27 avqust 2022 01:49
745

Qarabağın bərpasına dost töhfəsi

Qazaxıstan və Azərbaycan... Coğrafi baxımdan bir birinə yaxın, eyni zamanda su hövzəsində qonşu olan iki türk dövləti. Hər iki ölkənin qədim İpək yolunun üzərində yerləşməsi onların siyasi və iqtisadi əhəmiyyətini həm dünya üçün, həm region üçün xeyli artırmışdır. Ortaq tarixi köklərə əsaslanan zəngin mədəni və tarixi bağlarla birləşən Qazaxıstan və Azərbaycanın artan siyasi nüfuzu son illər daha da artmaqdadır. Çətin geosiyasi vəziyyətdə bu ümumilik ölkələrimizin daha da yaxınlaşmasına kömək edir. Qazaxıstan həmişə ölkəmizin ərazi bütövlüyünü dəstəkləmişdir. Yalnız dövlətlərarası sənədlərdə deyil, real həyatda da Azərbaycan Qazaxıstanın dəstəyini hər zaman hiss edib. 

Avqustun 24-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri hər iki tərəf üçün çox mühüm əhəmiyyətə malikdir. Kasım-Jomart Tokayev cənab Prezident İlham Əliyevlə təkbətək və geniştərkibli görüşlərində  ticari-iqtisadi, nəqliyyat, logistika, həmçinin strateji tərəfdaşlığa dair müzakirələr aparılıb. Eyni zamanda, bir çox sahələr üzrə  əməkdaşlığa dair mühüm sənədlər imzalanıb. Səfər çərçivəsində bütün sahələrdə 20-dən artıq çox mühüm sənədlərin imzalanması, müttəfiqlik və qarşılıqlı  fəaliyyətin dərinləşdirilməsi haqqında Bəyannamə hər iki ölkənin dostluq və qardaşlığına əsaslanan münasibətlərin inkişafına çox böyük töhfələr verəcəkdir. Nəqliyyat və logistika sahəsində həyata keçirilən layihələrdə iki ölkənin əməkdaşlığı və birgə fəaliyyəti münasibətlərimizin yüksələn xətt üzrə inkişafından xəbər verir. Azərbaycan və Qazaxıstan təkcə yaxın qonşu dövlətlər deyil, həm də uzunmüddətli tərəfdaşlardır. İndi Azərbaycan və Qazaxıstan regionda inteqrasiya və təhlükəsizliyin arxitekturasını müəyyən edən iki nəhəng gücdür. Nəzərinizə çatdıraq ki, hər iki ölkə Asiya-Avro­pa marşrutu üzrə yüklərin daşınmasında mühüm rol oynayır.

Xəzər dənizinin qərb və şərq sahillərindən olan iki türk dövləti dövlətçiliyin çiçəklənməsi, parçalanma və müstəmləkəçilik kimi müxtəlif çətin dövrlərdən keçərək bu gün öz inkişafının oxşar mərhələlərindədir. Hər iki postsovet ölkəsi ənənəvi olaraq açıq xarici siyasət yürüdür, müasirləşməyə və dünya iqtisadi proseslərində fəal iştiraka çalışır. Azərbaycan Respublikasının 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər bütün dost ölkələr kimi Qazaxıstanı da sevindirmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev tərəfindən Qazaxıstanın “Altın kıran” – “Qızıl qartal” ali ordenin təqdim olunması qazax xalqı tərəfindən  cənab Prezidentin timsalında xalqımıza verilən ən ali dəyərin təcəssümüdür. Qazaxıstanın “Bİ-Group” Holdinqi tərəfindən Füzuli şəhərində uşaqlar üçün inşa ediləcək Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsinin təqdimatı da bu dostluğun bariz nümunəsi və məntiqi davamıdır. 

Qazaxıstan-Azərbaycan əlaqələri özünün intibah dövrünü yaşayır. Bu əlaqələrimiz bundan sonra da ən mükəmməl formada davam edərək hər iki xalqın həyatına çox mühüm töhfələr bəxş edəcəkdir. Cənab Prezidentin çıxışında qeyd etdiyi “ Qazaxıstan ilə münasibətlər bundan sonra da Azərbaycanın xarici siyasətində prioritet olacaq” fikiləri bu səfərin nə qədər mühüm tarixi əhəmiyyətə malik olduğunu göstəricisidir.

Emin Sarıyev,
Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi