06 iyul 2022 11:31
956

Qoşulmama Hərəkatı Cənubi Qafqazda sülhə və iqtisadi inkişafa töhfələr verəcək

Azərbaycan xalqı qədim tarixi keçmişə, zəngin mənəvi dəyərlərə sahib bir xalqdır. Bu mənəvi dəyərlər ulu babalarımızdan bizə miras qalmışdır. Xalqımız əsrlər boyu qonşu xalqlarla sülh və əmin-amanlıq şəraitində yaşamağa, sadə dildə desək yaxşı qonşuluq etməyə çalışmışdır. Sözsüz ki, Azərbaycan hər zaman qonşuları arasında baş verən problemlərdə öz neytrallığını qorumağa çalışmış, ədələt prinsiplərini uca tutmuş, beynəlxalq hüququn norma və prinsiplərinə böyük hörmətlə yanaşmışdır. Bütün bunlar bizim xalqımız və respublikamız üçün ən ali dəyərlərdir.

Tarixi ənənələrə söykənən müasir Azərbaycan Respublikası da müstəqillik qazandığı andan etibarən beynəlxalq təşkilatlara üzv olmağa başladı. 2011-ci ildə möhtərəm prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikası Qoşulmama Hərəkatına üzv oldu. Bu xalqımız və dövlətçiliyimiz üçün açılan yeni bir səhifə idi. Azərbaycan qısa bir zamanda təsisatın söz sahibi üzvlərindən birinə çevrildi. Qoşulmama Hərəkatında Azərbaycan Respublikasının fəal üzvlüyü ilk günlərdən hiss olunmağa başladı.

Ölkəmizim təşkilatın işindəki fəal iştirakına görə Azərbaycan Respublikasının hərəkata 2019-2022-ci ildərdə sədrliyi təqdim olunanda üzv dövlətlər tərəfindən hamılıqla bəyənildi. Sədrliyin 2023-cü ilin sonuna qədər uzadılması üzv dövlətlərin ölkəmizə verdiyi dəyərin, göstərdikləri hörmət və ehtiramın təntənəsi idi. Qoşulmama Hərəkatı təsisatı və ona üzv olan dost dövlətlər Ermənistanın Azərbaycana qarşı təcavüzkar davranışlarına daim qarşı çıxdılar. Təhlükəsizlik Şurasının Qoşulmama Hərəkatından olan qeyri-daimi üzvləri təşkilatın prinsip və dəyərlərinə sadiq qalaraq daim Ermənistanın və onun havadarlarının anti-Azərbaycan mahiyyətli bəyanatlarını blokladılar. Bütün bunlar Qoşulmama Hərəkatının beynəlxalq hüquqa nə qədər hörmətlə yanaşmasının əyani nümunəsi idi.

Hesab edirik ki, Cənubi Qafqazda sülhün və əminamanlığın bərpası qarşılıqlı əməkdaşlığa zəmin yaradar. Nəqliyyat dəhlizlərinin açılması regionun bütün dövlətlərinin iqtisadi inkişafına müsbət töhfələr verər. “Böyük ipək yolu”nun bərpası kontekstində sülhün bərpa olunması öz aktuallığını bir qədər də artırmış olur. Bunun üçün dünya dövlətləri Qoşulmama Hərəkatı təsisatının ədalətli mövqeyindən nümunə götürərək beynəlxalq hüquqa hörmətlə yanaşmalı və ikili standartları kənara qoyaraq Cənubi Qafqazda dayanıqlı sülhün bərpası üçün Ermənistana lazımi təzyiqləri göstərməlidirlər. Bu elə Ermənistan dövlətinin özü üçün də daha faydalı olar. Biz tam əminik ki, Qoşulmama Hərəkatı Azərbaycan Respublikası ilə sıx və qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində Cənubi Qafqazda dayanıqlı sülhün və gələcək iqtisadi inkişafın da təminatçılarından biri olacaq.

Cavid Məmiyev,

YAP Sumqayıt şəhər təşkilatının sədr müavini