Qadın həndbolçulardan ibarət Azərbaycan milli komandası V İslam Həmrəyliyi Oyunlarında növbəti qələbəsini qazanıb.
“İki sahil” xəbər verir ki, yığma B qrupundakı ikinci matçında Əfqanıstan yığması ilə üz-üzə gəlib. Konyada təşkil olunmuş görüşdə komandamız rəqibini 43:9 hesabı ilə məğlub edib.
Qeyd edək ki, qadın həndbolçulardan ibarət millimiz ilk oyunda Kamerun seçməsi ilə qarşılaşmalı idi. Rəqib meydana çıxmadığından millimizin aktivinə qələbə yazılmışdı.
Yığmamız qrup mərhələsinin avqustun 11-də olacaq son turunda İran kollektivi ilə görüşəcək.
Həndbol yarışlarında yarımfinal görüşləri avqustun 13-də, mükafatlar uğrunda oyunlar avqustun 14-də olacaq.