Birləşmiş Millətlər Təşkilatından sonra Qoşulmama Hərəkatı ikinci ən böyük beynəlxalq təsisatdır. Dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında Azərbaycan da daxil olmaqla, mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı beynəlxalq aləmdə öz prinsiplərinə bağlılıq nümayiş etdirir. Mövcud olduğu 50 ilə yaxın müddət ərzində Hərəkata üzv dövlətlər ortaq prinsip və dəyərləri qoruyub saxlamış və beynəlxalq sülh və təhlükəsizliyin gücləndirilməsində əsaslı rol oynayıb. Azərbaycanın sədrliyi dövründə bu qurumun qlobal çağırışlarla bağlı mübarizəyə verdiyi töhfə beynəlxalq miqyasda yüksək əhəmiyyətə malikdir. Hərəkatın sülh, inkişaf, iqtisadi əməkdaşlıq və beynəlxalq münasibətlərin demokratikləşdirilməsi kimi uzunmüddətli məqsədlərinin tam olaraq həyata keçirilməsi istiqamətində Azərbaycan Respublikasının fəaliyyəti çox əhəmiyyətli nəticələr vermişdir. Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 30 iyun 2022-ci il tarixdə Bakıda keçirilən konfransında da bir çox mühüm məsələlər ətrafında ətraflı müzakirələr aparılmışdır. Ölkə rəhbəri cənab İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında bir daha bəyan etdi ki, qurum ölkələrimizin maraqlarının müdafiəsi üçün platforma rolunu oynaya bilər. Hər bir beynəlxalq əhəmiyyətli tədbir mahiyyəti baxımından əhəmiyyətlidir. Azərbaycan mütəmadi olaraq iqtisadi, siyasi, humanitar tədbirlərə ev sahibliyi edir, aktual məsələlərin həlli yollarında öz imkanlarını tam olraq ortaya qoyur. Ən vacib məqam isə Azərbaycanın daim təşəbbüsləri reallığa çevirən ölkə kimi tanınmasıdır. Belə ki, Azərbaycan Parlamentlə yanaşı, Gənclər Şəbəkəsinin yaradılması təşəbbüsünü də irəli sürdü və Qoşulmama Hərəkatının üzv dövlətlərinin dəstəyini qazandı. Bakı konfransında əsas diqqət göstərilən məsələ quruma üzv dövlətlərdən Azərbaycanın haqlı mövqeyinə dəstək, eyni zamanda, 30 il məsələnin nizamlanmasını müşkülə çevirən ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi oldu.
Azərbaycan böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında əməkdaşlıq əlaqələri qurur və yeni-yeni istiqamətlər üzrə inkişaf etdirir. Tamhüquqlu 120 üzvü, 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı özündə birləşdirən Qoşulmama Hərəkatının məqsədi bəşəri dəyərlərin təbliğinə xidmət və bütün ölkələrin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə sadiqlik nümayiş etdirməkdir. Ölkəmiz qısa müddət ərzində qazandığı nüfuz və inama görə Qoşulmama Hərəkatının sədri seçildi. Prezident İlham Əliyev quruma üzv ölkələrin adından koronavirusa qarşı BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etdi ki, dünyanın 130-dan çox ölkəsi bu təşəbbüsü dəstəklədi və sonda bu beynəlxalq əhəmiyyətli tədbir uğurla baş tutdu. Azərbaycan yalnız COVID-19 ilə bağlı 80-dən çox ölkəyə maliyyə və humanitar yardımlar göstərdi. Belə ki, dünya 2020-ci ilin əvvəlində COVID-19 pandemiyasına məruz qaldığı bir zamanda Azərbaycan bu nüfuzlu təsisatda sədrliyinə məsuliyyətlə yanaşıb və pandemiya nəticəsində yaranan təhdidlərə vaxtında və adekvat cavab verilməsi üçün ciddi səylər göstərib. Ölkəmiz pandemiya ilə mübarizədə qlobal səylərin səfərbər edilməsi üçün bir sıra təşəbbüslər irəli sürüb. Belə ki, 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə Toplantısının keçirilməsi ideyasını reallaşdırıb. Bundan başqa, Zirvə Toplantısının praktiki nəticəsi olaraq Qoşulmama Hərəkatına üzv dövlətlərin əsas humanitar və tibbi ehtiyaclarını əhatə edən məlumat bazasının yaradılmasına dəstək göstərib.
Dünyanın ikili standartlara əsaslanan siyasəti fonunda Azərbaycan daha da möhkəmləndi, gücləndi, bütün istiqamətlərdə hazırlıq işlərini yüksək səviyyədə həyata keçirdi və münaqişənin həlli üçün möhkəm hüquqi baza yarandı. Azərbaycan 44 gün davam edən Vətən müharibəsində qazandığı şanlı qələbə ilə bütün dünyaya öz gücünü nümayiş etdirərək bəyan etdi ki, haqq savaşında özü öz torpaqlarını azad etmək iqtidarındadır. 30 ilə yaxın dövrdə yolumuzu gözləyən torpaqlarımıza qovuşmaq ölkəmizin malik olduğu imkanların, eyni zamanda, torpaq, Vətən sevgisinin təqdimatı oldu. Azərbaycan təkbaşına BMT qətnamələrini icra etdi, işğala son qoydu, ərazi bütövlüyümüzü təmin etməklə ədalətin və beynəlxalq hüququn mövcudluğunu dünyaya çatdırdı. Hazırda postmünaqişə dövrünün reallıqlarını yaşayırıq. Artıq dünya gücləri postmünaqişə dövrünün reallıqlarını qəbul etməklə yanaşı, fəaliyyətlərini buna uyğun şəkildə qururlar. Qoşulmama Hərəkatının üzv dövlətləri Azərbaycan xalqının ədalətli mübarizəsini dəstəkləyir. Azərbaycan dövlətlərin ərazi bütövlüyünün pozulmasının qətiyyən qəbuledilməz olduğunu hər zaman bildirib, bütün ölkələrin suverenliyi və ərazi bütövlüyü prinsiplərini tam dəstəkləyib. Məhz bu baxımdan sülhün, təhlükəsizliyin, beynəlxalq hüququn və ədalətin gücləndirilməsinə töhfə vermək üçün 2011-ci ildə Qoşulmama Hərəkatı ailəsinə qoşulub. Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqeyi onun xarici siyasət uğurlarının miqyasını genişləndirir, regionda və dünyada söz sahibliyini artırır. Artıq dünyanın aparıcı ölkələri regionda güclü, nüfuzlu Azərbaycan dövlətini yaxşı tanıyır və böyük hörmətlə yanaşır.
Ayaz Cəbrayılov,
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir