İki sahil”